Dünya

Rusiya Krım körpüsünə “alternativ” tapıb  Krıma dincəlməyə gedənlərə “cəhənnəm” təklif olunur

Rusiya Krım körpüsünə “alternativ” tapıb – Krıma dincəlməyə gedənlərə “cəhənnəm” təklif olunurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın növbəti dəfə Krım körpüsünü vurmasından sonra işğal altındakı yarımadaya gediş-gəliş daha da çətinləşib. Buna baxmayaraq, rusiyalıların bir çoxu dincəlmək üçün məhz getdikcə daha çox barıt çəlləyini xatırladan Krıma üz tutmaqda davam edirlər.

Maraqlıdır ki, Kreml də bu prosesi dəstəkləyir. Baxmayaraq ki, Ukrayna ərazisi olan və Ukrayna ordusu üçün legitim hədəf xarakteri daşıyan bu yarımadaya mülki əhalinin səfər etməsi insanların həyatı üçün olduqca böyük risk yaradır.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, rəsmi Moskva Rusiya hakimiyyəti Krıma getmək istəyənlərə yeni marşrut təklif edir. Söhbət işğal altında olan Azov dənizinin sahilləri boyu uzanan yoldan gedir. Buraya Mariupol, Berdyansk və digər daim Ukrayna ordusunun hədəfində olan “qaynar nöqtələr” aiddir.

Sözügedən yollarla işğalçı ordunun silah-sursat və canlı qüvvə daşınması həyata keçirilir və zaman-zaman Ukrayna müxtəlif silahlarla həmin yolları vurur. Eyni zamanda, bu ərazilərdə silah anbarları və digər legitim hərbi hədəflər var. Bu isə istənilən an onların vurula biləcəyi, nəticədə hərbi qüvvələrlə yanaşı, sözügedən yoldan istifadə edən mülki vətəndaşların da məhv edilməsi təhlükəsini yaradır.

Ukrayna tərəfi artıq rəsmi səviyyədə Krıma getmək üçün Azov dənizi sahili boyu yoldan istifadə edilməsilə bağlı xəbərdarlıq edib. Krımın Ukrayna ərazisi olduğunu və oraya Kiyevin razılığı olmadan yollanmağın ciddi qanun pozuntusu olduğunu, hüquqi məsuliyyət yaratdığını bildirən Ukrayna hakimiyyəti bu səfərlərin insanların həyatı bahasına başa gələ biləcəyini qeyd edib. Buna baxmayaraq, Rusiya hakimiyyəti və işğal olunmuş ərazilərin qondarma administrasiyaları əhalini sözügedən yollardan istifadə etməyə çağırmaqda davam edir.

Məsələn, qondarma “dnr”-in başçısı Denis Puşilin sözügedən marşrutda “komfort və təhlükəsizliyin təminatı” üçün tədbirlər görüldüyünü bəyan edib. Ancaq ağlı başında olan hər kəsə bəllidir ki, Krıma uzanan bu yol, istirahətə yox, cəhənnəmə gedən yol ola bilər.