“Moskvaya 8 təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) hücum edib, onların hamısı vurulub”.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Qeyd edilib ki, daha 5 PUA Moskvaətrafı bölgədə “Pantsir-s” zenit-raket kompleksi tərəfindən məhv edilib.
“Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib”, – nazirlikdən bildirilib.
Mayın 30-da səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində 2 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu şəhərin meri Sergey Sobyanin deyib.
Yaralılara tibbi yardım göstərilib.
Merin sözlərinə görə, bir neçə PUA vurulub.
PUA hücumuna məruz qalan ərazilərdən sakinlərin təxliyəsi başlayıb. S.Sobyanin əhalini sakit olmağa, təşvişə düşməməyə çağırıb.
Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin özünün teleqram kanalında dronların şəhərə hücum etdiyini bildirib.
“Report” xəbər verir ki, mer uçan pilotsuz təyyarələrin hücumu nəticəsində şəhərdə itki olmadığını qeyd edib.
Məlumata görə, mayın 30-da səhər saatlarında PUA-nın hücumu nəticəsində bir neçə binaya cüzi ziyan dəyib.
“Hazırda heç kim ciddi xəsarət almayıb”, – mer yazıb.
O, əlavə edib ki, şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir və hadisənin başvermə şəraitini müəyyənləşdirir.
Mer həmçinin yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.
Bundan əvvəl hadisə şahidləri Moskvanın Novomoskovsk rayonunda yaşayış binasında partlayış baş verdiyini bildiriblər.
Daha sonra Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə Atlasova küçəsi, ev 11-də baş verib.
FHN yaşayış binasında partlayışa pilotsuz təyyarənin səbəb ola biləcəyini ehtimal edib.
Bundan əlavə, Baza Telegram kanalı yazıb ki, Moskva yaxınlığındakı Odintsovo sakinləri partlayış səsləri barədə məlumat verirlər. Leninski prospektindəki binanın xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındığı, istehkamçıların ərazidə işlədiyi bildirilib.