Yevgeni Priqojinin hərbi qiyamı “yola veriləndən” sonra çoxları tezliklə, yaxud yaxın zamanlarda Sergey Şoyqu və Valeri Gerasimovun vəzifələrindən atılacağını proqnozlaşdırmışdı. Hələlik bu proqnozlar özünü doğrultmasa da, bir müddətdən sonra bunun baş verəcəyi də istisna olunmur.
Ancaq belə görünür ki, Rusiya Müdafiə Nazirliyinin yeganə başağrısı “Vaqner” və onun başçısı deyil. Belə ki, son günlər Ukraynaya qarşı işğalçılıq müharibəsində Rusiya tərəfinin informasiya əməliyyatlarının əsas fiqurlarına çevrilmiş Rusiya hərbi müxbirlərilə Müdafiə Nazirliyi rəhbərliyi arasında ciddi qarşıdurma müşahidə olunur. Nəzərə alsaq ki, bu hərbi müxbirlər və bloqerlər əsas etibarilə ultramillətçi görüşlərə malikdirlər və Rusiya cəmiyyətində tamamilə gözdən düşmüş Müdafiə Nazirliyinə nisbətdə daha obyektiv informasiya mənbəyi kimi qəbul olunurlar, o zaman Sergey Şoyqunun növbəti ciddi problemlə üz-üzə qaldığını söyləmək olar.
Əslində, Rusiyanın tanınmış hərbi müxbirləri ilə Müdafiə Nazirliyi rəhbərliyi arasında gərginlik, narazılıq müharibənin ilk aylarından mövcud olub. Sadəcə, bu münasibətlər Yevgeni Priqojinin Şoyqu və Gerasimova qarşı açıq, hay-küylü savaşının kölgəsində qalmışdı. İndi isə Priqojin-Şoyqu qarşıdurması bir qədər arxa plana keçdiyindən hərbi müxbirlərlə Müdafiə Nazirliyi rəhbərliyi arasındakı gərgin münasibətlər və qarşılıqlı ittihamlar daha qabarıq şəkildə özünü büruzə verməyə başlayıb. Xüsusilə də son günlər Xerson istiqamətində baş verənlər bu qarşıdurmanı xeyli qızışdırıb.
Söhbət Xerson vilayətində Dnepr çayının sağ və sol sahillərini birləşdirən məşhur Antonov körpüsü ətrafında gedən döyüşlərdən gedir. Kaxovsk SES partladılandan sonra Dneprin bu hissəsində suyun səviyyəsi gözləniləndən daha tez və xeyli enib. Ukrayna Silahlı Qüvvələri isə Antonov körpüsünün imkanlarından istifadə edərək, onun altı ilə çayın sol sahilinə keçiblər. Hələ bir həftə əvvəl ən tanınmış hərbi müxbirlərdən olan Aleksandr Kots Ukrayna qüvvələrinin sözügedən istiqamətdə çayın sol sahilinə keçərək, platsdarm yaratmağa çalışdığını xəbər vermişdi və qeyd etmişdi ki, həmin istiqamətdə ağır döyüşlər gedir. O, həmçinin Xersonun işğalçı administrasiyasının başçısı Vladimir Saldonu tənqid edərək, onun guya buradakı Ukrayna qüvvələrinin məhv edildiyi barədə yalan məlumat verdiyini söyləmişdi. Əksinə, Kots qeyd edir ki, Kaxovsk SES partladılandan sonra Rusiya ordusunun sözügedən əraziyə cavabdeh olan “Dnepr” qruplaşmasının rəhbərliyi sahil boyu yerləşən nəzarət nöqtələrini yığışdırıb. Ukrayna tərəfi isə bundan istifadə edərək, sol sahilə keçə bilib. O və digər hərbi müxbirlər bu ərazidə Rusiya tərəfinin hərbi və adi katerlər sarıdan qıtlıq çəkdiyini bildirərək, Müdafiə Nazirliyi rəhbərliyini ittiham ediblər, eyni zamanda, Tatarstan, Həştərxan və digər bölgələrin rəhbərlərindən bu əraziyə kater və qayıqlar göndərmələrini xahiş ediblər.
Hətta Kremlin və Müdafiə Nazirliyinin ən qatı tərəfdarlarından olan hərbi ekspert və bloqer Yuri Podolyaka belə Müdafiə Nazirliyi rəhbərliyinə kəskin etiraz edərək, Xerson istiqamətində vəziyyətin ağır olduğunu və general Konoşenkovun yalan danışdığını bildirib. O, bir qədər də irəli gedərək, “Dnepr” qruplaşmasının komandanının istefaya göndərilməsini tələb edib. Müdafiə Nazirliyi rəhbərliyi isə hərbi müxbirlərin və bloqerləri vəziyyəti “şişirtməkdə” və bu cür məlumatrlarla Ukrayna təbliğatına kömək etməkdə günahlandırıb.
Yeri gəlmişkən, ötən gün Ukrayan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Natalya Qumenyuk Ukrayna Silahlı Qüvvələri hissələrinin Antonov körpüsü istiqamətində Dneprin sol sahilinə keçdiyini təsdiqləyib. Müstəqil mənbələr və Rusiya hərbi müxbirlərinin bəziləri hətta Ukrayna tərəfinin həmin isiqamətdə 10 kvadrat kilometrə yaxın ərazini əhatə edən platsdarm yaratdığını bildirirlər. Rusiyalı müxbirlər qeyd edirlər ki, Rusiya tərəfi hətta Antonov körpüsünə “İskəndər” raketi ilə zərbə endirərək, onun altında yerləşən Ukrayna desantını məhv etməyə çalışsa da, buna tam nail ola bilməyib və Ukrayna qüvvələri sol sahildə möhkəmlənməkdə davam edirlər. Bütün bunlar isə qətiyyən Rusiya Müdafiə Nazirliyinin və general Konoşenkovun artıq istehza və məsxərə mənbəyinə çevrilmiş hesabatlarıyla uyğun gəlmir.
Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) da son hesabatında bu mövzuya xüsusi yer ayırıb. Məsələ ondadır ki, Rusiyanın tanınmış və cəmiyyət tərəfindən qəbul edilən hərbi müxbirlərinin əksəriyyəti Putinlə şəxsi tanışlığı olan, ona müəyyən dərəcədə yaxın şəxslər sayılır. Hətta bir müddət əvvəl Putin onlarla böyük görüş də keçirmişdi. Həmin bu müxbirlər isə bu günlərdə rəsmən Müdafiə Nazirliyi rəhbərliyini onlara təzyiq etməkdə və yalan məlumatlar yamaqda günahlandırıb. ISW isə hesabatında bildirir ki, indi Putin növbəti seçim qarşısında qalıb. O, ya Şoyqunun nazirliyinin, ya da onu tənqid edən, özü də haqlı olaraq tənqid edən müxbirlərin tərəfini tutmalıdır. Məsələni mürəkkəbləşdirən amillərdən biri də odur ki, sözügedən hərbi müxbirlər öz baxışları ilə daha çox İqor Strelkov(Qirkin) və digər bu qəbildən olan ultramillətçi, şovinist fəallara, keçmiş hərbçilərə, bloqerlərə yaxın şəxslərdir, onlara simpatiya ilə yanaşırlar. Bu isə cəmiyyətdə getdikcə artan və radikallaşan həmin kəsimlə Müdafiə Nazirliyi rəhbərliyi arasındakı uçurumu daha da dərinləşdirir.
Ancaq hər şeyə rəğmən, müharibənin Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi mənzərədən fərqli olduğunun, heç də hər şeyin yaxşı getmədiyinin cəmiyyətə çatdırılması təkcə Şoyqunun yox, Kremlin də maraqlarına uyğun deyil. Odur ki, son nəticədə Putinin yenə Şoyqu və Gerasimovun tərəfini tutacağı az şübhə doğurur.
“AzPolitika.info”
Follow @7timesaz