Ölkə

“Qızdırma 37 dərəcə olarsa…” – Pediatrdan valideynlərə MÜHÜM XƏBƏRDARLIQ! 

“Qızdırma 37 dərəcə olarsa…” – Pediatrdan valideynlərə MÜHÜM XƏBƏRDARLIQ!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlar xəstələnəndə onlarda tez-tez yüksək hərarət müşahidə olunur. Çox vaxt valideynlər həkimə müraciət etmədən temperaturu dərhal salmağa cəhd göstərir. 

 

7Times.az -ın məlumatına görə, bununla bağlı danışan pediatr Aynur Adıgözəlova deyib ki, normada bədən temperaturu 36 – 37⁰C olmalıdır:

 

“Temperatur infeksion və qeyri-infeksion amillərin təsirindən yarana bilər. Ən çox rast gəlinən infeksion mənşəli qızdırmadır. Kəskin respirator virus infeksiyaları, pnevmoniya, bağırsaq infeksiyaları kimi əksər xəstəliklər qızdırma ilə başlayır. Bəzən temperatur reaksiyası ilə əsas xəstəliyin klinik əlamətlərinin meydana gəlməsi arasında bir neçə günlük fasilə keçə bilər. Məsələn, qızılcada 24 saat, pnevmoniyada 6-12 saat, məxmərəkdə 4-5 gün, su çiçəyində 1- 3 gün ara ilə əvvəl qızdırma, sonra digər spesifik əlamətlər yaranır”.

 

Mütəxəssis bildirib ki, uşaqlarda hərarətin yüksəlməsi zamanı ilk olaraq onların ümumi vəziyyətini, yəni aktivlik dərəcəsini, dəri örtüyünün rəngini və iştahasını dəyərləndirmək lazımdır:

 

“Uşaqda baş, boğaz, qulaq və qarın nahiyələrində müşahidə olunan ağrıları, sutkada 5 dəfədən artıq davam edən qusma kimi hallar olarsa, subfebril (37.5⁰C) qızdırmada belə pediatra müraciət etmək tövsiyə olunur. Digər tərəfdən, 3 aydan kiçik uşaqda 38.0⁰C temperatur varsa və temperatur aşağı düşmürsə, yaxud sidik ifrazının azalması və dəri örtüyünün solğunlaşması kimi vəziyyətlər meydana gəlirsə, bu halda da həkim nəzarəti mütləq vacibdir”.

 

Adıgözəlova qeyd edib ki, termometrin göstəricisindən asılı olmayaraq, uşaq özünü pis hiss edərsə, onda qazanılan, ya da anadangəlmə hər hansı xroniki xəstəliyi olarsa, keçmişdə uşaqda qıcolma qeyd olunubsa, hərarəti salmaq tövsiyə olunur:

 

“Uşaq özünü yaxşı hiss edir və onda heç bir narahatlıq yoxdursa, iştahası normaldırsa və temperaturu 38.0⁰ C yuxarı qalxmırsa, bu zaman qızdırmanı salmağa ehtiyac yoxdur. Temperatur 38.0⁰C-dən yuxarı yüksəldiyi təqdirdə immun sistemi aktivləşir. İmmunitet sistemi tərəfindən orqanizmdə bioloji aktiv maddələrin kütləvi istehsalı 38,5 və ya daha yüksək olduqda başlayır. Hər yaş qrupunun özünəməxsus dərman preparatları mövcuddur. Uşaqlara dərman təyinatı hər çəkiyə və yaşa uyğun hesablanır. Bu zaman xəstəliyin gedişatı və əks göstərişləri də nəzərə alınır. Digər tərəfdən, temperatura təsir edən əsas səbəbi aradan qaldırmaq lazımdır. Günvurma, bədənin isinməsi hallarında bədəni normal temperatur mühitinə qaytarmaq, bədəni soyutmaq lazımdır. Xroniki iltihab ocaqları varsa, mütləq sanasiya olunmalıdır. Həmçinin stomatoloq, LOR və cərrahın konsultasiyası tövsiyə olunur”.