Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatları dayandırmaq niyyətində deyil və yalnız Qərbin Moskvanın irəli sürdüyü şərtlərlə danışıqlara hazır olduğu halda sülhə razılaşa bilər.
“7Times.az” bildirir ki, bu barədə “Reuters” agentliyi Kremlin yüksək vəzifəli şəxslərinə yaxın olan üç mənbəyə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Putin ABŞ Prezidenti Donald Trampın yeni sanksiyalarla bağlı hədələrini də ciddi qəbul etmir. Mənbələrin sözlərinə görə, Rusiya lideri hesab edir ki, həm ölkə iqtisadiyyatı, həm də silahlı qüvvələri Qərbin əlavə təzyiqlərinə davam gətirəcək gücdədir. “Putin düşünür ki, ABŞ də daxil olmaqla, heç kim onunla Ukraynada sülh danışıqlarının detalları barədə ciddi söhbət aparmayıb və bu səbəbdən Moskva istədiyini almayana qədər müzakirələri davam etdirmək niyyətindədir”, – deyə mənbələrdən biri bildirib.
Xatırladaq ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp Rusiya ilə sülh razılaşmasının 50 gün ərzində əldə olunmaması halında Moskvaya və onun ticarət tərəfdaşlarına qarşı “çox sərt gömrük rüsumları” tətbiq ediləcəyini bəyan edib. Tramp eyni zamanda Ukraynaya “Patriot” zenit-raket komplekslərinin də daxil olduğu əlavə hərbi yardımın göstəriləcəyini açıqlayıb.
Bundan əvvəl Tramp Rusiya Prezidentinin atəşkəsə razılıq verməməsindən məyus olduğunu bildirmiş və qeyd etmişdi ki, məqsədi müharibəni tezliklə dayandırmaqdır.
Buna cavab olaraq Kremlə yaxın mənbələr “Reuters”-ə bildiriblər ki, Putin Qərbin təzyiqi ilə müharibəni dayandırmaq fikrində deyil. Əksinə, Rusiya ordusunun cəbhədə irəliləməsi fonunda Kremlin ərazi iddialarının da arta biləcəyi istisna olunmur.
Hazırda Moskva atəşkəs və sülh müqaviləsi üçün bir sıra şərtlər irəli sürür. Onların sırasında Ukraynanın dörd vilayətindən – Donetsk, Luqansk, Zaporojye və Xersondan qoşunlarını tam şəkildə çıxarılması əsas tələb kimi qeyd olunur.
“AzPolitika.info”
Follow @7timesaz