“Prezident seçilsəm, ilk Şimali Kiprə, daha sonra, dövlət gələnəyinə uyğun olaraq, Azərbaycana səfər edəcəyəm”.
7Times.az xəbər verir ki, bu barədə Türkiyə prezidentliyinə Millət İttifaqından namizəd, CHP lideri Kamal Kılıçdaroğlu gənclərdən birinin sualını cavablandırarkən deyib.
Dəstək verdiyi İpək Yolu layihəsində Azərbaycana yer verməməsini, bunun hətta Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də təpki ilə qarşılanmasını xatırladan gənc “Türk dövlətlərinin daxil olmadığı bu layihəyə necə “Türkün yolu” deyə bilərsiniz” soruşub.
Kılıçdaroğlu cavabında bildirib:
“Bakı ilə İstanbul arasında bir fərq yoxdur. O cümlədən, bizim Azərbaycanla olan dostluğumuz, qardaşlağımız heç bir partiya tərəfindən fərqli şəkildə düşünülə bilməz. Mən bu məsələyə necə yanaşıramsa, digər partiya rəhbərləri də Türkiyə-Azərbaycan əlaqələrinə eyni paraleldə baxır. Bizim ana hədəfimiz Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək, mərkəzi Türkiyə olan layihəni genişləndirmək, Türkiyənin türk dövlətləri ilə birgə daha güclü bağlarla iqtisadi infrasturkturunu yaratmaqdır. Zəngəzur dəhlizinin açılması gərəkdir. Lakin bu dəhlizin açılması tərəflərin uzlaşması və Türkiyənin Azərbaycana qeyd-şərtsiz dəstək verməsinə bağlıdır. İran-Ermənistan əlaqələri bu dəhlizin açılmasını çətinləşdirə bilər. Əgər Türkiyə öz gücündən istifadə edərsə, dostluğu bölgədə daha çox yayar. Açılacaq olan dəhlizin Türkiyə, İran, Ermənistan, digər türk dövlətləri üçün faydasını izah edə bilsək, Türkiyə regionda daha güclü olacaq. Biz o dəhlizi böyütmək məcburiyyətindəyik. Heç kim narahat olmasın, mən, eləcə də digər siyasi partiyalar Azərbaycanla bağlı eyni fikirdəyik. Bizim düşündüyümüz daha mükəmməldir. Çini bu layihəyə qoşulduğumuz təqdirdə, Qara dəniz fövqəl bir sahəyə çevriləcək, onu da Aralıq dənizi ilə birləşdirdikdə bu hövzə də fövqəl sahəyə dönəcək. Türk dövlətlərini Aralıq dənizinə birləşdirəcəyik. Türk dövlətləri ilə Türkiyə arasında iqtisadi əlaqələr inkişaf etməlidir. “Mərkəz Türkiyə” layihəsinin özü bütün türk dövlətlərini Aralıq dənizi ilə birləşdirmək məqsədini ehtiva edir” (axar.az).