Rumıniya ABŞ-dan 48 ədəd F-35A təyyarəsi almağı planlaşdırır.
“AzPolitika.info” Polşanın “Defence24.pl” portalına istinadla xəbər verir ki, bu təyyarələr üç döyüş eskadrilyasının bir hissəsi olacaq və hazırda tamamlanan F-16AM/BM-ni 1:1 nisbətində əvəz edəcək Bundan əvvəl Rumıniya ümumilikdə 49 F-16 əldə edib.
Təyyarələr iki tranşla alınacaq. Birincisinə 32 təyyarə, yəni iki eskadrilya daxil olacaq və gələcəkdə ikinci mərhələ çərçivəsində daha bir eskadrilya (16 ədəd) alınacaq. Rumıniya hakimiyyəti bu cür iddialı alışa səbəb kimi Rusiyanın Rumıniya ilə sərhəddə yerləşən Ukrayna hədəflərinə raket və pilotsuz təyyarə zərbələrini göstərir.
Qeyd olunur ki, bu ilin aprel ayında Rumıniya parlamenti hərbi təyyarə parkını 5-ci nəsil hesab olunan F-35-lərlə yeniləmək barədə qərar qəbul edib. Avqustun əvvəlində Rumıniya Amerika rəsmilərindən silahlar da daxil olmaqla zəngin müşayiət paketi ilə 6,5 milyard dollara qədər 32 F-35 almağa razılıq əldə edib. Odur ki, daha 16 təyyarə üçün əlavə razılıq lazım olacaq, lakin Buxarestin Vaşinqtonla münasibətlərdəki statusunu və regiondakı vəziyyəti nəzərə alsaq, bu, sadəcə, formallıq kimi görünür.
Polşa indiyədək regionda 32 ədəd F-35 alan ilk ölkə olub. Hal-hazırda, daha iki döyüş təyyarəsi eskadrilyasının alınacağı və bunların daha 32 F-35A olması şansının yüksək olduğu açıqlanır. Varşavanın qərarından və 2020-ci ilin yanvarında edilən alışdan sonra bu təyyarəni regionda Finlandiya, Çexiya, Rumıniya və Almaniya da seçiblər. Yəni Macarıstandan başqa, regionda bu təyyarəni ala biləcək bütün ölkələr F-35 sifariş ediblər.
“Daha az pulu olan” ölkələr (Bolqarıstan, Slovakiya) isə F-16-nın son versiyasını almağa qərar verdilər. Yeganə istisna Fransanın çoxfunksiyalı “Dassault Rafale” təyyarələrini almış Xorvatiya hesab olunur.
Follow @7timesaz