Dünya

“Rusiya məğlubiyyət istəmirsə…” – Kreml hədələyir, Vaşinqton cavab verir

“Rusiya məğlubiyyət istəmirsə…” – Kreml hədələyir, Vaşinqton cavab verirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Rusiya işğala məruz qoyduğu Ukraynanı müdafiə edən Qərbə qarşı nüvə şantajının növbəti mərhələsinə qədəm qoyub.

7Times.az  xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərə biləcəyi, eləcə də Böyük Britaniya XİN başçısı Devid Kemeronun Ukraynanın Britaniyanın verdiyi raketlərlə birbaşa Rusiya ərazisini vura biləcəyi barədə bəyanatlarına cavab olaraq, Kreml nüvə təlimlərinə hazırlıq barədə göstəriş verib. Vladimir Putinin tapşırığına əsasən, Rusiya Baş Qərargahı Cənub Hərbi Dairəsinin raket birləşmələrinin təlimlərinə hazırlığa başlayıb.

Bununla bağlı Rusiya Müdafiə Nazirlyinin məlumatında deyilir: “Təlimlər ayrı-ayrı şəxslərin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq bölmələrin şəxsi heyətinin və texnikasının qeyri-strateji nüvə silahlarından döyüş istifadəsinə hazırlığını saxlamaq, cavab tədbirləri görmək və Rusiya dövlətinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz təmin etmək məqsədi daşıyır”.

“Ayrı-ayrı” şəxslər deyərkən əlbəttə ki, ilk növbədə Makron, Kemeron və digər bəzi Qərb ölkələri liderləri nəzərdə tutulur. Bu ölkələrin “günahı” isə odur ki, işğalçı Rusiya ilə onun başa düşdüyü yeganə dil olan güc dililə danışmağa başlayıblar. Buna cavab olaraq, “dünyanın ikinci” ordusuna sahib olan Kreml nədənsə, adi silahlara, “yenilməz ordusu”na deyil, dərhal nüvə şantajına müraciət edir, Zaxarova, Lavrov, Medvedev və Putinin özünün dili ilə bəşəriyyəti nüvə fəlakətilə hədələyir.

Bu hədə-qorxuya verilən cavablar isə özünü çox da gözlətmir. Bu günlərdə Emmanuel Makron Kremlin hədələrinə cavab olaraq xatırladıb ki, Fransa da nüvə ölkəsidir.

 

 

ABŞ-nin cavabı da maraqlı olub. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Rusiya Qərb silahlarından məğlub olacağından qorxursa, qoşunlarını Ukraynadan çıxarsın və müharibəni bitirsin: “Əgər Putin və Rusiya rəsmiləri Ukraynadakı qoşunlarının başqa dövlətlərdə istehsal olunan silahlarla vurula biləcəyindən narahatdırlarsa, bundan qaçmağın ən asan yolu sadəcə olaraq qoşunlarını geri çəkməkdir. Böyük bir nüvə dövlətinin liderinin öz nüvə arsenalı ilə hədələməsi, onun potensial istifadəsinə işarə etməsi sadəcə olaraq ağılsızlıq və məsuliyyətsizlikdir”.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə deyib ki, Vaşinqton Rusiyanın Ukrayna ərazisində nüvə silahından istifadə edə biləcəyinə dair heç bir əlamət görmür: “Rusiyanın nüvə ritorikası münaqişə boyu məsuliyyətsiz olub. Hər şeyə rəğmən, biz bu bəyanatlara cavab olaraq nə öz nüvə mövqeyimizi dəyişmək üçün bir səbəb, nə də Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair bir işarə görmədik”.

“AzPolitika”