O İslam inqilabının ən böyük düşmənlərindəndir. Çünki bu inqilab ömrünün ən qaynar çağlarında onu 21 il ev dustağı edib, həyatını oğurlayıb. Dünyanı öz şaqraq musiqiləri ilə gəzib-dolaşan bir müğənnini qəfəsə salıb, qara çadralara bürünməyə, yaşadığı ölkədən qaçmağa məcbur edib.
Lent.az-ın “Göz önündə” rubrikasının növbəti qonağı təlxəyin şah süfrəsində oturan qızı, başına şahlıq quşu qonmuş qu quşudur, başqa sözlə əslən azərbaycanlı olan İran vətəndaşı, məşhur müğənni Ququşdur.
Əsl adı Faiqə Atəşin olan Ququş Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən Gəncədən olan Qulu Sübhinin nəvəsidir. Onun ailəsi Gəncədən Bakıya, sonra Bakıdan İrana köçüb gedib. Ququşun anası Nəsrin Atəşinin Bakılı olması barədə sənədlər var.
O, 1950-ci ildə Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib.
Ququş atası, anası və qardaşı ilə
Atası Sabir həm təlxək, həm də canbaz kimi el şənliklərinə qatılır, ailəsini bununla dolandırırdı. Qızını da özünə dəstək üçün erkən yaşlarda məclislərə aparmağa başlamışdı. Ququş demək olar ki, uşaqlıq yaşamamışdı. Atası ilə anası ayrılır, o ögey ananın töhməti, qəzəbli baxışları altında böyüyür. Lakin çox sonralar, məşhurlaşdıqdan sonra kiçik ögey qardaşını övladlığa götürüb öz balası kimi böyüdəcəkdi.
Gözəl siması və gözəl səsinə görə ona Qu quşu deyirdilər. Elə Ququş adı da belə yaranmışdı. Uşaq yaşlarından məşhurlaşmağa başlayan Ququş tezliklə İran şahının sarayına yol tapır. Hətta şah ailəsinin süfrəsində yeməyə dəvət olunur. İran şahı Ərəbistana səfəri zamanı balaca Ququşu da özü ilə aparır. Balaca qız ərəb əmirin sarayında mahnı oxuyur, ərəb əmiri ona bir kisə qızıl hədiyyə edir və sarayında saxlamaq istəyir. Atası Ququşun parlaq gələcəyini və daha böyük pullar qazanacağını bildiyi üçün, üstəlik İran şahının sevimlisinə çevrilmiş qızını ərəblərə vermək istəmir.
Sonralar İran şahının xanımı ilə gənc Ququş arasında dostluq münasibətləri yaranır, bu ailə ilə yaxınlıq Ququşun taleyində mühüm rol oynayır.
Ququş Avropaya qastrollara gedir, öz ölkəsində çoxlu sayda filmlərə çəkilirdi. Afişalarda bir tək Ququş sözünün yazılması anşlaqlara, biletlərin satılıb qurtarmasına səbəb olurdu. 29 yaşı olarkən artıq bütün dünyada tanınırdı, şöhrətin zirvələrində idi, lakin…
1979-cu ilin fevralında baş verən İslam İnqilabı Ququşun həyatını iflic edir. İslam İnqilabı şah ailəsi ilə yaxınlığına görə Ququşa daha zalım münasibət sərgiləyir. İslam inqilabının düşməni kimi tanınan müğənni ev dustağına çevrilir və bu düz 21 il davam edir. O gizli şəkildə ölkəsindən Amerikaya qaçana qədər.
Ququş 2000-ci ildə Şimali Amerikaya köçür və qəfəsdən çıxmış qu quşu sənətinə burda davam edir. Lakin hər nə qədər böyük səhnələrə çıxsa da, arzusu vətənini mollabaşlardan azad görməkdir. O, 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda, BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunan aclıq aksiyasında iştirak edib.
Bir zamanlar bu dünya şöhrətli müğənni haqqında müxtəlif şaiyələr dolaşdı, onun erməni sevgilisinə görə ermənilərin təsiri altında olması kimi yanlış xəbərlərlə azərbaycanlı izləyiciləri Ququqşdan soyutmağa çalışdılar. Ququş dəfələrlə Azərbaycana bağlı olduğunu, azərbaycanlı qanı daşımağı ilə fəxr etdiyini deyib. Erməni sevgilisi də olmayıb. Bu xəbərləri bizim ölkəmizdə yayanlar da sadəcə İranın və ya Ermənistanın siyasətinə xidmət edənlərdir. Çünki Ququşun dilindən səslənmiş “Ayrılıq” mahnısı ikiyə bölünmüş bir xalqı ayağa qaldırmaq üçün himnə çevrilə bilərdi. İran bundan qorxur, həm də çox qorxur.
Bir qədər də bu gözəllər gözəli xanımın şəxsi həyatı barədə danışaq. Ququş 3 dəfə rəsmən evli olub, dördüncü sevgilisi ilə uzun illər birlikdə yaşasa da münasibətlərini rəsmiləşdirməyib.
Ququş və Mahmud Qurbani
Ququşun ilk həyat yoldaşı Mahmud Qurbanı adlı çox varlı iş adamı olub. Onlar 1967-ci ildə ailə həyatı qurublar. Ququşun Qurbanidən Kambiz adlı bir oğlu var. Hazırda Amerikada Kambizin övladları Maya və Dara ilə birlikdə yaşayır. Ququş Mahmudla 6 il evli qaldıqdan sonra boşanıb, ikinci dəfə 1975-ci ildə İranın məşhur aktyoru Bəhruz Vüsaqi ilə ailə qurub. Onların evliliyi cəmi 9 ay çəkib, 1976-cı ildə boşanıblar.
Ququş və Bəhruz Vüsaqi
1970-ci illərin sonlarında Ququş Homayoun Mestagi ilə qarşılaşır. Onlar eşq macərası yaşamağa başlayırlar. 1979-cu ildə İranda İslam İnqilabından sonra nikahsız yaşadığına görə Ququş 3 aylıq həbs olunub. Amma cütlük həbsdən sonra da ayrılmayıb, bir müddət bir yerdə yaşayıblar. 1985-ci ildə cütlük ayrılıb.
Müğənni 1991-ci ildə iranlı rejissor Məsud Kimiai ilə evlənib. 2005-ci ildə Məsud Kimiai və Ququş cütlüyü ayrılıb.
Ququqş müsahibələrində bildirib ki, həyatına daxil olmuş bütün kişilər ondan sadəcə istifadə ediblər. O əsl məhəbbəti tapa bilməyib, “xoşbəxtlik” sözünə isə nifrət edir.
Ququqş oğlu ilə
Ən böyük qorxusunun pulsuz qalmaq olduğunu söyləyən müğənni bütün sərvətini nəvələrinə miras qoyacağını bildirib.
Ququqş və nəvələri
Bir zamanlar bütün İranın stil ikonasına çevrilmiş gözəl Ququş 73 yaşına rəğmən yenə cazibədar, yenə şahanədir. Azərbaycana gəlib konsert vermək arzusu var. Bir də İrana dönmək. Lakin molla rejiminin idarə etdiyi qara çadralara bürünmüş qəfəs İrana deyil, azad İrana.
Follow @7timesaz