NATO-nun yeni baş katibi Mark Rütte alyans ölkələrini Rusiyanın artan hərbi təhdidlərinə qarşı müdafiə qabiliyyətlərini 400 faiz artırmağa çağırıb. Londonun nüfuzlu “Chatham House” beyin mərkəzində çıxış edən Rütte, alyansın “kvant sıçrayışı” səviyyəsində hərbi strategiyaya keçməsinin vacibliyini vurğulayıb.
“Ukraynada Rusiya havadan terror səpir. Bu səbəbdən biz göylərimizi qoruyan qalxanı gücləndirəcəyik”, – deyə NATO rəhbəri bildirib.
Rütte hesab edir ki, Rusiya hazırda silahlanmanı sürətlə artırır və növbəti 5 il ərzində NATO-ya qarşı hərbi güc tətbiq etməyə hazır ola bilər. Onun sözlərinə görə, Moskva alyansa qarşı birbaşa təhdid səviyyəsinə yaxınlaşır və bu, NATO ölkələrinin müdafiə hazırlığını çox qısa müddətdə fundamental şəkildə dəyişdirməsini tələb edir.
NATO baş katibi üzv dövlətləri hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmağa çağırıb. Onun təklifinə görə, 3,5 faiz ÜDM müdafiə sahəsinə, əlavə 1,5 faiz isə daha geniş təhlükəsizlik tədbirlərinə ayrılmalıdır. Bu təşəbbüs, ABŞ-nin Prezidenti Donald Trampın səsləndirdiyi və NATO ölkələrinin ümumi hərbi xərclərinin 5 faiz ÜDM həddinə çatdırılması ideyasına kompromisli cavab kimi təqdim edilir.
Qeyd edək ki, hazırda NATO-nun rəsmi hədəfi hərbi xərcləri ÜDM-in 2 faizi səviyyəsində saxlamaqdır.
Rüttenin çıxışına Kreml dərhal cavab verib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov NATO-nu “aqressiya və qarşıdurma aləti” adlandıraraq, alyansın siyasətinin gərginliyi artırdığını deyib.
Rütte çıxışı zamanı Rusiya ilə NATO arasındakı silah istehsalı fərqinə də diqqət çəkib. Onun sözlərinə görə, Moskva 3 ay ərzində o qədər sursat istehsal edir ki, bu həcmi NATO bir il ərzində təmin edə bilir.
Bu fərqi aradan qaldırmaq üçün NATO ölkələrinin minlərlə yeni tank və zirehli texnika, milyonlarla artilleriya mərmisi istehsalına və alışına ehtiyac duyulduğu vurğulanıb.
NATO rəhbəri çıxışı zamanı yalnız Rusiya ilə kifayətlənməyib, o Çinin hərbi gücünü sürətlə artırdığını və bunun da NATO üçün strateji təhlükə olduğunu deyib. Bu kontekstdə alyansın yalnız Avroatlantik məkanla deyil, həm də Asiya-Sakit okean regionunda təhlükəsizlik balansını nəzərə almalı olduğu vurğulanıb.
Çıxışının sonunda Rütte NATO ölkələrinə son xəbərdarlıq ünvanlayıb: “Əgər siz səhiyyəni, pensiya sistemini qorumaq istəyirsinizsə, o zaman rus dilini öyrənməyə də hazır olun. Çünki bu yolda davam etsək, nəticə bu olacaq”.
Follow @7timesaz