“Qarabağ”ın dünən Norveçin “Hauqesund” klubundan transfer etdiyi İbrahima Vadji morfin istifadəçisi imiş.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2019-cu ilin may ayının 19-da çempionatın “Kristiansund” ilə ev oyunundan sonra seneqallı hücumçudan götürülən morfin testi müsbət çıxıb. Qeyd edək ki, morfin dopinq siyahısındadır.
Belədə, Norveçin Anti-Dopinq Prokurorluğu məsələyə qarışıb və Vadjinin yarışlardan 14 ay kənarlaşdıraraq cəzalandırılması barədə qərar verib. Futbolçuya qərardan apelyasiya müraciəti üçün iki həftə vaxt verilsə də, bu, heç nəyi dəyişməyib. Seneqallı hücumçu izahatında günahını qismən etiraf edib və morfin tabletlərini performansını artırmaq niyyəti ilə qəbul etmədiyini bildirib. Futbolçunun və klubunun üzrxahlığına baxmayaraq, məhkəmə Vadjini 14 aylıq yarışdan uzaqlaşdırma haqda qərar verib.
Həmin ərəfədə “Hauqesund”un futbolçusu ilə “Rusenborq” ciddi maraqlanırmış və 8 milyon kron (1 milyon 500 min manat) transfer təklifi edibmiş. Vadjinin morfin testinin müsbət çıxdığı məlum olduqda, klub təklifi geri çəkib.
“Hauqesund” Vadjini 2019-cu ildə “Mölde”dən bir milyon krona (190 min manat) birdəfəlik transfer edib.
Dopinq cəzasını ötən ilin iyulunda başa vuran seneqallı mərkəz hücumçu bu mövsüm “Hauqesund”un heyətində 14 oyunda meydana çıxaraq, 4 qol vurub.
Qeyd edək ki, “Qarabağ” İbrahima Vadji ilə 3 illik müqavilə imzalayıb.
Follow @7timesaz