Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşdükdən sonra İrəvanda dar çərçivədə görüş keçirib. Bunu Ermənistanın yerli nəşrləri yazıb. Məlumata görə, hökumət başçısı müzakirə iştirakçılarına əldə olunan razılaşmaları ətraflı təqdim edib.
“Past” qəzetinin yazdığına görə, N.Paşinyan Azərbaycanla yekun sülh sazişinin mətni üzərində işin sürətləndirilməsini tapşırıb. Məlumatda bildirilib ki, saziş mətninin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır.
Nəşrin Xarici İşlər Nazirliyindəki mənbəsinin məlumatına görə, artıq bir aydan çoxdur ki nazirlikdə xüsusi qrup fəaliyyət göstərir və bütün diqqət bu məsələyə yönəlib.
Mövzu barədə fikirlərini Sfera.az-la bölüşən millət vəkili Asim Mollazadə bildirib ki, Paşinyan 44 günlük müharibədən sonra hər bir imkandan istifadə edərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa çalışır:
“Paşinyan sanki nələrinsə dəyişəcəyinə ümid edir və beləliklə, prosesdən və acı məğlubiyyətdən qaçmaq imkanının olacağını düşünür. Sonuncu Brüssel görüşündən sonra Paşinyanın üzərində yeni öhədəliklər var. Qısa müddətdə sülh sazişi üzərində çalışmaq üçün guya göstəriş verib, lakin baxaq görək, bu göstəriş nə qədər müddətdə yerinə yetiriləcək və nəticə necə olacaq?”.
Follow @7timesaz