Qarabağın erməni icmasına müraciət edildi

Qarabağın erməni icmasına müraciət edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev erməni icmasına müraciət edib.

7times.az müraciəti təqdim edir:

“Salam, Azərbaycan Respublikasının işğal altındakı Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşları!

Mən sizə Bakı şəhərinin mərkəzində yerləşən erməni kilsəsinin həyətindən müraciət edirəm!

Sizi əsir kimi saxlayan, işğalçı Ermənistan və onun tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış cinayətkar xunta rejimi məqsədli şəkildə hərbi obyektləri yaşayış məntəqələrinə yaxın yerləşdirməklə sizlərin həyatını birbaşa təhlükəyə atır!

Sizlərdən xahiş edirəm ki, döyüşlərin getdiyi bölgələrdə yaşayış məntəqələrinə yaxın ərazilərdə yerləşdirilmiş hərbi obyektlərdən uzaq durun!

Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşları kimi, sizlərin həyat və sağlamlığınızı qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri bütün təhlükəsizlik tədbirlərini görsə də, mülki vətəndaşlar kimi sizin məsuliyyətli olmanız və hərbi obyektlərdən uzaqlaşmanız öz təhlükəsizliyiniz üçün çox vacibdir!

Müharibənin ən qısa zamanda yekunlaşması və Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ bölgəsində sülhün və əmin-amanlığın bərqərar olunması üçün, Sizləri – Azərbaycan Respublikasının erməni əsilli vətəndaşlarını silahı yerə qoymağa və Azərbaycan Ordusuna dəstək olmaqla, xunta rejiminə son qoymağa çağırıram!

İşğal altındakı torpaqlar azad olunan kimi, Dağlıq Qarabağda yaşayan erməni sakinlərinin bütün hüquqları hər bir Azərbaycan vətəndaşında olduğu kimi ən yüksək səviyyədə təmin ediləcək! Sizlərin sosial, iqtisadi və humanitar ehtiyaclarınız Azərbaycan dövləti tərəfindən tam şəkildə qarşılanacaq!

İşğaldan azad ediləcək Dağlıq Qarabağ bölgəsində Sizlərin xoşbəxt və firavan gələcəyinizə Azərbaycan Respublikası təminat verəcək! Bizim sadə mülki vətəndaşlarla heç bir problemimiz yoxdur!

İllər keçsə də, Şuşada, şahmat məktəbində mənimlə birlikdə təhsil alan erməni qonşularımızla xoş xatirələrimi hələ də unutmamışam! Biz o şahmat məktəbini də, həmin məktəbdə erməni və azərbaycanlı şagirdlərin birgə tədris almasını da yenidən bərpa edəcəyik! Bizim övladlarımız sülh şəraitində, birlikdə firavan yaşayacaqlar!

Həmçinin, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz şəkildə hərbi əməliyyatlarda iştirak edən erməni əsgərlərinə də müraciət edirəm ki, silahı yerə qoyun və Azərbaycan Ordusuna müqavimət göstərməyin! Silahı yerə qoyduğunuz və Azərbaycan əsgərlərinə təslim olduğunuz təqdirdə, sizinlə Cenevrə Konvensiyasının tələblərinə tam uyğun şəkildə, şərəf və ləyaqətinizə hörmət edilməklə davranılacaq!

Toxunmaq istədiyim başqa bir məsələ isə, hərbi əməliyyatlar zamanı zərər görmüş Şuşanın Qazançı kilsəsi ilə bağlıdır. Bildirirəm ki, Qazançı kilsəsinin zədələnməsi ilə nəticələnən insident Azərbaycan tərəfindən mütləq araşdırılacaq! Bizdə şübhələr var ki, bu bir təxribatdır! Hər bir halda, bu məsələ ciddi şəkildə araşdırılacaq və nəticəsindən asılı olmayaraq, Qazançı kilsəsi Azərbaycan Respublikası tərəfindən bərpa ediləcək!

Azərbaycan Respublikasının bərabər vətəndaşları kimi bizlər və sizlər füsunkar Dağlıq Qarabağın iqtisadi inkişafı və tərəqqisinin canlı şahidləri olacağıq və hamımız bundan yararlanacayıq.

Sonda bildirmək istəyirəm ki, Xankəndi millət vəkili olaraq sizlərdən – Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərindən gələn bütün ismarıcları şəxsən oxuyuram və xüsusilə sülh şəraitində birgə yaşayışa dəstək verdiyinizi görmək məni sevindirir! Millət vəkiliniz olaraq, mənimlə istənilən vaxt ekranda qeyd edilmiş Facebook səhifəm yaxud email vasitəsilə əlaqə saxlaya və sizi narahat edən məsələlərlə bağlı müraciət edə bilərsiniz!

Sizlərlə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşamaq ümidiylə!”.