Qısa arayış…
2020-ci il avqustun 31-də Biləcəri qəsəbəsində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsi barədə 6-cı Polis Bölməsindən Binəqədi rayon prokurorluğuna məlumat daxil olur. Müəyyən edilir ki, hadisə paytaxtın Yəhya Hüseynov küçəsi, 43 ünvanında baş verib. Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilir, küçədə bıçaq aşkarlamaraq götürülür. Hadisə şahidlərinin, zərərçəkmişin yaxınlarının sözlərindən məlum olub ki, qətli mərhumun kürəkəni Ayxan Hüseynəliyev törədib.
Hadisədən bir neçə saat sonra Ayxan Hüseynəliyev Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, Sumqayıt şəhərində, yaşadığı evin həyətində olması haqda məlumat verir və təslim olmaq istədiyini bildirir. O, həmin ünvana gələn 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılır. O, həmin gün Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilir. Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.
Təqsirləndirilən Ayxan Hüseynəliyev 1998-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum edilməyib. O, Zəngilan rayonunda qeydiyyatda olmaqla, Sumqayıt şəhərinin 42-ci məhəlləsində yaşayıb.
Milli.Az bildirir ki, lent.az sözügedən həmin dəhşətli qətlin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, avqustun 31-də yaşadığı evdən bıçaq götürən Ayxan Hüseynəliyev saat 10 radələrində qayınatası Xalıq Bağırovun yaşadığı Biləcəri qəsəbəsinə yollanıb. Qohumunun bir qədər irəlidə Y.Hüseynov küçəsi, 43 ünvanına doğru getdiyini görüb, ona yaxınlaşıb. Ailədaxili iradlarını bildirərkən Xalıq Bağırov ona qızı Aygünü yanına qayıtmağa qoymayacağını bildirib. Bundan hiddətlənən Hüseynəliyev şalvarının belindən kəsici aləti çıxarıb, qayınatasının bədəninin müxtəlif nahiyələrinə 17 dəfə zərbə vuraraq onu öldürüb.
Yəhya Hüseynov küçəsində yerləşən ofisin və marketin giriş hissəllərində quraşdırılmış video-müşahidə qurğularına baxış keçirildikdə, Xalıq Bağırovun saat 9:50-də sellofan torbanı əlində tutaraq, yaşadığı ev istiqamətində, ardınca Ayxan Hüseynəliyevin sürətli addımlarla arxasınca getməsi, sağ əlini belinə aparıb, həmin nahiyəni yoxlaması müəyyən edilib.
İş üzrə dindirilmiş Ayxan Hüseynəliyev bildirib ki, 2017-ci il dekabrın 13-də Aygün Hüseynəliyeva ilə ailə qurub. Qayınatası Xalıq Bağırov tez-tez onların ailədaxili işlərinə qarışıb, bu səbəbdən onunla aralarında mübahisələr yaranıb:
“2018-ci ildə anam vəfat edib. Tutulanadək atam Asiflə birlikdə əmim Fikrətin Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən evində yaşayırdıq. Əmimin evində qalmağımıza səbəb, mənzilimizin naməlum şəxslər tərəfindən yandırılması olub. Belə ki, 2020-ci il iyunun 17-də səhər saatlarında mənzilin giriş qapısının yandığını, arvadım Aygünün evdə olmadığını, telefon xətlərinin kəsilməsini, qazın isə açıq qalmasını gördüm. Düşündüm ki, yatdığım vaxt qayınatam bizə gəlib, evi yandırıb və qızını götürərək öz evinə aparıb. Qəsdən törədilən yanğın hadisəsi nəticəsində mənə 9818 manat ziyan vurulub. Həmin gündən sonra Aygün qızım Zəminə ilə qayınatamın Biləcəri qəsəbəsində yerləşən evində yaşadı. Həyat yoldaşımın şəxsi mobil telefonu olmadığından, onunla arada qayınatamın ya da qaynımın telefon nömrəsi ilə əlaqə saxlayırdım. Avqustun 27-də evimin yandırılması ilə əlaqədar prokurorluqda olduğum vaxt qayınatam, qayınanam və arvadım ora gəlmişdilər. Yoldaşım və uşağımı evimizə qaytarmaq istədiyim üçün, avqustun 31-i səhər saat 6.30-da yuxudan oyandım. Əvvəlcə bu haqda qayınatama məlumat vermək üçün, onun işlədiyi mebel şirkətinə yollandım”.
O, bir qədər gözləyib, Xalıq Bağırovun işdən çıxmadığını görüb, “20 Yanvar” metrostansiyasının yanına, ordan da 6 nömrəli avtobusla Biləcəri qəsəbəsinə gedib:
“Saat 10 radələrində Y.Hüseynov küçəsinin yaxınlığındakı dayanacaqda avtobusdan düşdüm. Qayınatamın məndən qabaqda əlində sellofan torba ilə evləri getdiyini gördüm. Qarşılaşsaq aramızda xoşagəlməz söhbət olacağını düşündüm, Xalıqa yaxınlaşmadan, ardınca, yaşadığı evlərinə yollandım. Darvazanın qarşısına çatanda, sakit tərzdə danışmaq üçün qayınatama yaxınlaşıb, Aygünlə qızımı evimizə aparmaq istədiyimi dedim. Xalıq əxlaqsız ifadə işlətdikdə, ona söyüş söyməməsini dedim. Üzərimdəki bıçaqla ilk zərbəni kürək nahiyəsinə vurdum. Qayınatam yaxamdan yapışdıqda, ona ardıcıl xəsarətlər yetirməyə başladım. Xalıq yerə yıxılarkən, məni də dartıb, yerə yıxdı. Mən də, Xalıqa yenidən zərbələr vurdum ki, əlini çəksin. Qonşuların yaranmış səs-küyü eşidib, çölə çıxdıqlarını gördüm və oradan qaçdım. Bıçağı küçədə atdım. Arxaya baxdıqda, qayınatamın ayağa qalxdığını gördüm. Bundan sonra geriyə baxmadan qaçdım. Əsas yola çıxıb, taksiyə mindim. Məni “20 Yanvar” metrosunun yanına aparmasını xahiş etdim. Mobil nömrənin kartını çıxarıb qırdım və maşının pəncərəsindən tulladım. Telefonumu xalam oğlu Coşquna vermək üçün onun yaşadığı Qobu qəsəbəsinə yollandım. Xalam oğlu telefonu hansı səbəbdən ona verdiyini soruşanda, ondan heç nəyi soruşmamasını və arxasınca gəlməməsini dedim. Magistral yola çıxdım. Evimin yaxınlığında, yol kənarında meyvə-tərəvəz satan şəxsə yaxınlaşdım, onun telefonundan “102” xidmətinə zəng edərək, hadisə barədə məlumat verdim. Özümü pis hiss etdiyim üçün həyətdəki skamyada oturdum. Bu zaman polis əməkdaşları yaxınlaşaraq, məni bölməyə apardılar”.
Ayxan Hüseynəliyev əlavə edib ki, yaşadığı evdən mətbəx bıçağı götürməkdə məqsədi qayınatasını qorxutmaq və ya onu vuracağı halda, özünü müdafiə etmək olub. “Whatsapp” şəbəkəsində hadisədən əvvəl, əsəbi olduğu üçün qayınatası və ailə üzvləri barəsində hədələyici sözlər yazsa da, onları real olaraq heç vaxt hədələməyib. Xalıq Bağırovu öldürməkdə ona heç kim köməklik etməyib. Qayınanası Həcər Bağırovanın bu barədə göstərdiklərini böhtan hesab edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Həcər Bağırova ifadəsində göstərib ki, Xalıq Bağırovla 1995-ci ildə ailə qurub, yoldaşı mebel şirkətində mühafizəçi işləyib, təbiətcə mehriban və sakit adam olub:
“Ayxan Hüseynəliyevin anası xərçəng xəstəsi olduğu üçün bizi məcbur ediblər ki, toylarını tezləşdirək. 2017-ci ilin dekabr ayında qızım Aygün Ayxanla ailə qurub. Toydan sonra onlar Sumqayıt şəhərində yaşayırdılar. 2018-ci ilin yanvar ayında Ayxanın anası vəfat etdi. Qızımın evinə tez-tez gedib-gəlsəm də, sonradan kürəkənimin və onun atasının hərəkətlərindən, bizim gəlişlərimizi bəyənmədiklərini hiss edirdim. Aygünün qızı 2018-ci ilin dekabr ayına anadan olub. Hər dəfə qızımı kefsiz görüb səbəbini soruşanda, mənə heç nə demirdi. Sonra bildim ki, Ayxan Aygünü mütəmadi, hətta hamilə olanda belə döyürmüş, işgəncələrə məruz qoyaraq, boğazına bıçaq da dirəyib və başını kəsəcəyi ilə hədələyib. Qızımın sözlərinə görə, Ayxan narkotik maddələr qəbul edib, bu müddət ərzində o qorxu içində yaşayıb. 2020-ci ilin yanvar ayında Aygünü poliklinikada müayinə etdirdiyim zaman bədənində xəsarətlər gördüm, bu barədə ərim Xalıqa xəbər verdim. Yoldaşım qudamıza zəng edərək, Ayxanın Aygünü döydüyünü söylədi. Bu zaman Ayxanın atası oğlunun ailə işlərinə qarışmadığını bildirib. 2020-ci ilin may ayında xəstəliklə əlaqədar nəvəmi öz evimizə gətirdim. Ayxan ata kimi uşağına qayğı göstərmirdi. Qayınatası da Aygünə gəlini gözü ilə baxmırdı, mütəmadi qızıma nalayiq sözlər deyirdi. İyunun 17-də səhər əri tərəfindən döyüldüyünə görə qızım yaşadığı evdən qaçdı. Bizə zəng edərək, Sumqayıtda bir restoranın yanında olduğunu və gəlib onu aparmasını xahiş etdi. Qohumumuzun avtomobili ilə deyilən ünvana gedərək, Aygünü evimizə gətirdik. Həmin gün Ayxangilin yaşadığı evdə yanğın olub, lakin evi kimin yandırması barədə məndə məlumat olmayıb. 2020-ci ilin avqust ayında kürəkənim qırmızı rəngli maşınla gələrək, telefonla məhəllənin və qapımızın videosunu çəkdi”.
Hadisədən bir gün əvvəl Ayxan həyətlərinə gəlib, onu hədələyərək, ömürünə az qaldığını deyib. “Whatsapp” statusunda onlara işarə edərək, “az qalıb, limitiniz dolur, ürəyimə dağ vuranın ürəyini deşəcəm” və sair kimi paylaşımlar edib:
“Avqustun 31-də Xalıq gecə növbəsindən çıxaraq, səhər saat 8 radələrində evə gəldi. Bir az uzanıb dincələndən sonra mağazaya gedib, qayıdarkən küçədə Ayxanla üz-üzə gəlib. Təxminən saat 9:30-da qucağımda nəvəmlə həyətə çıxdıqda, Xalıqın, qan içində darvazadan tutub dayandığını gördüm. Ərim zəif səslə mənə “Ayxanın ona bıçaqla çoxsaylı xəsarətlər yetirdiyini” deyərək, yerə yıxıldı. Paltar asdığım ipdən götürdüyüm maykanı ərimin yaralarına sıxdım. Bir neçə dəqiqədən sonra Xalıq öldü. Ayxanın Xalıqa xəsarət yetirməsinin bilavasitə şahidi olmasam da, sonradan öyrəndim ki, hadisəni küçədə olan Nail adlı qonşumuz görüb”.
O, güman edir ki, Ayxan Xalıqı, qızını evinə gətirdiyi üçün qətlə yetirib.
Şahid Aygün Hüseynəliyeva ifadəsində göstərib ki, hamilə olanda belə əri tərəfindən şiddət və zorakılığa məruz qalıb. Çox vaxt döyülməməsi üçün hamama girib, saatlarla orada gözləyib:
“Nişanlı vaxtımızda xasiyyətinə bələd deyildim, onu yalnız toyumuzdan sonra tanıdım. Mənim bu yaşda evlənmək fikrim yox idi. “Anam rəhmətə getdiyi üçün səni ailəmizə qulluqçu gətirmişəm” deyə, Ayxan məni alçaldıb. Ayxanın dəfələrlə qardaşı ilə bilikdə siqaretə ota bənzər kütlə doldurub, evdə çəkdiyini görmüşəm. Hər dəfə narkotik maddə qəbul etdikdən sonra Ayxan özündən çıxıb, mənə əxlaqsız təkliflər edirdi. Daima qorxu və əsəb içində yaşamışam. 2019-cu ilin iyun ayında qızım beşikdən yıxıldığına görə Ayxan məni bərk döyüb. Ərimin tələbi ilə atam Xalıqa zəng vurub, onu evimizə çağırdım. Atam gəlib, döyüldüyümü biləndə, məni öz evlərinə aparmaq istədi. Bu zaman Ayxan atama da əl qaldırıb, sifətinə yumruqla vuraraq: “Sən kimsən ki, evimdən qadın aparırsan?” dedi. 2020-ci ilin yanvar ayında Ayxanın şiddətlərinə dözməyərək, bu barədə valideynlərimə danışdım. Uşaqda ayaq əyriliyi olduğundan, həkim onu açıq havada gəzdirməyi məsləhət görmüşdü, amma Ayxan qızımı həyətə çıxmağa icazə vermirdi. Ona görə də, çətinliklə də olsa qayınatam Ayxanı razı salandan sonra, uşağı öz atasıgilə göndərdi. Qaynanam öləndən bir müddət sonra qayınatamın da mənə qarşı münasibəti dəyişdi. Tez-tez məni söyürdü. Ayxan gecə növbəsində işdə olduğu vaxtlar dəfələrlə yataq otağına gələrək çarpayıda uzanırdı və mənə, yanında uzanmağımı təklif edirdi. Qayınatamın niyyətini başa düşüb mətbəxə, ya da hamam otağına gedirdim”.
İyunun 16-da pəncərədən çölə baxdığına görə, əri Aygünü döyüb:
“Artıq dözməyib evdən qaçdım. Atama zəng edib, evdən qaçdığımı, şadlıq sarayının yanında olduğumu deyərək, gəlib məni aparmasını xahiş etdim. Atam da qohumları ilə gələrək, məni öz evlərinə apardı. Ayın 17-də Ayxan zəng edib, məndən evlərinin kim tərəfindən yandırıldığını soruşanda, xəbərim olmadığını dedim. Avqust ayında anam Ayxanın xalasına borca verdiyi 200 manat pulu istəyəndə, ərim bunu bilib həyətimizə gəlmişdi. Mübahisə zamanı anamın səsinə həyətə gələn qonşular Ayxanı itələyib, darvazadan çölə çıxarmışdılar. Avqustun 31-də Ayxan mağazadan qayıdan atamı küçədə bıçaqlayaraq, qətlə yetirdi”.
Şahid Nazilə Bəbirxanova ifadəsində göstərib ki, Biləcəri qəsəbəsində kirayədə yaşayıb. Avqustun 31-də çörək almaq üçün marketə gedərkən, küçədə qara köynəkli oğlanın qonşusu Xalıq Bağırovla bir-birinin yaxasından tutub, mübahisə etdiklərini görüb:
“Xalıqın əsəbi halda ona sən vicdansızsan, ölsəm də Aygünü getməyə qoymayacam deməsini eşitdim. Şalvarının belindən bıçaq çıxaran Ayxan Xalıqa bıçaqla xəsarətlər yetirməyə başladı. Qorxudan qonşumuz Nailin evinin qapısını döyəndə, Ayxan çevirilib, əsəbi halda mənə baxdı. Nail pəncərədən baş verənləri görüb, qışqıranda, Ayxan səsini eşidib sanki qorxaraq mərkəzi yola tərəf qaçdı. Səs-küyə Xalıqın ailə üzvləri, qonşular, az sonra isə təcili tibbi yardım briqadası və polis əməkdaşları hadisə yerinə gəldilər. Ayxan Hüseynəliyev Xalıq Bağırovu tək öldürüb, ona heç kim köməklik göstərməyib”.
Şahid Asif Hüseynəliyev bildirib ki, avqustun 31-də 6-cı Polis Bölməsinin əməkdaşları ona zəng edərək, oğlu Ayxanın qayınatası Xalıqı evlərinin qarşısında öldürdüyünü bildirib:
“Polis əməkdaşları ilə birgə Ayxanın iş yerinə getdik, lakin, onun orda olmadığını öyrəndik. Bir müddətdən sonra oğlumun Sumqayıtda, yaşadığı evin qarşısında olduğunu biləndən sonra ora yollandıq. Ora çatanda Ayxanın saxlanılaraq, 1-ci bölməyə aparıldığını bildik. Bölmədə görüşəndə, oğlum qayınatasını qətlə yetirdiyini etiraf etdi. Gəlinim Aygünün mənə qarşı əxlaqsız hərəkətlər etməsi barədə istintaqda dedikləri böhtandır. Ona heç vaxt söyməmişəm, nə mən, nə də oğlum Aygünü döyməmişik. Ayxan Sumqayıt polis idarəsində aparılmış istintaqdan narazı qaldığına görə, bir neçə dəfə Xalıq Bağırovu öldürəcəyini söyləsə də, oğlumun belə bir cinayət törədəcəyinə inanmırdım.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan Hüseynəliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.