Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəni dayandırmamaq üçün özünü çıxılmaz vəziyyətə salıb.
Bu barədə ABŞ-nin Müharibənin Tədqiqi İnstitutu (ISW) son hesabatında bildirib. Analitiklərə görə, müharibənin başa çatdırılması, xüsusilə də maksimalist məqsədlərə çatılmadan, həm Rusiya ordusu, həm də ictimaiyyət üçün məğlubiyyət kimi qəbul olunacaq.
“ISW” qeyd edir ki, Kreml uzun illər ərzində cəmiyyətdə müharibəyə dəstək ruhunu sistemli şəkildə formalaşdırıb. Ukraynadakı işğalçı müharibə Rusiyanın mövcudluğu üçün həyati zərurət kimi təqdim olunub. Bu ideya həm dövlətin nəzarətində olan, həm də nisbətən müstəqil sorğu təşkilatları vasitəsilə yayılıb.
2025-ci ilin əvvəllərində keçirilmiş rəy sorğularına əsasən, əhalinin əksəriyyəti Ukraynadakı hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyir.
Hesabatda bildirilir ki, Putin iqtisadiyyatı da müharibədən asılı vəziyyətə salıb. Hazırda Rusiyada daxili istehsalın mühüm hissəsi birbaşa hərbi-sənaye kompleksinə bağlıdır. Müdafiə xərclərinin azaldılması, “ISW”-nin fikrincə, orta müddətli perspektivdə iqtisadi geriləməyə səbəb ola bilər.
Bütün bunların fonunda “ISW” vurğulayır ki, Ukraynadakı müharibə Putin rejiminin həm siyasi, həm də iqtisadi dayağına çevrilib. Müharibə nə qədər yüksək insan itkisinə və iqtisadi təzyiqlərə səbəb olsa da, bu, Kremlin rejiminin davamlılığı üçün alət funksiyasını daşıyır.
ISW analitikləri bildirir:”Putin Rusiya cəmiyyətində özünün hərbi məqsədlərinə sadiqliyi qəsdən formalaşdırıb və bu məqsədlərə çatmadan geri çəkilmək və ya sülh razılaşması imzalamaq üçün heç bir zəmin yaratmayıb”.
“AzPolitika.info”
Follow @7timesaz