“Kremlin Priqojinin dəfnilə bağlı məlumatı yoxdur, Prezident Vladimir Putinin dəfndə iştirakı nəzərdə tutulmur”.
“AzPolitika.info” xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov əlavə edib ki, Priqojinin nə vaxt və harada dəfn edilməsilə bağlı qərarı onun ailə üzvləri və yaxınları verir, Kreml isə bu məsələyə qarışmır.
Lakin belə görünür ki, Rusiya hakimiyyəti Priqojinin dəfnində kütləvi toplaşmanın qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə edir. İlk növbədə dəfnin vaxtı və yeri barədə məlumat gizlədilir. Rusiya media resursları və sosial şəbəkələri bildirirlər ki, Sankt-Peterburqda dəfn ediləcək Priqojinin məhz hansı qəbristanlıqda torpağa tapşırılacağı bilinmir. Eyni zamanda şəhərin bir neçə qəbristanlığında hazırlıq işləri görülür ki, bu da dəfnə qatılmaq istəyənləri çaş-baş salır.
Bununla yanaşı, Priqojinin bu gün dəfn ediləcəyi ilə bağlı yayılan qeyri-rəsmi xəbərlər Sankt-Peterburqda artıq böyük tıxaca səbəb olub. İnsanlar gül dəstələri ilə Priqojinin dəfn olunması gözlənilən Serafimov qəbristanlığına doğru axışırlar. Onların arasında çoxlu sayda “Vaqner” komuflyajında olan şəxslər var. KİV-lər xəbər verir ki, sözügedən qəbristanlığa doğru gedən avtomobil yolları polis tərəfindən bağlanıb. Həmçinin, dünən axşamdan məhz bu qəbristanlıqda polisin keşik çəkdiyi barədə xəbərlər var.
Ancaq bəzi digər mənbələr dəfn mərasiminin Serafomov yox, Sankt-Peterburqun şimal qəbristanlığında baş tutacağını bildirirlər. Həmin qəbristanlıqda “Vaqner”-i təmsil edən şəxslərin göründüyü qeyd olunur.
Beləliklə, Sankt-Peterburqda baş verənlər Kremlin Priqojinin dəfnini mükün qədər kütləvi axın olmadan, səs-küysüz keçirmək istədiyini göstərir. Kreml qorxur ki, bu mərasim Rusiya hakimiyyətinə qarşı kütləvi etiraz tədbirinə çevrilə bilər.
Follow @7timesaz