Ötən gün Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzmin ölkəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının (İHŞ) üzvlüyündən vaxtından əvvəl çıxdığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə BMT-nin iclasında çıxışı zamanı deyib.
“Rusiya Federasiyası 2022-ci il aprelin 7-dən BMT-nin İnsan Hüquqları Şurasının üzvü kimi səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək barədə qərar qəbul edib”, – Kuzmin BMT Baş Assambleyasının Rusiyanın şuradakı üzvlüyünün dayandırılması barədə qərarından sonra bildirib.
Kuzminin bu açıqlamasında sonra Böyük Britaniya təmsilçisi bildirib ki, Baş Assambleyada səsvermə keçirilərək Rusiyanın İnsan Hüquqları Şurasındakı üzvlüyünün dayandırılmasına səs verilib. O qeyd edib ki, Rusiyanın bu addımı işdən çıxarılan şəxsin “işdən çıxıram” deməsinə bənzəyir.
Bunun ardınca Rusiya tərəfinə söz verilsə də, ölkənin nümayəndə heyəti kifayət qədər aydın açıqlama verdiklərini söyləyib.
Xatırladaq ki, ötən gün Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin sözügedən çıxışından əvvəl BMT-nin Baş Assambleyası Rusiya Federasiyasının BMT İnsan Haqları Şurasında iştirakını dayandırıb.