Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, sözügedən hadisə ötən gün axşam saat 18:40 radələrində baş verib. Məlumata görə, sıra gözləyən şəxslərdən biri poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib.
7times.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, həmin şəxsin kimliyi məlum olub:
“Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun 90-cı illərin Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməsi ilə bağlı dedikləri yalandır. Həmin vaxt onun 16 yaşı olub. Vətəndaşın törətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır”.
“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – deyə DİN rəsmisi qeyd edib.
AZXEBER.COM-un redaksiyası ilə əlaqə saxlayan və insidenti törədən Ceyhun Ağayev hadisənin necə baş verdiyini danışıb. O, dövlət qrumlarının açıqlamalarını qəbul etmədiyini və Qarabağ qazisi olmadığını, sadəcə döyüşlərdə iştirak edərək yaralandığını bildirib.
Həmin müsahibəni təqdim edirik:
– Hadisə necə baş verib?
– Saat 2 radələrində mən poliklinikaya yaxınlaşdım və növbə tutdum. Mənə 787-ci sıranı verdilər. Soruşdum ki, xanım, növbə çoxdur, əgər gözləməyə dəyərsə, mən gözləyim. Mən xəstə adamam, dayana bilmirəm. Gözləməyə dəymirsə, gedim sabah gəlim. Dedi, yox, gözləyin. Saat 5 idi, gördüm hələ adam çoxdur, mənə də növbə çatmır. Bir daha soruşdum, əlindəki siyahını göstərdi, dedi sizin adınız artıq içəri gedib, narahat olmayın. Siyahıda adı içəri gedənlərin hamısı bu gün keçəcək. Artıq saat 6 idi, yoldaşımla oturmuşduq. İçəridən bir xanım iynə vurdurub çıxdı, gəlib yoldaşıma dedi ki, ay bacı, nə gözləyirsiniz, həkimlər çıxıb gedib. Dedim, ola bilməz axı, bizə deyiblər ki, keçəcəksiniz. Artıq saat 7-yə işləyirdi, yaxınlaşdım, orada da bir kişi var idi. Bilmədim könüllü kömək edirdi, ya işçi idi. Dedi ki, bağladılar getdilər. Dedim bəs belə olmaz axı, kimsə çıxıb bizə məlumat versin, sabahdan da işə vaksin pasportu olmadan icazə verməyəcəklər. İçəridə də nə edirlər, nə danışırlar, eşitmirəm. Qapını bir neçə dəfə döydüm. Özüm də ruhi-əsəb xəstəsiyəm, hazırda da Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatdayam. Sənədim də var. Əsəbləşdim, vurub şüşəni qırdım. Əlim, qolum da kəsildi.
Girib dedim ki, kimisə çağırın. Telefonu götürüb çəkmək istədilər. Dedim aparın polisə də göstərin. Mən haqqımı tələb edirəm. İş vaxtınız saat 7-yə qədərdir, amma hələ saat 7 deyil, bağlayırsınız.
– Poliklinikanın şüşəsini qıranda xəsarət alan oldu?
– Deyirlər ki, 3 həkim xəsarət alıb, bu da yalan söhbətdir. Sadəcə qadın telefonla çəkəndə mənim yoldaşım onun telefonunu əlindən almaq istədi, mən qoymadım. O da mənim yoldaşımın saçını yoldu. Mən də dedim, heç nə olmaz, qadındılar. Mən orada heç kimə əl qaldırmamışam, təhqiramiz söz də deməmişəm. Sadəcə tələb etmişəm ki, bir nəfər çıxsın bizi başa salsın.
– Bu hadisə ilə bağlı polisə çağrılmısınız?
Çıxıb gördüm polislər gəlir. Polisin qarşısına keçib dedim ki, cənab mayor, mənə görə gəlmisinizsə, gəlin gedək. Mən də şöbəyə gedirəm, şüşəni mən qırmışam. Dünəndən də şöbədə iş gedir. İndi gəlib məndən sənədləri istədilər, harasa aparmaq üçün. Aparıb yoxlasınlar, mən yalan danışmıram.
-Sizdən hansı sənədləri istədilər?
Yaralanmağımla bağlı sənədi, yəni Birinci Qarabağ Müharibəsində yaralanmağımı təstiq edən sənəd. Mən 1993-cü ilin iyulunda, Ağdam işğal olunan gün Ağdamın Əhmədabad kəndində yaralanmışam. Bir də Müdafiə Nazirliyindən də mənim yaşımla bağlı bir məlumat yayıllıb. Mənim 1993-cü ildə 15 yaşım olub, bunu gizlətmirəm. Mən 15 yaşımda döyüşmüşəm. Mən orada demişəm ki, müharibədə can qoymuşam, demədim mən qaziyəm, demişəm canımı qoymuşam, bu da sizin bizə qoyduğunuz hörmətdir. Mənim yaralanmağım haqqında da, hosbitallarda yatmağım haqda bütün sənədlər var. O sənəd də qanuni sənədlərdir.
– Sizə qarşı hər hansı cinayət işi açılıb?
İzahatımı alıblar, oturmuşam, deyirlər hələ gözləyin. Dedilər şüşəni qırmışam, dedim əsəbləşib qırmışam, müdirimdən xahiş edərəm pul verər, düzəltdirərəm.
Ceyhun Ağayev redaksiyamıza xəstə olduğunu iddia etdiyi sənədlərin bir qismini də göndərib.
Follow @7timesaz