Ölkə

“Qarabağ” və MOİK azarkeşləri Xankəndiyə necə gedə bilər?

“Qarabağ” və MOİK azarkeşləri Xankəndiyə necə gedə bilər?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın “Qarabağ” və Bakının MOİK klubları arasında keçiriləcək oyun Xankəndidə keçiriləcək. Bakı metropoliteni oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, dekabrın 21-də iş rejimində dəyişiklik edib.

Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, Bakı metropoliteninin bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq.

Bəs, həmin azarkeşlərin Xankəndiyə gedişi necə həyata keçiriləcək?

Məsələ ilə bağlı Redaktor.az Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladı.

Qurumun mətbuat katibi Qabil Mehdiyev bildirdi ki, nazirlik azarkeşləri Xankəndiyə aparmaqla məşğul deyil:

“Mətbuatda gedib, amma yanlış informasiyadır. Hər yanda yazırlar ki, “nazirlik azarkeşləri aparır”. Azarkeşləri adətən klub aparır. Ona görə də biz azarkeşləri aparmaqla məşğul deyilik”.

“Qarabağ” futbol klubununun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev isə qeyd etdi ki, Xankəndidəki oyun üçün “Qarabağ” futbol klubuna müəyyən bir kvota ayrılıb:

“Sənədləşmə çoxdan bitib. Siyahını vermişik”.

Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, Gənclər və İdman Nazirliyindən rəsmi məktub daxil olandan sonra mətbuatda artıq məlumat yayılmışdı ki, metro işləyəcək:

“Biz onda demişdik ki, bəli, rəsmi məktub daxil olub, amma metronu işləyib-işləməyəcəyi bilinmir. Bu məsələ bu gün səhər həll olunub və biz həmin məlumatı yaymışıq. Təbii ki, nazirlik müraciət edib və rəsmi cavab da gedib. Ola bilər, təşkilatçı onlar deyil. İlkin informasiya mediaya məhz nazirlikdən çıxıb”.

Maraqlıdır ki, əgər Gənclər və İdman Nazirliyi azarkeşlərin Xankəndiyə aparılmasına məsul qurum deyilsə, o zaman “Bakı Metropoliteni” QSC-yə müraciəti niyə bu qurum edib?