Ermənistanla Azərbaycan arasında Qarabağdakı hərbi münaqişədə erməni kökənli, amma ABŞ, Fransa və Rusiya vətəndaşlığına sahib olan silahlılar iştirak edir.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın “ura.ru” informasiya agentliyi yazıb.
Agentlik qeyd edib ki, muzdluların cəlb edilməsində ictimai təşkilatlar kimi maskalanmış diasporlar və strukturlar mühüm rol oynayırlar. Onlar “könüllüləri” – erməni mənşəli əcnəbiləri cəlb edirlər. Ancaq Rusiya pasportlu münaqişə iştirakçılarını geri qayıtdıqdan sonra qanunsuz silahlı birləşmələrdə iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlbetmə gözləyir.
“Könüllü” dəstələrin Qarabağa axını artıq Rusiya KİV-in diqqətini çəkib və onlar müəyyənləşdiriblər ki, Qarabağda əsasən erməni kökənli, lakin ABŞ, Fransa və Rusiya vətəndaşlığına sahib olan yaraqlılar döyüşür.
“Novaya qazeta” və BBC-nin söhbətləşdiyi bu cür birləşmələrin üzvləri açıq şəkildə Ermənistanın silahlı qüvvələri sıralarında olmasa da, azərbaycanlılarla müharibə üçün döyüş bölgəsinə gəldiklərini söyləyirlər. “Könüllüləri” daimi yaşadığı ölkədə bununla bağlı qanunun necə olması narahat etmir.
Tarix qismən təkrarlanır: ötən əsrin 90-cı illərində dünyanın müxtəlif yerlərindən yaraqlılar Ermənistana axın etmişdilər. Buna bariz nümunə Fransada həbsxanada yatmış, Yaxın Şərqdə və Avropada döyüş təcrübəsi olmuş səhra komandiri Monte Melkonyanın Yəməndən Qarabağa gəlməsidir.
Muzdluları cəlb edənlər heç özlərini gizlətmirlər də. “VoMA Center” ictimai təşkilatı “Ermənistanın düşmənləri” ilə mübarizə aparmaq üçün “arxa hazırlamaq” və “ehtiyat ordu” yaratmaq məqsədini açıq-aydın elan edir.
Təşkilatın son təşəbbüslərindən biri də dağ atıcı batalyonun formalaşdırılmasıdır. “Sürətli hərbi təlim kursları keçdikdən sonra batalyonumuz Ermənistan Müdafiə Nazirliyinin komandanlığı altında təyin olunmuş ərazilərdə döyüş əməliyyatlarına qatılacaq”, – “VoMA Venter” birbaşa vəd verir. Rusiyadan olan ermənilər üçün xüsusi təklif irəli sürülüb: onlara Moskvadan İrəvana birtərəfli uçuş üçün qismən və ya tam ödəmə ilə “çarter reysləri” vəd edilib.
Təşkilatın video və foto materialları daha çox şeydən xəbər verə bilər. Məsələn, “VoMA Center”in “yetirmələri”nin təlim keçməsi, yaxşı və bahalı təchizatı diqqət çəkir. Bakı bunun xərclərinin Ermənistanın Müdafiə Nazirliyi tərəfindən ödənildiyini bildirir. Amma “VoMA Center”in büdcəsinin böyük hissəsi fərdi şəxslərin, o cümlədən xarici diasporun ianələri hesabına formalaşır. Təşkilatın rəsmi saytında “ianə” qeydiyyatı üçün xüsusi bölmə var. Bununla belə, “VoMA Center”in beynəlmiləl formasiyaların yaradılmasında monopolist olma ehtimalı azdır. Belə “toplama” mərkəzlərinin xeyli çox olması istisna deyil.
Nəşr qeyd edir ki, Rusiya Erməniləri Birliyinin rəhbəri Ara Abramyan və Ermənistanın diaspor məsələləri üzrə əsas səlahiyyətlisi Zare Sinanyan da “könüllülər” batalyonlarına yazılmaqla bağlı çağırışlar edib. Ancaq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsinə (qanunsuz silahlı birləşmələrin təşkili və ya orada iştirak) əsasən, xaricdəki silahlı birləşmələrdə iştirak etmək 15 ilə qədər həbs cəzası deməkdir.
“VoMA Center” əbəs yerə birtərəfli bilet alınması üçün ödəniş etmir. Rusiyaya qayıdandan sonra muzdlular hərəkətlərinə görə qanuni məsuliyyət daşıyacaqlar”, – məqalədə deyilir.
Follow @7timesaz