“T-14 “Armata” tanklarının böyük olmayan bölüyü cəbhə üçün hazırlansa da, hərbçilər onların texniki vəziyyətini nəzərə alaraq, onlardan döyüşdə istifadə etməkdə tərəddüd edirlər”.
“AzPolitika.info” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynadakı savaşla bağlı növbəti hesabatında bildirib.
Nazirlik kəşfiyyat məlumatlarına istinadla xəbər verir ki, “Armata” tanklarının texniki vəziyyəti onları döyüşə cəlb etməyə imkan vermir. Qeyd olunur ki, uzun illərdir Rusiyanın təriflədiyi bu tankların mühərriki və teplovizorları ilə bağlı ciddi problemlər var.
Hesabatda bildirilir ki, 2021-ci ildə Müdafiə naziri Sergey Şoyqu “Armata” tanklarının 2022-ci il üçün nəzərdə tutulan istehsalının təcrübə xarakterli olduğunu bəyan etmişdi. Odur ki, bu tankların döyüşlərə cəlb olunmaq üçün hazır vəziyyətə gətirildiyi inandırıcı deyil. Elə Rusiya hərbçiləri də az sayda “Armata” tanklarının texniki vəziyyətinin qənaətbəxş olmaması səbəbindən onlardan istifadə etməyə tələsmirlər.
Hesabatda deyilir ki, buna baxmayaraq, Rusiya bu tankları yalnız təbliğat məqsədilə döyüş meydanında görüntüyə gətirə bilər. Lakin komandirlər bu tankların tezliklə Ukrayna tərəfindən vurulacağı, yaxud ələ keçiriləcəyindən qorxurlar və bu təhlükəni nəzərə alaraq, onlardan qızğın döyüşlərdə istifadə etmək niyyətində deyillər.
Qeyd edək ki, artıq 11 ildir(!)Rusiya təbliğat vasitələrinin gecə-gündüz təriflədikləri “Armata” tankları hələ də döyüş meydanında istifadə edilməyib. Hazırda Rusiyanın ixtiyarında onlarla bu cür tank olduğu barədə məlumat var. Lakin Britaniya kəşfiyyatının da bildirdiyi kimi, bu tanklar hələ də döyüş üçün yararlı vəziyyətə gətirilməyib və onların ciddi texniki problemləri var. Bu isə “dünyanın ikinci ordusu” ilə bağlı mifin sabun köpüyündən ibarət olduğunu təsdiqləyən daha bir faktdır.
Follow @7timesaz