Dünya

“Putin buna məcbur idi, bu da alınmasa…” – Səfərbərlik onun son silahlarından biri idi

“Putin buna məcbur idi, bu da alınmasa…” – Səfərbərlik onun son silahlarından biri idibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasında qismən səfərbərlik elan olunub. Bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində bildirib.

Bu müraciətdən dərhal sonra isə Rusiyada müharibə əleyhinə genişmiqyaslı aksiyaların hazırlıqları başlayıb. Aksiya təşkilatçıları Rusiya Prezidenti Vladimir Putini ölkədə səfərbərlik elan edilməsi ilə bağlı qərarını ləğv etməyə çağırıblar: “Atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin qurbanı olacaq. Bu kimə lazımdır? Putinin maraqlarına görə uşaqlarımız ölür”.

Baş verənləri Sfera.az-a şərh edən politoloq Turab Rzayevin sözlərinə görə, Rusiya hakimiyyəti uzun müddətdir həm xalqı, həm də dünyanı müxtəlif bəhanələrlə inandırmağa çalışır ki, baş verənlər sadəcə xüsusi əməliyyatdır, Ukraynada hakimiyyəti bir neçə nasist ələ keçirib və guya ruslar həmin nasistləri təmizləyəcəklər:

“Beləliklə, hər dəfə əməliyyatların müharibə olmadığını söyləməyə çalışırdılar. Əslində, Rusiya xalqı da bu addımı dəstəkləyirdi. Çünki rus xalqı düşünürdü ki, Putin Ukraynada sadəcə əməliyyat keçirir və onlar bunu gündəlik yaşamlarında hiss etmirdilər. Bir müddət öncə söyləmişdim ki, xalq o zaman müharibəyə etiraz edəcək ki, müharibə Rusiyanın bir-iki vilayətinə sıçrayacaq, onda rusların özü qaçqınlıq yaşayacaq, mülki əhali arasında ölüm halları olacaq. İndi isə xalq müharibə olduğunu anlamağa başlayır. Əhali “xüsusi əməliyyat” nağılının nə olduğunu dərk etdi. Çünki Rusiyanın əlində olan hərbi imkanlar Ukraynanı işğal etmək üçün kifayət deyildi. Bu, zaman keçdikcə özünü daha çox göstərdi. Mümkün etirazların qarşısını almaq üçün isə söylədilər ki, xarici ölkələrdən muzdlu döyüşçülər gətirəcəyik. Hətta Suriya və digər ölkələrdən belə döyüşçülər gətirdilər, amma bu kifayət etmədi. Belə olduqda isə Putin məcbur qalıb qismən səfərbərlik elan etdi”.

Politoloq düşünür ki, indiki tədbirlər də yetməsə, Rusiya məcburdur ki, tam səfərbərliyə getsin:

“Bundan sonra isə Rusiyanın başqa resursu qalmır. O zaman gərək nüvə silahından istifadə etsin, bunun da effektiv olacağı şübhəlidir, Artıq Rusiyaya sanksiyalar qoyulub, rus vətəndaşları da xarici ölkələrə çıxa bilmir. Ona görə də əhali arasında böyük bir narazılıq var. Bunun da üzərinə insanların məcburi şəkildə döyüşə aparılması, onların həlak olması və meyitlərin ailələrinə gətirilməsini əlavə etsək, daha çox insanda narazılıq yaranacaq. Bütün bunlar da rus xalqını küçələrə çıxmağa sövq edəcək”.

Putinin Qərbi təhdid etməsin gəlincə, politoloq vurğulayıb ki, Rusiya prezidentinin bu təhdidləri dilə gətirmək səbəbi bəllidir:

“Məlumdur ki, Qərb dövlətləri, xüsusilə, Anqlo- Sakson Bloku-ABŞ və Böyük Britaniya Ukraynanı həm silah, həm canlı qüvvə, həm də maddi baxımdan təmin edirlər. Onlar Ukraynanı daha çox müasir silahla, maliyyə vəsaiti və muzdlu döyüçü ilə təmin etdikcə Rusiya müqavimət göstərə bilmir, resursları kifayət etmir. Bu baxımdan Putin Qərbi təhdid edir ki, onları Ukraynaya dəstək göstərməkdən çəkindirsin. Putinin növbəti planı isə budur ki, qışı gözləsin və soyuq qışdan əziyyət çəkən Avropa ölkələrinin birliyini pozsun”.