Lent.az-ın müsahibi Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Məleykə Əsədovadır. Müsahibə aldığım gün teatrda Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Cəhənnəm sakinləri” tamaşasına baxdım. Tamaşa zalı doluydu və demək olar ki, hər 10 dəqiqədən bir aktyorların səsini gurultulu alqışlar eşidilməz edirdi. Rejissor işi, aktyorların oyunu möhtəşəm idi. Son ana qədər həyəcan izləyicini tərk etmirdi. Elə ona görə də tamaşadan söz açmaya bilməzdim.
– Məleykə xanım, bu gün sizi “Cəhənnəm sakinləri” tamaşasında gördüm. Tamaşanın ilk səhnələrində zərif, ailəsinə bağlı, qorxaq bir qadın kimi tanıdığımız qəhrəmanınız son səhnələrdə vəhşiyə, amansız qatilə, yalançıya, hay-küylü bir qadına çevrilir, o qədər sürətlə dəyişir ki, heyrətlənməyə bilmirsən. Nurəddin Mehdixanlının komik yanaşmaları da çox fərqli və maraqlıydı. Auditoriyanı oyuna daxil etmək, suallara cavab istəmək, düşünməyə vadar etmək… Rejissor yanaşmasını qeyd etməsəm olmaz.
– “Cəhənnəm sakinləri” ilə bir çox ölkələrdə qastrollarda olmuşuq. Dəfələrlə oynanılıb, böyük festivallarda çıxış etmişik. Burda baş rollarda mən, Xalq artisti Nurəddin Mehdixanlı, Elşən Rüstəmov çıxış edirik. Bu günə qədər oynadığım rollardan tamamən fərqlənir. Bu əsər barədə çoxlu müsbət rəylər almışam.
– Mən sizi illər öncə “Evlənmə” tamaşasında da görmüşdüm. Maraqlı, komik obraz idi. Gözəl olmayan qadın rollarını da oynayarsınız?
– Bəli, musiqili komediya teatrında Qoqolun “Evlənmə” tamaşası qoyulmuşdu. Bəhram Osmanov hazırlamışdı, Aqafya rolunu oynayırdım. Çox uğurlu alınmışdı. Həmin tamaşa gedən günlərdə Dram teatrında kraliça Mariya Tüdoru oynayırdım, bir tamaşada faciəvi, digərində komik bir obrazı canlandırırdım. Həmin tamaşa Mədəniyyət Nazirliyi tərəfindən ilin tamaşası seçildi və “Zirvə” mükafatına layiq görüldü. Mənim fikrimcə, aktrisa üçün sərhəd olmamalıdır .Rejissorlar həmişə çətin, məsuliyyətli obrazları mənə həvalə edirlər. Allaha şükür, hamısı uğur qazanıb. Obrazın tələbi nə olubsa, onu ifa etmişəm. Amma xarakterik obrazlar olsa, qrim edib əlbəttə oynayıram. Gözəl görünüş, zarafat səhnənin tələbidir. Səs diapozonu, diksiyanın gözəl olması səhnə üçün verilmiş vergidir. Bu da hər kəsə verilmir.
– Şarliz Teron cinayətkar qadın rolunu oynamaq üçün kökəlmiş, başını qırxdırmışdı. Siz belə bir rol üçün radikal dəyişikliklərə razı olardınız?
– Xarici görünüşümdə dəyişiklik edərəm, amma kökəlməyə heç vaxt razı olmaram. Bunu heç istəmirəm. Səhnə arıqlığı, plastikanı sevir. Filmdə kök aktrisa lazımdırsa, kök aktyoru seçərlər və ya buna uyğun qrim yaradarlar.
– Xarici filmlərə dəvət almısınız?
– Vaxtilə Türkiyədən seriala dəvət gəlmişdi. Həm qonorar mən istədiyim kimi deyildi, həm qızım məktəbdə oxuyurdu, həm də mən teatrı buraxıb 1 illik gedə bilməzdim. Mən Azərbaycana, torpağıma, teatrıma bağlı insanam.
– İlk gündən bu teatrdasınız?
– 1989-cu ildə Hüseynağa Atakişiyevin açdığı Gənclər teatrında işləmişəm. 1993-cü ilin yanvarından bura gəldim. Elə o gündən Akademik Milli Dram Teatrın aktrisasıyam.
– Sizi kim kəşf etdi?
– Lütfi Məmmədbəyov. Mən də xalq teatrının yetirmələrindənəm.
– Şöhrətə çatmaqda gözəllik rol oynadı?
– Gözəl ola bilərsən, amma axı mütləq istedad da olmalıdır. Bu film deyil ki, bir dubl alınmadı, yenidən başlayasan. İstedad plastika danışıq, qəlb, hiss etməli və etdirməlisən. 33 ildir dayanmadan böyük səhnədə obrazlar yaradıram. Müxtəlif rejissorlarla işləmişəm. Oynadığım rolların 90 faizini klassik obrazlar təşkil edir. Təsdiq olunmuş aktrisa istedadından danışmamalıdır. Dünya teatrlarında bir aktrisa 3 klassik obrazı ifa edibsə, daha onun peşəkarlığı, təcrübəsi sorğu-sual edilmir. O özünü təsdiq etmiş sayılır. Növbəti klassik əsərdə obraz üzərində işləyirəm.
-Hansı əsərdə?
– Bu il Şuşa ilidir. Buna görə Mədəniyyət Nazirliyinin sərəncamı ilə İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri üzərində iş gedir. Natəvan rolunu mən ifa edirəm. İnşallah, dekabr ayında tamaşanı təhvil verəcəyik. Xalq artisti Azərpaşa Nemətov fərqli quruluş verib. Əminəm ki, tamaşaçılarımız bəyənəcək.
– Teatra tamaşaçı axını qane edir?
– Mən hər dəfə tamaşa zalını dolu görürəm. Teatr səviyyədir və insanlar onu sevir. Tamaşaya internet üzərindən baxmaqla onu canlı-canlı izləmək ayrı-ayrı duyğulardır. İnanın ki, ucqar rayonlardan belə tamaşalarıma baxmağa gələnlər var. Pərəstişkarlarım var ki, Gəncədən, Qubadan, İrandan, Gədəbəydən, Türkiyədən gəlib oynadığım tamaşalara bilet alıblar. Bu sevgini hiss etmək çox gözəldir.
– Tamaşaçılarınızdan sizə ən yadda qalan jest nə olub?
– Çox olub əslində. Övladlarına mənim adımı qoyanlar var. Hətta bir izləyicim öz qızı olmadığı üçün qardaşı qızına Məleykə, Məleykənin qızına da qızım Gülərin adını vermişdi. Bir fanatım var. Xəyalə Məleykə. Bu qız məndə olmayan şəkilləri belə yığıb saxlayır. Ayaqları yerimirdi deyə tamaşalarıma gələ bilmirdi. Mən uzun illər sonra onunla görüşdüm. Bakı kəndlərindən birindəydi. Onun sevinc göz yaşlarını gördüm, bu görüşü gecikdirdiyimə görə təəssüf etmişdim.
– Onlardan sizə aşiq olub, elçi düşənlər olub?
– Aktrisa Məleykə Əsədovaya aşiq olanlar çoxdur. Aktrisanı, aktyoru sevərlər. Sevilməsə olmaz.
– Hər kəs adınız çəkilincə parlayan xoşbəxt, qayğısız qadın görür. Ana Məleykə, aktrisa və tənha qadın Məleykə. Bu üçü qadının bir-birindən fərqi çoxdur?
– Görünməyən tərəfi var. Hər kəs məni obrazlarımla görür. Əslində ana kimi, qadın kimi çox zəhmətkeşəm. Məleykə öz zəhməti ilə evinin həm kişisi, həm qadınıdır. Bu zərif çiyinlərin altında bir kişi qüvvəti var. Onun çiynində bir ana məsuliyyəti var, öz çətinlikləri var və bu barədə danışmaq istəmir. Qoy elə Məleykəni öz obrazları ilə xatırlasınlar. Məleykə çox zəhmətkeş qadındır.
– Asandır Məleykə ömrü?
– Çox çətindir. Amma Allaha çox şükr edirəm. Nə yaxşı ki, mənə bu gücü, istedadı, qızımı verib. Allah məni özündən başqa kiməsə möhtac etməsin. Ümumilikdə, həyat asandırmı? Asan olsa, mənasızlaşar. Elə adam var həyata adi baxır, eləsi var həyatı dolu-dolu yaşayr. Hər bir gözəlliyin arxasında böyük zəhmət dayanır. Allah mənə güc, sağlamlıq, ruzi versin istəyirəm. Məni sevən, sevməyən hər kəsə övladının gözəl günlərini görmələrini arzu edirəm.
– Qız anası olmaq bir ayrı məsuliyyətdir.
– Qız anası olmaq fədakarlıqdır. Mən həm fədakar ana, həm də fədakar aktrisayam.
-Yenidən ailə qurardınız?
-Heç arzulamamışam, arzulamıram da. Qızım mənim boydadır. Allahdan razıyam. Hamısı bir yerdə olmur ki. Qadın kimi ola bilər xoşbəxt deyiləm. Amma aktrisa, ana kimi xoşbəxtəm. Guya hər ailə quran xoşbəxt olur?
– Qadın kimi xoşbəxtsiniz?
-Demək olmaz ki, tam xoşbəxtəm. Amma buna da şükür edirəm.
– Qadın xoşbəxtliyi sizin üçün nə deməkdir?
– Bu uzun mövzudur. Hərə bir cür görür.
– Ömrünüzdə çatışmayan nə var?
– Şükür hər şey var. Allah mənə güc versin. Mən öz gücümlə gedirəm
– Arzularınız yalnız qızınızla bağlıdır?
– Həyat dolu insanam. Həyat davam etdikcə arzular arzudan doğur. Mən dayandım deməyən insanam.
– Üç kəlmədə Məleykə…
– Səmimi, əsl insan, zəhmətkeş,
– Sizi çox müzakirə edirlər…
– Özünə hörmət edən insan başqalarına da hörmət edir. Hər kəs nə danışırsa öz qəlbindəkiləri, zehnindəkiləri söyləyir. Məni tanıyan hamı bilir ki, dedi-qodu olan yerdə mən yoxam, bu heç vaxt olmayacaq. Hər kəs öz ömrünü yaşayır, mən niyə kiminsə ömrünü müzakirə etməliyəm?. Əsas odur, kiməsə zərər verməyim. Kiməsə pislik etmək ağlımdan belə keçməz. Mən varamsa məndən danışacaqlar. 33 ilidir eyni şöhrəti saxlayıramsa, deməli varam. Hərə öz beyninin məhsulunu ortaya qoyur.
– Bağışlayırsınız?
– Bağışlayıram, mən kiməm, Allah bağışlasın, amma ünsiyyət qurmuram. Bir dəfə edibsə, yenə edəcək. Xarakter dəyişilmir. Mənim öz balaca dünyam var, o dünya hər kəsi buraxmıram. Öz bacılarım yanımdadır. İllər mənə hər şey, çoxlu sevgilər verdi. Amma güvənimi apardı. Mən insanlara güvənə bilmirəm. Özümə hasar çəkmişəm.
– Gözəl qalmaq üçün nə edirsiniz?
– İçimizdəki səs nur üzümüzə vurur. Gözəllik qalıcı deyil, nur qalıcıdır. Allah hamımıza qocalıq qisməteləsin. Nur daxili səsimizdir. Mən hamıya nur arzulayıram. Qəlbimizə şeytanlar girməsin
– Qızınız olduqdan sonra sanki daha kövrək olmusuz. Xaricə oxumağa özünüz buraxmadınız?
– Qız uşağıdır. İstəmədim uzağa buraxım. Zaman dəyişib.
– Qocalıqdan qorxursunuz?
– Qətiyyən. Mən nəvələrimi görmək istəyirəm. Həyatımın hər anı, hər günü ilə razılaşan biriyəm.
– Mən qrim otağınıza girəndə zikr edirdiniz. Namaz da qılırsınız?
– Yox. İnşallah o da qismət olar. 5 dəfə Məşhəddə olmuşam. Hazır olanda yəqin Kəbəni də ziyarət edəcəm.
Follow @7timesaz