Rusiya Xarici İşlər Nazirliyi nazir Sergey Lavrovun amerikalı məmurlarla gizli danışıqlara getməsi barədə məlumatlara münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında Lavrovun amerikalı məmurlarla gizli danışıqlara getdiyi barədə yayılan məlumatları feyk adlandırıb.
“Rusiya teleqram kanallarında və xarici mediada ikinci gündür ki, Lavrov ilə keçmiş amerikalı rəsmilər arasında bu ilin aprelində ABŞ-da baş tutan danışıqlara dair saxta məlumatlar yayılır. Bizim təkzib etməyimizə baxmayaraq, artıq ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi (yəni Ağ Evin özü) CBS-yə təsdiq edir ki, bir qrup keçmiş ABŞ rəsmisi Moskva ilə qeyri-rəsmi əlaqə kanalı yaratmağa cəhd edib.
Bir daha qeyd edirik ki, Rusiya xarici işlər nazirinin aprel ayında Amerika məmurları ilə gizli danışıqları olmayıb, gizli olmayan danışıqları da həmçinin… Bu feyk, yalan, manipulyasiyadır.
Kütləvi informasiya vasitələrinin (və indi də Con Kirbidən) xəbərlərindən anladığımız kimi, Amerika tərəfi Rusiya nümayəndə heyətinin rəhbərinin mütəmadi olaraq beynəlxalq səfərləri və BMT tədbirləri çərçivəsində keçirdiyi politoloqlar və ictimai xadimlərlə adi müzakirələrdən birini “görüş” kimi qələmə verməyə çalışır.
Burada söhbət, aprelin 24-də hazırda Riçard Haasın sədrlik etdiyi Xarici Əlaqələr Şurasının (CFR) üzvləri ilə görüşdən gedir. Amerika mətbuatının xəbərlərində adı çəkilən nə o, nə də Çarlz Kupçan və Tomas Qrem ABŞ-da dövlət vəzifələrində çalışmırlar.
Eyni ilə Sergey Lavrovun Xarici və Müdafiə Siyasəti Şurasının üzvləri və ya Amerika yəhudi təşkilatlarının nümayəndələri, Rusiya Xarici İşlər Nazirliyi yanında İşgüzar Şuranın nümayəndələri ilə görüşü və ya baş redaktorlarla söhbətini “gizli danışıqlar” kimi qələmə verə bilər.
Müzakirələr çərçivəsində müasir beynəlxalq münasibətlər və qlobal gündəm müzakirə olunur. Heç bir halda Ukrayna ilə bağlı sülh planından söhbət getməyib.
Məhz amerikalı ekspertlər və politoloqlar adətən göz yaşları içində ictimai informasiya məkanında müzakirə faktını açıqlamamağı və ya xəbər verməməyi xahiş edirlər. Onlar Amerika mediasındakı yüksək zəhərli atmosferdən və ABŞ hakimiyyətinin reaksiyasından haqlı olaraq narahatdırlar. Bəli, onlar açıq aydın Amerika rəsmiləri tərəfindən təqib olunmaqdan qorxurlar.
“Məmurlarla gizli danışıqlar” və “sülh planı ilə bağlı müzakirələr” ilə bağlı hazırkı məlumatlar Bayden administrasiyasının seçkilər ərəfəsində arzu olunanı reallıq kimi təqdim etmək cəhdidir.
Bir daha qeyd edirik ki, Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Amerika tərəfi ilə Ukrayna ilə bağlı gizli danışıqları barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu feykdir”, deyə Rusiya XİN sözçüsü teleqram kanalında yazıb.
Follow @7timesaz