ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda səsləndirdiyi fikirlərin səs-sədası hələ də davam edir. Dünya mediası Kissincerin düşüncələrini fərqli formalarda analiz edib. Əsas maraq obyekti isə onun bəyan etdiyi kimi Avropanın Ukraynanı Rusiyanın danışıqlar şərtlərini qəbul etməyə məcbur edəcəyi halda, nələrin baş verəcəyidir.
Maraqlıdır, Ukrayna torpaqları güzəştə gedərsə, Rusiya müharibəni dayandıra bilərmi?
Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan politoloq Elxan Şahinoğlu deyib ki, Kissincerin səsləndirdiyi fikirlərin səbəbi müharibənin davam etməsinin beynəlxalq aləmdə yeni problemlər yaradacağı ehtimalından irəli gəlir:
“Kissincerin bu çıxışındakı məqsəd yenə eynidir: Rusiya ilə Çin arasında ittifaqın güclənməsinə imkan vermək olmaz. Fransa prezidenti Emmanuel Makron da Kissincer kimi düşünür və hesab edir ki, müharibəni dayandırmaq üçün Rusiyanı razı salmaq lazımdır. Ancaq Rusiyanı razı salmaq problemi həll edəcəkmi?”.
Ekspert əlavə edib ki, vaxtilə Qərb ölkələri Hitleri də razı salmaq üçün müxtəlif güzəştlərə getdilər:
“Bu isə İkinci Dünya müharibəsi ilə nəticələndi. Qərb Ukraynanın bir hissəsini güzəştə razılaşarsa, Rusiya yeni hədəflər seçəcək”.
Follow @7timesaz