“Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi”.
Bu sözləri Yenisabah.az-a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib.
Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?
Xanımı Mədəniyyət Nazirliyindən ona bircə kərə də zəng gəlmədiyini bildirib.
Gülü kimdənsə nəsə ummadığını qeyd edib:
“Hər gün gedib məzarı başında dururam 3-4 saat onunla oluram, sonra qayıdıb evə gəlirəm. Mən heç kimdən nəsə ummuram. İndi hamı öz hayındadır, hamı öz iş-gücü ilə maraqlanır. Rəmiş dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən heç kəs zəng vurmayıb. Oturmuşam öz damımın altında, hərdən bir-iki dostu zəng edir, halımı-əhvalımı soruşur. Amma evə nə gələn var, nə gedən. Heç kimdən də incimirəm. Allah hamısına can sağlığı versin. Prezidentimizə, Mehriban Əliyevaya can sağlığı arzulayıram, Allah onları ölkəmizdən əksik etməsin. Məhz onların sayəsində Rəmiş 2 ay artıq yaşadı, onu xəstəxanaya yerləşdirdilər, bütün müalicə xərclərini ödədilər. İndiyə qədər nə lazımdırsa onlar etdi, kifayət qədər dəstək oldular. Hətta Rəmiş dünyasını dəyişəndən sonra qəbirstanlıqda yer də verdilər, qayğımızı çəkdilər. Ona görə indi heç kəsdən umu-küsüm yoxdur, nə lazım idisə, Prezidentimiz etdi.
Şükür Qarabağ geri alınıb, başları ora qarışıb. Rayonlarımız abadlaşdırılır ki, yurd-yuvalarından ayrı düşənlər qısa zamanda geri qayıtsınlar. Bunları bilə-bilə necə kimdənsə küsüb-inciyə bilərəm? Tək canımdır, 264 manat təqaüd alıram, onunla özümü dolandıra bilirəm. Bilirəm ki, növbəti təqaüdə qədər nəyi necə xərcləmək lazımdır. Hər şeyi planlı edirəm ki, heç kəsə ehtiyacım olmasın”.
O, Rəmişin vəfatından sonra sənətçinin mirası ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib:
“Adam gərək Allahla danışsın, Rəmişin vəfatından sonra ailəsi ilə “miras davamız” olmayıb. Bu haqda danışılanlar dedi-qodudur. Onun ailəsindən bir insan belə mənə “gözün üstə qaşın var” deməyib. Rəmişin ilk həyat yoldaşından iki qız övladı var. Nə qızları, nə digər qohumlarından kimsə miras davası salmayıb. Heç biri də məni incitmir. Onlar Rəmişin vəfatından sonra mirası barədə söhbətləri ağıllarına belə gətirmirlər, gərək sözün düzünü danışasan, mənimlə heç kəsin işi yoxdur, hərə öz evinə qaxılıb. Bu söhbətləri kim yayır bilmirəm, ancaq düz iş görmür. Rəmişin guya nəyi var idi ki, bir evi var, onu da Prezidentimiz bağışlayıb. Həm də qohumları elə adam deyillər ki, gəlib mənimlə ev davası etsinlər. Şükür Allaha, hamısının hər şeyi var”.
Əsmətxanım