Rusiya Federasiyasının prezidenti Vladimir Putin gələn ilin əvvəlinə qədər Rusiya ordusundakı əsgərlərin sayının 137 min nəfər artırılması haqqında qərar imzalayıb. O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin 1 milyon 150 min 628-i əsgər olmaqla 2 milyon 39 min 758 nəfər olmasını əmr edib. Yeni qərara əsasən, 2023-cü ilin əvvəlinə qədər Rusiya ordusundakı əsgərlərin sayı 137 min nəfər artacaq.
Maraqlıdır, Rusiyanın ordunu genişləndirmək planı Ukraynadakı müharibənin gedişatını dəyişə bilərmi?
Sfera.az bildirir ki, Britaniya Müdafiə Nazirliyi bu addımın Ukrayna müharibəsinə təsir etməyəcəyini açıqlayıb və bunu qismən “müharibədə itkilər”lə əlaqələndirib.
Qurum qeyd edib ki, əlavə kadrların qəbulunun könüllülərlə, yoxsa icbari hərbi xidmət çərçivəsində aparılacağı bəlli deyil. Britaniya Müdafiə Nazirliyi Putinin fərmanı ilə atılacaq addımların Ukraynada balansı dəyişməyəcəyini bu cür izah edib:
1. Rusiya ordusu Ukraynada on minlərlə əsgərini itirib
2.Məcburi hərbi xidmətlə yanaşı, yeni çağırışçılar çox aşağı səviyyədədir
3.Hərbi xidmətə çağırılanların Rusiyadan kənarda xidmət etmək öhdəliyi yoxdur
Bildirilib ki, Rusiyada 18-27 yaş arası kişilər bir illik məcburi hərbi xidmətə cəlb olunurlar, lakin tələbə olduğunu sübut edən və ya səhhətində problem olanlar icbari hərbi xidmətdən azad edilir.
Xatırladaq ki, Qərb ölkələrinin hərbi mənbələri Rusiyanın Ukraynada 6 ay davam edən işğalında təxminən 70-80 min əsgərin öldüyünü və ya yaralandığını bildirir.
Qeyd edək ki, bundan öncə 17 noyabr 2017-ci il tarixli əvvəlki qərara əsasən, 2018-ci ilin əvvəlinə qədər Rusiya Silahlı Qüvvələrində 1 milyon 13 min 628-i əsgər olmaqla ümumilikdə 1 milyon 902 min 758 şəxsi heyətin formalaşdırılması əmri verilmişdi.
Follow @7timesaz