Rusiya öz resursları ilə genişmiqyaslı hücum əməliyyatları həyata keçirə bilmədiyi üçün xarici dəstəyə, xüsusilə də Şimali Koreya və İrandan silah alışına ehtiyac duyur.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatda Olanlar Şurasının sədri İvan Timoçko bildirib.
Onun sözlərinə görə, Rusiya Şimali Koreyadan təkcə artilleriya mərmiləri deyil, həm də raketlər, atıcı silahlar, minaatanlar, reaktiv yaylım sistemləri və digər hərbi texnika alır. Eyni zamanda, İran da Rusiyaya raket hissələri, hərbi geyim və müxtəlif avadanlıqlarla yardım edir.
Timoçko vurğulayıb ki, əgər Rusiya bu əməliyyatları öz gücü ilə həyata keçirə bilsəydi, Şimali Koreyada istehsalı genişləndirməyə çalışmaz, Avropa ölkələrindən gizli yolla avadanlıq almaz və Çin komponentlərinə möhtac qalmazdı.
Onun sözlərinə görə, Şimali Koreya hazırda Çinlə Rusiya arasında bir növ logistik mərkəzə çevrilib.
Timoçko həmçinin qeyd edib ki, Rusiyanın hazırda raketləri geniş şəkildə istifadə etməməsi, onların qalmadığı anlamına gəlmir. Sadəcə olaraq, bu silahların komponentlərinin əksəriyyəti xaricdən alınır və bu da istehsal prosesini qeyri-sabit edir.
“Tez-tez elə vəziyyət yaranır ki, lazımi detallar olmadığından raket istehsalı dayandırılır”, – deyə o əlavə edib.
Ekspertin fikrincə, Rusiya bu məhdud imkanlar səbəbilə artıq daha çox əcnəbiləri orduya cəlb etməyə çalışır, çünki ölkə daxilində genişmiqyaslı səfərbərlik keçirmək risklidir.
“AzPolitika.info”
Follow @7timesaz