Qarabağdakı “artsax” adlı saxta qurum özünü buraxsa da, saxtakarlıq üyüdən erməni təbliğat maşını saz vəziyyətdə işindədir. Heç şübhəsiz, bundan sonra əsas mübarizəmiz nə separatçılıqla olacaq, nə də Ermənistan ordusu ilə. Dövlət və toplum kimi 1 saylı rəqibimiz xüsusən də xristian Qərbi öz əsirinə çevirmiş erməni yalan-palan maşını olacaq. Keçək mətləbə.
Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan hökumətin bugünkü iclasında deyib ki, sentyabrın 28-ə 66500 erməni Qarabağdan köç edib. İddiasına görə, onların böyük əksəriyyəti zorla çıxarılıb.
Təbii ki, ağ yalandır. Çünki Azərbaycan dövlətinin mövqeyi hamıya bəlli – təkcə sözdə yox, həm də əməldə. Dəlil-sübut da nə qədər istəyirsən – N qədər video görüntülərə qədər.
66500 rəqəmi də əlbəttə ki, uydurmadır. Antiterror tədbirinədək Qarabağda uzağı, 30-35 min erməni ola, ya olmaya idi. Bu minvalla İrəvan hökuməti rəqəmi tezliklə 200 minə çatdırsa, təəccüblənməyəsiniz.
Hədəf qaranlıq deyil. Nikol Paşinyan Azərbaycana təzyiq məqsədilə, iflas olan “blokada” tamaşasına bənzər yeni siyasi şou hazırlamaq istəyir. Xüsusən də bir həftə sonra – oktyabrın 5-də Qrenadada (İspaniya) keçiriləcək və İlham Əliyevin də qatılacağı liderlərin “beşli sammiti” ərəfəsində…
Təəssüf ki, bunlar hələ də ağıllanana oxşamırlar. Yoxsa hökumətin bugünkü iclasında Paşinyanın özü “Bir neçə günə Qarabağda bir erməni də qalmayacaq” söyləməz, ardınca Azərbaycanı sırtıqcasına yenə “etnik təmizlımə” siyasəti aparmaqda ittiham eləməzdi!
Gəlin, birdəfəlik yadımızda saxlayaq: bölgədə ədalətli sülh istəyən şəxs, yaxud ölkə heç vaxt bizə qarşı bu ifadəni işlətməz, Azərbaycanı “soyqırım”da suçlamaz. Bizim xalqı bu şəkildə aşağılamaz. İşlədirsə, dilə gətirirsə, demək ki, onu bölgədə əsla barışıq, sülh, dinclik maraqlandırmır.
Belə “yarlıq” xüsusən də hazırkı həssas dönəmdə, sülh müqaviləsi üçün unikal şans yarandığı vaxtda Azərbaycana yapışmaz, yapışmayacaq da. Əksinə, onun özü soyqırımı qurbanıdır. Əfsus, bu boyda həngamələrdən, faciələrdən, “miatsum” ideyasının tam iflas olmasından sonra da erməni rəhbərlər tarixdən dərs götürməyə tələsmirlər…
Aydındır ki, Paşinyan iki səbəbdən Qarabağın ermənisiz qalmasını arzulayır: 1. Rusiya sülhməramlıların orada olmasına daha lüzum olmasın və ardınca Ermənistandakı rus hərbi bazasını da ölkədən çıxarsın; 2. Azərbaycana qarşı beynəlxalq səviyyədə güclü təzyiq rıçağı əldə edib, kritik sülh danışıqlarında Bakının hansısa güzəştinə nail olsun.
Nikolun birinci arzusunun gerçəkləşəcəyi istisna deyil. Rusiya hərbi kontingenti Qarabağdan hətta 2025-ci ildən xeyli tez çıxa bilər və bu, Azərbaycanın da marağındadır. Eləcə də Gümrüdəki Rusiya hərbi bazasının bağlanması. Hər necə olmasa, rus əsgərinin olduğu yerdə ot bitmir.
Amma və lakin Azərbaycanı törətmədiyi “genosid”də ittiham edib ona qarşı beynəlxalq sanksiyaların tətbiqinə çalışmaq?! Bu mümkünsüz. Qulaqlarının dibini görəndə belə şeyi də görərlər…
Qarabağdan dinc erməni köçünə gəlincə, əslində ilahi ədalət bərpa olunub. Çünki nəhayət, Qarabağ erməniləri ilə Qərbi Azərbaycandan (Ermənistan) qovulan 270 minlik soydaşımızın durumu bərabərləşib. Hörmətsiz haylar, indi gəlin oturub hər iki icmanın geri dönüşünü, simmetrik statusunu müzakirə edək. Etirazımız yoxdur, Qərbi azərbaycanlılara Ermənistan tərkibində hansı siyasi status, muxtariyyət tanınacaqsa, eyni statusu Qarabağ ermənilərinə tanımağa hazırıq. Hələ vaxt var. Olmayan papaqlarınızı qarşınıza qoyun, yaxşı-yaxşı fikirləşin…
Qayıdaq növbəti təptəzə erməni yalanına.
“Artsaxa qarşı aparılan genişmiqyaslı müharibə nəticəsində insanların zorla köçürülməsi və mülkiyyət hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə yüz minlərlə iddia təqdim olunacaq ki, bu da özündə Azərbaycandan təzminat tələblərini ehtiva etməlidir”.
Bunu özünü hüquqşünas sayan erməni Siranuş Saakyan bildirib.
“Biz indi faktları toplayırıq. Məcburi köçkünlük beynəlxalq cinayətdir. Biz Roma Statutunun ratifikasiya proseslərini yaxından izləyirik və bu baxımdan Beynəlxalq Cinayət Məhkəməsinin mexanizmlərini işə salmaq fürsətini əldən verməmək üçün cinayət məlumatları da toplanacaq. Bu günlərdə Azərbaycan silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla törədilmiş qətl hadisələri də araşdırılır”, -Siranuş daha sonra çərənləyib.
İştahasına diqqət elədiniz bu axmaq axçinin yəqin ki. “Amansız qətllər…”, “AİHM-yə yüz minlərlə şikayət…” Təsəvvürə gətirin, Qarabağda üst-üstə, nəzəri olaraq cəmi 120 min erməni yaşayıb (onun da 30 mini uşaq), bu isə yüz minlərlə müraciətdən dəm vurur!
İkincisi, heç vaxt Azərbaycan vətəndaşı olmayanlar görəsən Azərbaycandan necə və hansı haqla təzminat tələb edə bilərlər? Axı hamı bilir ki, Qarabağdan gedənlər ya Ermənistanın, Rusiyanın pasportunu daşıyır, ya da artıq buraxılan mifik “artsax”ın “vətəndaşları”dır. Yəni onlar nə vaxt bizim qanunları, Konstitusiyanı, ərazi bütövlüyümüzü və suverenliyimizi saya saldılar ki, Azərbaycan dövləti də öz vətəndaşları kimi onların hansısa pozulan haqqına görə təzminat ödəsin?
Yeri gəlmişkən, az öncə rəsmi İrəvan bəyan eləmişdi ki, Qarabağdan köç edən ermənilərə qaçqın statusu veriləcək. Yenə absurd. Beynəlxalq konvensiyaya görə, belə status yalnız başqa ölkədən qovulanlara tanınır. Ermənistan öz vətəndaşlarına, yaxud tanınmayan qeyri-legitim s”arsaq vətəndaşları”na necə qaçqın statusu verə bilər? Onlar öz əlləri ilə bu statusdan da özlərini çoxdan məhrum ediblər. Həmçinin, Rusiya vətəndaşlığı olan ermənilərə qaçqın statusu verə bilməz, çünki onlar Rusiyadan qovulmayıb.
Ümumiyyətlə, onları heç kim qovmayıb. Azərbaycan normal dövlət kimi, sadəcə, qanuni və haqlı tələbini səsləndiirb ki, ya bizim vətəndaşlığı qəbul etsinlər, ya da yol açıqdır. O da həmişəlik yox…/MUSAVAT.COM
Follow @7timesaz