“Kreml düşünür ki, Ukraynanı danışıqlara məcbur etməyin yolu kütləvi hücuma keçməkdir”
Putin Ukraynada başlatdığı müharibədə gözlədiyi nəticəni əldə edə bilməyib və işğal etdiyi ərazilərdə möhkəmlənə bilmədiyini və bunun qələbə olmadığını artıq anlayır.
Ekspertlərin fikrinə görə müharibənin uzanmasını istəməyən Rusiya öz şərtləri daxilində Kiyevi sülhə məcbur etmək üçün bütün cəbhə boyu geniş miqyaslı hücuma keçməyə və Ukraynanın iri şəhərlərini raket atəşinə tutmağa hazırlaşır. Bu baxımdan əlamətdar günlərə xüsusi önəm verən Kreml üçün 24 vavqust tarixinin – Ukraynanın Müstəqillik Gününün xüsusi önəmi var.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.info” portalı “Putinin Pirr qələbəsi və ya nə üçün Rusiyaya 24 avqustda hücuma keçmək lazımdır” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.
Həmin məqaləni təqdim edirik: “Hazırlıq planı baxımından Rusiyanın son aylardakı davranışları göstərir ki, onlar şərqdən qərbə kimi bütün Ukrayna ərazisini kompleks şəkildə ballistik raketlərdən atəşə tutacaqlar.
Həmçinin rusiyalılar Belarus ərazisinə “S-300”, ”S-400”, ”İskander” raketləri, əlavə aviasiya kontingenti, raket sistemləri və çoxlu sayda silah və mərmilər gətiriblər. Ona görə də 23-25 avqustda Rusiya tərəfdən gərginliyin artırılmasında Belarusun da iştirak edəcəyi gözlənilir.
Putin Şoyqunun qarşısında 24 avqustda Luqansk və Donetsk vilayətlərinin tam zəbt olunması və Ukrayna güclərinin cənub və Xarkov istiqamətlərindən sıxışdırılması tapşırığını qoyub.
Bütün diqqətlərin Donbasa cəmləşdirilməsi ilə Putin göstərir ki, onlar lokal tapşırıqları yerinə yetirməklə Ukraynanı Rusiyanın sülh şərtlərinə məcbur etmək istəyirlər. Çünki ruslar düşünürlər ki, bu, danışıqların mühüm predmetinə çevrilə bilər.
Elə məhz buna görə də Putin bütün hərbi birləşmələri Donbasda hücum əməliyyatını gücləndirmək, Baxmut, Avdeyevka və həmçinin Kramatorsk istiqamətində irəliləmək üçün səfərbər edir.
Digər tərəfdən bu, Putinə ona görə lazımdır ki, Ukrayna ordusu Zaporojye və Xerson istiqamətlərində irəliləməsin. Belə ki, Rusiya həmin istiqamətlərdə öz kontingentlərini gücləndirir və cəbhəyə “Qrad”, ”Uraqan”, ”Smerç” və “İskander” raketləri ilə yanaşı yeni növ silahlar da yollayır. Rusiya həmçinin, Belarus istiqamətinə aviasiya və silahlı qüvvələr göndərməklə Ukranaya təhlükə yaradır.
Yəni, Rusiya kütləvi hücuma keçməyə hazır olduğunu bariz şəkildə nümayiş etdirir. Onlar Donbasdakı “xüsusi hərbi əməliyyat”ın digər istiqamətlərdə də həyata keçiriləcəyini göstərməklə ukraynalıları qorxutmaq fikrindədirlər. Eyni zamanda, Putin müxtəlif kanallarla, istər qeyri-rəsmi və istərsə də Ərdoğan, Quterreş kimi vasitəsiçilərin köməyi ilə rəsmi şəkildə danışıqlara hazır olduğunu bildirir.
Lakin Rusiya istəyir ki, danışıqlar prosesində Krımın, “dxr” və “lxr”-in işğalının tanınması və ola bilər ki, zəbt olunmuş Xerson vilayətinin, Zaporoje və Xarkov vilayətlərinin bir hissəsinin statusu barədə müəyyən müzakirələr aparılsın.
Putin anlayır ki, strateji baxımdan proses onu məğlubiyyətə sürükləyir, ona görə də danışıqlara getməyə çalışır. Amma o, bu danışıqları öz şərtləri daxilində keçirmək niyyətindədir.
Bəs, öz şərtlərini ukraynalılara necə qəbul etdirməli?
Bunu yalnız qlobal hücum əməliyyatları təhididi ilə etmək mümkündür. Rusiyanın böyük ehtiyatları yoxdur, amma raket kompleksləri, aviasiyası( döyüşə göndərilməyən yeni təyyarələri də nəzərə alaq) var. Rusiyaya 24 avqustda güclü hücuma keçmək lazımdır. Yəni Rusiya nəinki hərbi, eləcə də iri şəhərlərdəki mülki obyektlərə (Kiyev də daxil olmaqla) güclü zərbələr endirməyi planlayır.
Aydındır ki, Ərdoğan Putinlə Soçidəki görüşü zamanı rusların ona dedikləri müqavilə layihəsini təqdim edib. Ərdoğanın missiyası Zelenskiyə danışıqlara getmək təklifini çatdırmaq və bunu tövsiyyə etməkdən ibarətdir. Kreml düşünür ki, Ukrayna xalqını danışıqlara məcbur etməyin mexanizmi ona qarşı kütləvi hücuma keçməkdir. Bu təhlükə xüsusilə 24 avqusta yaxın daha da güclənəcək.
Moskva hesablayır ki, geniş miqyaslı hücum ona görə lazımdır ki, insanlar danışıqlara getməyi tələb etsinlər və rəhbərlik görsün ki, çıxış yolu yoxdur, çoxlu itkilər var. Qərb ölkələri əmin olsunlar ki, böyük miqyaslı müharibə onların ərazisinə də sıçraya bilər və həmçinin, Zaporojye AES-i təhlükə altındadır, perspektivdə isə Ukraynaya taktiki nüvə zərbəsi endirilməsi gözlənilir.
Əgər Putinin bu planı reallaşarsa, o, bunula rusiyalılara özünün “xüsusi əməliyyatı”nı yerinə yetirdiyini, qələbə qazandığını göstərəcək. Əsl həqiqətdə isə Putinin perspektivi yoxdur, artıq rusiyalı analitiklər də daxil olmaqla əksəriyyət onun müharibəni uduzmasından danışır.
Nəzərə alaq ki,bu vəziyyətdə ərazi və muxtariyyat baxımından və eləcə də Rusiya ordusunun işğal etdiyi yerlərdə qalması ilə bağlı Ukrayna heç bir güzəştə getməyəcək. Bu gün ukraynalıların qarşısında güclü hücum əməliyyatı ilə Rusiya ordusunu işğal etdiyi ərazilərdən vurub çıxarması vəzifəsi dayanır.
Hətta əgər Putin geniş miqyaslı hücuma başlasa da, bu, 24 fevralın təkrarı olmayacaq. Çünki indi 24 fevraldan fərqli olaraq Ukrayna Rusiya hərbi birləşmələrinə güclü raket zərbələri vurmağa hazırdır. Bu, Ukrayna Ordusunu irəliyə aparır. Deməli, Rusiyaya gözlənilməz hərəkətlər etmək müəssər olmayacaq”.
Follow @7timesaz