Hakimiyyətə gəldikdən sonra həm şəxsi keyfiyyətləri ilə bağlı, həm də siyasi fəaliyyəti ilə əlaqədar yalnız uğursuzluqları ilə yadda qalan Paşinyan necə olur ki, bu qədər dirəniş göstərə bilir?
Hansı səbəblərdən bütün mövcudluğunu Azərbaycana qarşı amansız mübarizəyə və onun ərazilərini ilhaq etməyə həsr etmiş bir toplumun məğlubiyyətini rəsmiləşdirən şəxs bundan sonra da onun rəhbərliyində qala bilir? Demək olar ki, bütün dünya erməniləri tərəfindən kapitulyant adlandırılan Paşinyanı qoruyan gizli qüvvə kimdir?
Təbii ki, belə bir təsadüfi şəxsin hakimiyyətə gətirilməsi ilə bağlı bir çox qüvvələrin fərqli planları var idi. Ermənistanda uzun illər hakimiyyətdə olub klanlaşmış qüvvələrin ondan “Yusif Sərrac” obrazı kimi istifadə etmək planları artıq heç kimə sirr deyil. Ancaq bu planın məntiqi davamının gəlməməsi və bundan sonra da Nikolun seçkidə qalib gələrək hakimiyyətdə duruş gətirməsi prosesdə daha uzun əlin olduğunu deməyə əsas verir. 2020-ci ilin əvvəlində Münhen şəhərində ənənəvi olaraq keçirilən təhlükəsizlik konfransındakı Prezident İlham Əliyevlə debatda baş verənləri bütün dünya gördü. Baş nazirin simasında siyasi və diplomatik kapitulyasiyasının əsasının qoyulduğu Münhen konfransından sonra daha böyük hadisələr baş verdi və Ermənistan bütün istiqamətlərdə məğlubiyyətə uğradı. Bütün bu proseslərin baş verdiyi dönəmdə olduğu kimi qarşı tərəfin idarəetmə sükanı bu gün də Nikol Paşinyanın əlindədir. Süni olaraq qalib kimi qələmə verilən Ermənistanın acı məğlubiyyətindən sonra bir ildən artıqdır ki, ölkədə ictimai və siyasi təlatümlər davam edir və anarxiya hökm sürür. Paşinyana qarşı olan daxili və xarici qüvvələrin bütün imkanlarından istifadə edərək gərgin mübarizəsinə baxmayaraq, adam postundadır və hətta hər ay bir nazirin digəri ilə əvəzlənməsinə də nail olur. Bütün baş verənlərdə Paşinyana rəqib olan və Ermənistanda müxalif camiəni inhisarda saxlayan qüvvələrin keçmiş qanunsuz fəaliyyətləri ilə yanaşı, onların vəhşiliklərinin əks olunduğu mənzərənin ictimailəşdirilməsi də ciddi rol oynadı. Ancaq hər bir halda bu prosesdə zamanında haylara erməni adını verib regiona yerləşdirəcək qədər gücə sahib qüvvələrin iştirakı da görünməkdədir.
Görünən odur ki, Azərbaycan əsrlərin planını pozmağa nail olmaqla yanaşı, dünya üçün də vaz keçə və imtina edə bilmədiyi reallıq ortaya qoyub. Elə bir reallıq ki, onun şərtləri Azərbaycan dövlətinin və xalqının maraqları ilə yanaşı cənubi Qafqaz regionunun da daxil olduğu dünyanın maraqlarına xidmət edəcək. Azərbaycan yürütdüyü siyasətlə münaqişənin həllinə nail olmaqla yanaşı, həm də böyük maraqların toqquşduğu regionu, maraqların uzlaşdığı regiona çevirməkdədir. Baş verən bu proseslərin fonunda isə Ermənistanın özü və məkrli maraqları çox cılız və əhəmiyyətsiz görünür. Zamanında məkrli planla bağlanmış Zəngəzur dəhlizinin ermənilərin üzündən özünü doğrultmadığı bir dönəmdə, Azərbaycanın daha real siyasət ortaya qoyması dünyanın diqqətini cəlb etdi. Təkcə bizim deyil, ümumilikdə cənubi Qafqaz regionunun coğrafi xəritəsinin siyasi, tarixi və ilahi ədalətin bərpa olunması ilə yenidən tərtibatı məhz Azərbaycanın diktəsi ilə edilir. Dünyanın və regionda böyük maraqları olan güclərin qarşı çıxa bilmədiyi yeni reallıqların əks olunduğu 10 noyabr kapitulyasiya aktını imzalamaqla Paşinyan özünün hakimiyyətini təmin etmiş oldu. Çünki bu prosesin onsuz da baş verəcəyi ona izah edilmişdi. Ancaq həyatının qarantiyası isə həmin bəyanatın və ondan irəli gələn tələblərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə bağlıdır. Regionda ortaya qoyduğumuz yeni reallıqların əsas tərkib hissələrindən olan Zəngəzur dəhlizi və onun reallaşdırılmasında oynayacaq rolu Ermənistan Baş nazirinin hakimiyyət sertifikatıdır. Bu prosesin gecikdirildiyi hər gün Ermənistanla yanaşı elə onun iqtidarı üçün də ciddi şans itkisidir. Çünki hazırda baş verənlər də onu göstərir ki, Zəngəzur dəhlizi, hər bir halda reallaşmaqdadır və bunun qarşısını nəinki Ermənistan, ümumiyyətlə heç kim və ya heç nə ala bilməz!
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov
Follow @7timesaz