Qısa arayış…
2019-cu il iyulun 6-da Rəşid Qasımovun qətlə yetirilməsi ilə bağlı Sabunçu rayon Prokurorluğuna məlumat daxil olur. Müəyyən edilir ki, hadisə Zabrat-2 qəsəbəsi, İstixana Kombinatı küçəsi, nömrəsiz fərdi yaşayış evdə qeydə alınıb. Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilir.
Araşdırma zamanı müəyyən edilir ki, Rəşid Qasımovu kirayədə yaşayan Emin Babaşlının qohumu Coşqun Babaşov öldürüb və hadisə yerindən uzaqlaşıb. Cinayəti törədən şəxs Bərdə rayonun Nazirli kəndində saxlanılaraq, Bakıya gətirilib və istintaqa təqdim edilib. Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəşid Qasımovun meyitində 23 ədəd yara aşkar edilib.
7Times.az lent.az-a istinadən sözügedən qətl hadisəsinin istintaq materiallarını təqdim edir.
İstintaqla müəyyən edilib ki, iyunun 6-sı gecə saat 1 radələrində evin həyətində təklikdə söhbət edərkən Rəşid Qasımov Coşqun Babaşovdan qohumu Emin Babaşlının arvadı Aytac Əhmədovanın mobil telefon nömrəsini istəyib.
Bu zəmində aralarında yaranmış münaqişə zamanı, Babaşov mətbəx bıçağı ilə Qasımovun bədəninə zərbələr vurub. R. Qasımov döşəmənin üzərinə yıxılsa da, C. Babaşov xuliqanlıq hərəkətlərini davam etdirərək, yerdə hərəkətsiz qalan şəxsə çoxsaylı zərbələr endirib. Bununla da o, zərərçəkmişi öldürüb.
İş üzrə dindirilmiş Coşqun Babaşov bildirib ki, 2019-cu il mayın 24-də işləmək məqsədi ilə rayondan Bakıya gəlib. Bibisi oğlu Emin Babaşlının kirayədə yaşadığı Zabrat qəsəbəsində yerləşən evdə qalıb:
“Emin orda həyat yoldaşı Aytac və azyaşlı oğlu Rəsulla birlikdə yaşayıb. Məhəmmədi kəndində yeni tikilən binaların suvaq işlərini görürdüm. Rəşid Qasımov Eminin kirayədə yaşadığı evin yiyəsi idi. Onu 2-3 dəfə görmüşdüm. İyunun 5-i saat 20 radələrində Eminlə işdən qayıdarkən, bibim oğlu marketdən bir şüşə araq aldı. Emin neçə vaxtı ev yiyəsi Rəşidə qonaqlıq söz verdiyini deyərək, onu da dəvət etmişdi. Bir azdan Rəşid yaşadığımız evə gəldi, birlikdə yeyib-içdik. Eminin həyat yoldaşı bizə qulluq edirdi. Bir neçə saatdan sonra Rəşid yeyib-içməyi öz evlərində davam etdirməyimizi təklif etdi. Razılaşaraq birlikdə bitişik həyətdə yerləşən evə keçdik. Orda əlavə, Rəşidin aldığı yarım litrlik arağı içdik. Emin gedəndən sonra, gecə saat 1 radələrində həyətdə siqaret çəkərkən Rəşid mənə evə qadın çağırmağı təklif etdi”.
Bundan sonra Rəşid çoxdandır Eminin arvadından xoşu gəldiyini bildirib və ondan Aytacın mobil nömrəsini istəyib. Rəşidin sözləri pis təsir etdiyindən, ona danışığına fikir verməsini, qadının onun nəvəsi yaşında olduğunu deyib:
“Mətbəx bıçağını götürən Qasımov üzərimə gələndə, cəld, sol əlimlə sağ biləyindən tutub, sağ əlimlə ondan kəsici aləti aldım. Qarnına vurduğum xəsarətlərin təsirindən Rəşid arxası üstə yerə yıxıldı. Bundan sonra neçə bıçaq vurmağımdan xəbəri olmadı. Əlimdə bıçaqla Eminin yaşadığı evə getdim, qapını döyəndə qapını Aytac açdı. Üst-başımın və əlimdəki bıçağın qanlı olduğunu görən qadına ev sahibini öldürdüyümü dedim. Emini yuxudan oyatdım. Dedim ki, arvadının telefon nömrəsini istədiyinə görə Rəşidi qətlə yetirdim. Qapıdan çıxanda qohumuna gedib Qasımova baxmasını söylədim. Yolla piyada gedərkən, çörək sexinin yanında bıçağı atdım. Sabunçu qəsəbəsindən taksi ilə “Koroğlu” metrostansiyasına, metro ilə avtovağzala, ordan da digər taksi ilə Bərdə rayonuna, babamın evinə getdim. İyunun 6-ı saat 13 radələrində atam orada gəlib, polis əməkdaşlarının məni axtardıqlarını dedi”.
Şahid Emin Babaşlı ifadəsində göstərib ki, dayısı oğlu Coşqun gecə saat 1 radələrində onu yuxudan oyatdıqda əlində qanlı bıçaq görüb, mətbəxdə arvadının yüksək səslə ağlamasını eşidib:
“Nə baş verdiyini soruşanda, qohumum dedi ki, mətbəxdə oturub yeyib-içərkən, Rəşid Aytacdan xoşu gəldiyini söyləyərək, onun mobil nömrəsini istəyib. Həmin sözlərindən sonra Coşqun əsəbi halda evin həyətində bıçaqla xəsarətlər yetirərək, Rəşidi öldürdüyünü bildirib. Coşqun gedəndən sonra, küçəyə çıxıb Rəşidin evinin qapısını açdım ki, onun sözlərinin doğru olub-olmadığını öyrənim. Artıq qonşular səsə oyanmışdı, təcili tibbi yardıma və polisə məlumat verilmişdi. Baş verənlərdən qorxduğum üçün kirayə qaldığım evdən getmək qərarına gəldim. Ailəsi ilə birlikdə evdən çıxıb gedədə, mənə yaxınlaşan polis əməkdaşlarına hadisə barədə bildiklərimi danışdım”.
Emin Babaşlı qeyd edib ki, Aytaca qarşı Rəşidin hər hansı əxlaqsız hərəkətini görməyib.
Şahid Suğra Qasımova ifadəsində göstərib ki, həyat yoldaşı Rəşid Qasımov təxminən 25 ildən artıq müddət ərzində Rusiya Müdafiə Nazirliyinin hərbi hissəsində xidmət edib. Bir neçə il əvvəl ordudan tərxis olunub. Təqaüdçü olub:
“2019-cu il iyunun 6-da ərimin qətlə yetirilməsindən xəbərim olmayıb. Həmin gün mənə baldızım zəng edərək Rəşidin öldürülməsi barədə məlumat verdi. Hadisə yerinə gələndə yoldaşımın meyiti həyətdə idi. Rəşidin pula görə öldürüldüyünü ehtimal edirəm. Amma əlimdə konkret fakt və sübut yoxdur”.
Şahid Rəşad Hüseynov bildirib ki, Rəşid Qasımov onun kirayədə yaşadığı evin mülkiyyətçisi olub. Ondan başqa qonşuluqda daha 2 kirayənişini yaşayıb:
“İyunun 5-i saat 20 radələrində işdən evə gələndə qonşum Emin Babaşlının həyətindən uca səslər eşitdim. Səsdən Rəşidgilin yeyib-içdiyini hiss etdim. Ev sahibinə salam verdikdə, Rəşid məni yanlarına çağırdı, mən isə hasarın bu tərəfindən işdən gəldiyimi və dincəlmək istədiyimi dedim. Saat 1 radələrində qonşumun evindən gələn səsə oyandım. Küçəyə çıxanda, Rəşidin həyət qapısının açıq olduğunu görüb, ora yaxınlaşdım. Görüb ki, qonşum üzü üstə yerdə uzanıb və ətrafı qandır. Dərhal mobil telefonumdan Təcili Tibbi Yardıma zəng edərək, məlumat verdim”.
Polis əməkdaşları gələnədək, Rəşidin evindən mələfə gətirib, onu yerə sərib, meyiti arxası üstə çeviriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1996-cı il təvəllüdlü Coşqun Babaşov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.
Follow @7timesaz