“Biz həbsdə olan keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin səhhətinin vəziyyətini diqqətlə izləyirik”.
7Times.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif “Pirveli TV” telekanalına müsahibəsində deyib.
“Səhiyyə üzrə müşavirim demək olar, hər gün Saakaşvilinin səhhəti ilə bağlı məlumat verir, məlumatları həmçinin başqa mənbələrdən də alıram. Hesab edirəm ki, Saakaşvilinin normal vəziyyətinin təmin edilməsi ölkənin reputasiyası məsələsidir”, – Zurabişvili bildirib.
O, Saakaşviliyə qarşı heç bir alçaldıcı münasibəti qəbul etmədiyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, bir neçə ölkədən həkimlər Saakaşvilini müayinə və müalicə etmək üçün Gürcüstana gəlməyə hazırdırlar.
“Ölkə Prezidenti kimi mənim üçün Saakaşvilinin xaricə müalicəyə aparılması zərurətindən danışmaq çətindir, çünki bu, əslində bizim həqiqətən dövlətimizin olmadığı, tibbi imkanların yoxluğu anlamına gələcək. Ona görə də yəqin ki, çıxış yolu yerində tapılmalıdır. Bu, hakimiyyətin əlindədir, onlar anlamalıdırlar ki, hər kəs ölkənin reputasiyasını qorumalıdır”, – dövlət başçısı əlavə edib.
Saakaşvilinin Prezidentin fərmanı ilə mümkün əfv olunması ilə bağlı sualı cavablandıran Zurabişvili vurğulayıb ki, bu, onun ixtiyarındadır və heç bir təzyiqə, o cümlədən xaricdən heç bir təzyiqə dözməyəcək.
“Prezidentin bu məsələ ilə bağlı qərarı sərbəst olmalıdır. Yeri gəlmişkən, məndən əfv istəməyən Saakaşvilinin mövqeyinə hörmətlə yanaşıram”, – Zurabişvili fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, eks-prezident Gürcüstana 2021-ci il sentyabrın 29-da gizli şəkildə gedib. O, oktyabrın 1-də Tbilisidə saxlanılıb, bundan sonra Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib və orada aclıq aksiyası elan edib.
Follow @7timesaz