Xankəndində separatçı ünsürlərin mitinqlərə başlamasının, Rusiya hərbi kontingentinin Xocalıdakı qərargahı qarşısında etiraz çadırları qurmasının məqsədi nədir və bununla nəyə nail ola bilərlər?
Politoloq Elxan Şahinoğlu hesab edir ki, heç bir dövlət və beynəlxalq təşkilat Qarabağ ermənilərinə görə Azərbaycana təzyiq etmir və etməyəcək.
“Separatçılar ümid edirdilər ki, Rusiya Laçın yolunda sərhəd keçid məntəqisinin formalaşmasının qarşısını alacaq. Onların bu ümidləri də puça çıxdı”,– ekspert əlavə edib.
E. Şahinoğlunun sözlərinə görə, separatçılar Birinci Qarabağ müharibəsi dövründəki kimi Ermənistan ordusu və rusiyalı genaralların dəstəyi ilə Azərbaycan ordusuna qarşı savaş açmaq iqtidarında deyillər, bunu etsələr əlindəkiləri də itirəcəklər.
“Dövr fərqlidir. Yerdə qalır etirazlar təşkil etmək və bu yolla Kremlin, Vaşinqtonun, digər paytaxtların, o cümlədən beynəlxalq təşkilatların diqqətini cəlb etmək. Çünki anlayırlar ki, zaman onların əleyhinə işləyir, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan da vurğulayıb ki, Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətinin bitməsinə iki il qalıb” – deyə, o qeyd edib.
Təhlilçi hesab edir ki, separatçılar sona qədər dirənmək istəyirlər, ancaq bu dirəniş nə onların sosial problemlərini, nə də enerji təhcizatının həllini sürətləndirəcək: “Buna baxmayaraq, Rusiya hərbi kontingentinin fəaliyyətini diqqətlə izləməli, separatçılarla sövdələşmələrinin dərinliyini bilməliyik. Rus hərbçiləri rüşvətə meyllidirlər, dünyadakı erməni lobbisinin onları ələ almaq üçün İrəvan üzərindən onlara maliyyə vəsaiti göndərəcəyini istisna etmirəm. Erməni lobbisi Birinci Qarabağ müharibəsi illərində rusiyalı hərbçiləri separatçıların xeyrinə bu yolla ələ almışdılar”.
Follow @7timesaz