Aktual

“Səfərbərlikdən sonra Ukraynaya könüllü əsir düşən Rusiya hərbçilərinin sayı artacaq…”

“Səfərbərlikdən sonra Ukraynaya könüllü əsir düşən Rusiya hərbçilərinin sayı artacaq…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya texnikasını işlək vəziyyətdə təhvil verən işğalçı ordunun hərbçilərinə həmin texnikanın durumundan, keyfiyyətindən asılı olaraq yüksək məbləğdə mükafatlar da müəyyənləşdirilib…”
Hərbi-siyasi təhlilçilər çoxu belə hesab edir ki, Rusiya rejimi nəzərdə tutduğu “qismən səfərbərliyi”n icrasına başlasa belə, ən tezi 3 ay ərzində həmin ehtiyat qüvvələri formalaşdırıb ön cəbhəyə ata bilər. Bəs görəsən, Ukrayna bu müddətdə hansı adekvat tədbirləri görməyi planlaşdırır?..
Ukrayna Ali Radasının hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan azərbaycanlı hərbi ekspert, ehtiyatda olan polkovnik Elxan Nuriyev mövzu ilə bağlı Moderator.az-a açıqlamasında  bunları söyləyib:
“Ukrayna hərbi-siyasi komandanlığının havalar soyuyanadək, yəni təxminən noyabrın ikinci yarısınadək  bilmədiyimiz və ya bilib deyə bilmədiyimiz xüsusi tədbirlər proqramı var…  Hesab edirəm ki, Ukrayna ordusu qış dövrünədək Krımdan başqa digər ərazilərdə bir sıra uğurlu əməliyyatlarını bitirəcək. Bütün hallarda, sizin dediyiniz kimi, Rusiya qismən səfərbərlik nəticəsində 3 ay müddətində yalnız həmin ehtiyat qüvvələri toplaya bilər. Amma onların təlimi, təchiz edilməsi  və s. məsələlər var. Ehtiyat qüvvələri tam hazırlıqsız şəkildə də cəbhəyə atmaq olmaz… Onsuz da indiyədək Rusiyanın ən öncül sayılan hərbi birləşmələri texnikalarını, hər şeylərini atıb qaçmaqdadırlar.  Dünən(21.09-S.L.) döyüşlərdə olan azərbaycanlı hərbçi dostlarımızdan biri Rusiya ordusunun qaçmasından sonra çəkilmiş bir video göndərmişdi. Sizi inandırıram ki, yüzlərlə hərbi texnikanı, hətta silahlarını, çəkmələrini, şəxsi əşyalarını və s. qoyub qaçıblar. Yəni hələ hazırda işğalçı orduda belə bir panika yaşanır… Məlumdur ki, Rusiya ordusunda hələ dinc dövrdə başıpozuqluq vardı. İndi isə total, kütləvi intizamsızlıq, fərarilik baş alıb gedir…”
“Yəqin ki, Rusiya ordusuna zorla  səfərbərlik sayəsində gətirilmiş təsadüfi adamlar da gəldikdən sonra fərarilik edənlərlə yanaşı, könüllü olaraq Ukrayna tərəfə keçənlərin də sayı daha da artacaq?” sualını isə ekspert belə cavablandırıb:
“Sözsüz ki… Bilirsiz ki, mən həm də Ukrayna parlamentində çalışıram. Biz hələ mart ayında könüllü olaraq Ukrayna tərəfə keçən düşmən hərbçiləri ilə davranmağın hüquqi bazasını hazırlamışıq. Çünki belə hallar gözlənilirdi… Hətta Rusiya texnikasını işlək vəziyyətdə təhvil verən işğalçı ordunun hərbçilərinə həmin texnikanın durumundan, keyfiyyətindən asılı olaraq yüksək məbləğdə mükafatlar da müəyyənləşdirilib. Eyni zamanda belə əsirləri üçüncü ölkələrdə sığınacaqla da təmin edirik. İlk olaraq Baltikyanı ölkələr bu cür Rusiya hərbçilərini qəbul etməyə hazır olduqlarını bildiriblər. Bir sözlə, Ukrayna Radası bir neçə belə qanun layihəsi hazırlayıb ki, onların əsasında müvafiq proqramlar da tərtib olunub. Bundan əlavə, biz əsirlərin dəyişdirilməsi prosedurunu asanlaşdırmaq üçün müəyyən istisnalarla əsir götürülmüş Rusiya hərbçilərinin əksəriyyətinin adlarını cinayətkar kimi yox, əsir kimi sənədləşdiririk. Yəni biz onlara qarşı insanpərvər addımlar atırıq. Beləliklə, Ukrayna sözün əsl mənasında hərbi əsirlər və girovlar haqqında Cenevrə konvensiyasının bütün maddələrinə əməl edir. Hətta, bir az pafoslu səslənsə də, bunun çoxları şahididir; bəzi Rusiya əsir hərbçiləri deyirlər ki, biz indi Ukraynada gün görürük… Və onlar indi anlayırlar ki, Ukrayna Putin rejiminin təbliğ etdiyi kimi, irqçi, nasist bir dövlət deyil. Əksinə, görürlər ki, bu dövlət ərazisinin işğalında iştirak etmələrinə rəğmən əsir kimi onlarla necə qayğı ilə rəftar edir. Və sözsüz ki, əsirlərin vəziyyəti haqda məlumatlar hazırda Ukraynaya qarşı döyüşən Rusiya zabit və əsgərlərinə də çatır. Odur ki, əldə olunan məlumatlara görə artıq işğalçı ordunun hərbçiləri arasında Ukrayna tərəfə könüllü əsir düşmək meyli güclənib…
Və deyilənləri nəzərə alsaq, sizin dediyiniz də tamamilə gözləniləndir. Təbii ki, xüsusi döyüş hazırlığı olmayan, təsadüfən orduya qatılmış rusiyalılar mənasız ölüm, ömürlük şikəst qalmaq əvəzinə, ya fərarilik etməyə, ya da könüllü əsir düşməyə çalışacaqlar…”