Laçın Rayon Prokurorluğu Laçında minaya düşərək xəsarət alan “Azərişığ”ın əməkdaşı ilə bağlı açıqlama yayıb.
7times.az xəbər verir ki, açıqlamada deyilir:
“21 noyabr 2021-ci il tarixdə Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” ASC-nin əməkdaşı Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.
Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır”.
Follow @7timesaz