Rusiya Prezidenti Vladimir Putin dronların Moskvaya hücumunu şərh edib. O bildirib ki, bu zərbə Ukraynanın hərbi kəşfiyyat qərargahına edilən zərbəyə cavabdır. Putinin sözlərinə görə, Moskvanın zərbələri zamanı Ukraynanın PUA hücumlarından fərqli olaraq, yüksək dəqiqlikli silahlardan istifadə olunur.
Prezidentin dedikləri dövlət xəbər agentlikləri tərəfindən yayımlanıb. Moskva ilk dəfədir ki, bir neçə gün əvvəl Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin qərargahına hücum etdiyini iddia edib. Kiyev isə belə bir hücum barədə məlumat verməyib.
Putin ilk açıqlamanı Rusiyaya zərbələr endirildikdən dərhal sonra verib. O, bəyan edib ki, Kiyev qəsdən mülki hədəflərə hücum edib və bu terror aktıdır. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Moskvada yaşayış binalarını vuran üç pilotsuz təyyarənin elektron mübarizə vasitələri ilə zərərsizləşdirildiyini bəyan edib.
Putin deyib ki, Ukrayna Moskvanı vurmaqla onu əks zərbələrə sövq edir. Amma Prezident zərbələrin nədən ibarət olacağını dəqiqləşdirməyib.
Xatırladaq ki, Rusiya ordusu təkcə bu ilin may ayında Kiyevə ən azı 17 dəfə hücum həyata keçirib. Kiyev şəhərə gecə hücumu zamanı 31 pilotsuz uçuş aparatının 29-nun vurulduğunu bildirib.
Mayın 30-da səhər saatlarında Moskvaya bir neçə PUA tərəfindən zərbə endirilib. Onlardan üçünün yaşayış binalarına dəydiyi, qalanlarının vurulduğu iddia edilir.
İddialara görə, şəhərə hücum edən pilotsuz təyyarələrdən biri Putinin Novo-Oqaryovodakı iqamətgahı yaxınlığında yerə düşüb.
Follow @7timesaz