Dünya

RUSİYA ABŞ-ın AĞIR TEXNİKA YARDIMINDAN QORXUYA DÜŞÜB – Hansı silahlar göndəriləcək?

RUSİYA ABŞ-ın AĞIR TEXNİKA YARDIMINDAN QORXUYA DÜŞÜB – Hansı silahlar göndəriləcək?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya və onu Rusiya ilə müharibəsində dəstəkləyən ölkələrə 3.75 milyard dollarlıq hərbi yardım paketi ayırıb. Bu barədə məlumatı yanvarın 6-da ABŞ dövlət katibi Entoni Blinken verib.

O deyib ki, sözügedən yardım paketinin 682 milyon dolları Ukraynaya silah-sursat və hərbi texnika ilə dəstək verən NATO üzvləri üçün nəzərdə tutulub. Bu ölkələr bu vəsaitlə Ukraynaya öz cəbbəxanalarından verdikləri hərbi texnikanın yerini doldurmalıdır.

Blinkenin bəyanatından az sonra Pentaqon Ukraynaya göstərilən hərbi yardımın təfərrüatını açıqlayıb.

Məlum olub ki, Ukrayna üçün yardım paketinə 50 ədəd “Bradley” PDM-i (piyadaların döyüş maşını), 500 ədəd antitank silahı və onlar üçün 250 min sursat, minalara qarşı qoruması olan 55 ədəd MRAP təkərli zirehli transportyoru, 100 ədəd M113 zirehli transportyoru, BUK zenit qurğusundan atılması üçün modernləşdirilmiş yer-göy tipli “Sea Sparrow” raketləri, 138 “Hummer” markalı SUV və ya yolsuzluq maşınları, M142 HIMARS sistemi üçün raketlər, müxtəlif hava hücumundan müdafiə raketləri, snayper tüfəngləri və başqa silahlar daxildir.

Berlin yanvarın 6-də bəyan edib ki, Almaniya bir neçə həftə ərzində Ukraynaya “Marder” zirehli maşınları göndərəcək. Almaniya habelə bu maşınları idarə edəcək ukraynalılara təlim verilməsini öz üzərinə götürüb. Təlimlər Almaniyada keçiriləcək.

Sözügedən hər iki PDM – “Marder” və “Bradley” 25 mm çaplı avtotoplar, 7.62 mm çaplı puleymot və antitank raketləri ilə silahlandırılıb. Xəbər verilir ki, Ukraynaya ümumilikdə 50 ədəd “Bradley” və 20-40 arası “Marder” veriləcək.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi “Bradley” PDM-lərinin Ukrayna silahlı qüvvələri üçün çox böyük dəstək olacağına inandığını deyib. O qeyd edib ki, bu PDM-lərdən istifadə üçün təlimləri ABŞ təşkil edəcək. Kirbi vurğulayıb ki, “Bradley” PDM-ləri hazırda Ukrayna cəbhəsində yaranmış şəraitə tam uyğun gələn texnikadır.

Pentaqonun sözçüsü, briqada generalı Pat Rayder deyib ki, “Bradley” tank yox, “tank öldürən” maşındır.

AFP qeyd edir ki, Kiyev ona ağır texnikanın verilməsini Qərb müttəfiqlərindən çoxdan istəyirdi. Lakin müttəfiqlər Moskvanı qıcıqlandırmamaq üçün belə silahların Ukraynaya göndərilməsində tərəddüd keçirirdilər. Buna baxmayaraq ukraynalıların döyüş meydanında qüvvələr balansını dəyişə bilməsi Qərbi ürəkləndirib.

Bu arada Fransa da Ukraynaya AMX-10 RC yüngül tankarını göndərməyə hazır olduğunu bəyan edib.

Almaniya habelə bəyan edib ki, ABŞ-ın ardınca Ukraynaya hava hücumundan müdafiə “Patriot” raket sisteminin daha bir batareyasını göndərəcək. Bununla da Ukraynada “Patriot” raketlərinin iki batareyası olacaq.

Beləliklə, Birləşmiş Ştatlar Ukraynada müharibə başlanandan bəri Kiyevə 21.3 milyard dollarlıq hərbi yardım göstərib.

Rusiyanın Vaşinqtondakı səfiri Ukraynaya “Bradley” PDM-lərinin göndərilməsindən narazılıq ifadə edib. Onun sözlərinə görə bu, Birləşmiş Ştatların Rusiyanın çağırışlarına məhəl qoymadığını və bunun nəticəsi barədə düşünmədiyini göstərir. Səfir Anatoli Antonovun bu qeydləri səfirliyin rusdilli və ingilisdilli səhifələrində dərc olunub. Diplomat deyib ki, bu hadisə ABŞ-ın münaqişənin siyasi həllində maraqlı olmamasından xəbər verir.

“AzPolitika.info”