Böyük Britaniya, Aİ və ABŞ Marşal Adaları, Liberiya və Panamaya məktublar göndərərək, Qərbin sanksiyalarından yayınaraq Rusiya neftini daşıya biləcəyi iddia edilən gəmilərinə nəzarəti gücləndirməyi tələb edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mənbənin sözlərinə görə, məktublarda Rusiya neftinin qiymətinə qoyulan məhdudiyyətlərdən yayınma hallarının sayının artması ilə bağlı xəbərdarlıqlar və üç ölkədən dəniz nəqliyyatına nəzarətin gücləndirilməsi tələbi yer alıb.
Üç ölkənin ABŞ-dakı səfirləri, ABŞ-ın özü, Böyük Britaniya və Aİ rəsmiləri şərh verməyib.
Aİ-nin Rusiya Federasiyasından dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo 2022-ci il dekabrın 5-dən qüvvəyə minib. “Yeddilik Qrupu” ölkələri, Aİ və Avstraliya öz tabeliyində olan gəmilər və ərazilər üçün dənizdən daşınan Rusiya neftinin qiymətinin bir barrel üçün 60 dollar həddi tətbiq ediblər. 2023-cü il fevralın 5-dən analoji məhdudiyyətlər Rusiyadan neft məhsullarının tədarükünə də şamil olunmağa başlayıb.
Follow @7timesaz