Dünya

Putin Berdiməhəmmədovu inandırmaq istəyir: Türkmənistan uğrunda savaş yeni mərhələyə keçir – TƏHLİL

Putin Berdiməhəmmədovu inandırmaq istəyir: Türkmənistan uğrunda savaş yeni mərhələyə keçir – TƏHLİLbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Asiyanın enerji resursları ilə zəngin ölkəsi olan Türkmənistan beynəlxalq sistemdəki rəqabətin episentrinə gətirilir.

Türkmənistanın yeni prezidenti Sərdar Berdiməhəmmədov ölkənin potensialına görə aparılan hibrid müharibənin xarakterini anlamaq üçün ilk xarici səfərini Rusiyaya etdi və Kremldə Vladimir Putinlə görüşdü.

Sərdar Berdiməhəmmədov siyasətdə yenidir və görünür ki, Vladimir Putin onu ram edərək bundan sonrakı siyasətini Kremlin maraqlarına cavab verən tələblər səviyyəsində qurmaq üçün inandırıcı və şirnikləndirici dəlillər təqdim edir.

Rusiya ilə Türkmənistan arasında münasibətlərin şkalası artan xətt üzrə inkişaf edir və bununla da Kreml Türkmənistan və Mərkəzi Asiya bazarlarında, xüsusilə də enerji sektorunda iştirak payını artırmağı qarşısına məqsəd qoyur.

Beynəlxalq siyasi sistemdə və qlobal iqtisadi tabloda təklənən Rusiya üçün Türkmənistan coğrafiyası alternativ gəlir mənbəyi rolunu oynamaqda davam edir və bu, tərəfləri enerji, sənaye, nəqliyyat, logistika, ticarət, maşınqayırma və kənd təsərrüfatı sahələrində əməkdaşlığını prioritet olaraq önə çıxarır.

Hərçənd ki, qlobal nəhənglərin əlini gücləndirən qaz amilinə görə Qərb Türkmənistan qazının Avropaya çıxarılması üçün hesablamalar və məsləhətləşmələr aparır. Ancaq Berdiməhəmmədovun üzünü ilk olaraq Rusiyaya tutması onun situativ olaraq Moskvanı seçdiyi anlamını verir, Kreml də bunu daimi hala çevirməyin düsturlarını arayır.

Putin bu səbəblərdən dolayı türkmənistanlı həmkarını isti qarşılayıb, xoş atmosferin özü də təcrübəsiz Berdiməhəmmədovu Kremlin təlimatları əsasında addımlar atmağa təşviq edə bilən mövqeyə gətirə bilər.

Türkmənistanı Rusiyadan asılı edən səbəb var, bu, onun idxal etdiyi mallarla əlaqəlidir. Dünyanın qapalı ölkələrindən biri kimi status qazanan Türkmənistan Rusiyadan avtomobil, dəniz və aviasiya texnikaları alır.

İqtisadi asılılıqdakı parametrlər Rusiya şirkətlərinə Türkmənistanda iqtisadi layihələrdə fəal iştirak etmək imkanı qazandırır.

Bunun uzunmüddətliliyini təmin etmək üçün Rusiya ilə Türkmənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi vacibdir, elə Putin-Berdiməhəmmədov görüşündə də bu istiqamətlər üzrə bəyannamə imzalanıb.

Bu bəyannamə Rusiyaya Qərbin Türkmənistana uzanan əlini “sındırmaq” məqsədlərini həyata keçirməyə yardımçı olacaq, hərçənd ki, Aşqabad da bu zamana qədər özünün ağırlıq oxunu tamamilə Rusiya tərəfinə əyməyib.

Lakin Ukraynadakı müharibə Rusiyanı Türkmənistanla bağlı birbaşa yanaşmalar hazırlamağa təhrik edir ki, bu da Aşqabadın tərəzisinin gözündə Moskvanın çəkisini artıra bilər.

Qərb Rusiya-Türkmənistan əlaqələrinə yeni formanın verilməsindən məmnun qalmayacaq və Rusiyanın regionda “belinin qırılması” üçün çalışacaq.

Türkmənistan bir kəndirdir və Rusiya ilə Qərbin həmin ipi özünə çəkməyinin mayası enerji rəqabəti ilə yoğrulub.

Belə ki:

– Qərb Türkmənistan qazının Avropaya çıxarılması ilə Rusiyanın Avropadakı enerji hegemonluğuna son qoymaq istəyir (Transxəzər layihəsi),

– Rusiya isə TAPI layihəsinə (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) sərmayə yatırmaqla Qərbi xam xəyallarda boğmaq istəyir. Burada məqsəd Qərbə mesajdır, bu baxımdan Rusiya Hindistana qaz tədarükünü artırmağı hədəfləyən enerji layihəsinə dəstəyini ifadə edir.

– TAPI boru kəməri Qərblə Rusiya arasında qarşıdurmanı gücləndirəcək. Türkmənistanın əhəmiyyəti artsa da, o, poliqon roluna namizəddir, çünki qaz yataqlarına dikələn nəzərlər onun milli və enerji təhlükəsizliyini təhdid altına gətirir.

Berdiməhəmmədovun Kremlə təşrif buyurmasından çıxan NƏTİCƏ:

1. Rusiya ilə Türkmənistan ortaq strateji maraq yaratmağa çalışır,

2. Türkmənistan TAPI enerji layihəsinin uğurunu təmin etmək üçün resurslarını Rusiya ilə koordinasiyalı şəkildə səfərbər edəcək,

3. Aşqabad Qərb-Rusiya faktorları ilə düzgün balans tapmaq çağırışları ilə üzləşməkdə davam edəcək.