7Times.az Kulis.az-a istinadən Xalq artisti Niyaməddin Musayev haqqında maraqlı faktları təqdim edir.
Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından səhnəyə çıxmağa, mahnılar ifa etməyə başlayıb.
***
Gənc yaşlarında Rayon Mədəniyyət Evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə “Muğam-68” festivalının qalibi olub.
1978-ci ildən “Röya” vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, Azərbaycanda ilk dəfə olaraq milli estrada janrının yaradıcısı olmuş və həmin il ansamblın bir valı buraxılmışdır.
***
1987-ci ildə müğənni Məmməd Arazın sözlərinə yazdığı “Dünya sənin, dünya mənim” adlı mahnını ifa edir. Bu ifa ona böyük şöhrət gətirir.
***
Xalq artistinin bir evliliyi olub. Bu evlilikdən onun Röya, Günel, Orxan adlı övladları dünyaya gəlib. Röya və Günel ingilis dili müəllimi, oğlu Orxan isə gömrükdə işləyir, mayordur.
Çoxları bilmir ki, Niyaməddin Musayev yoqa ilə məşğul olub. Hətta efirlərin birində müğənni Roza Zərgərli Xalq artistindən idman zamanı istifadə etdiyi hərəkətləri nümayiş etdirməsini xahiş edir. Sənətçi onun bu istəyinə etiraz etməyib və səhnəyə çıxaraq yoqa hərəkətləri göstərir.
***
Bir neçə il əvvəl Xalq artistinin Türkan adlı bir xanım müğənni ilə fotoları mediada yayılır. Çoxları bu xanımı müğənninin sevgilisi kimi təqdim etsələr də, Niyaməddin Musayev məsələyə aydınlıq gətirərək deyir:
“O mənim nə tələbəm idi, nə də bir şeyim. O da konsertlərdə iştirak edirdi. Türkan gənc müğənnidir. Burdakı bəzi binamus adamlar götürüb o şəkli hallandırıblar. Harda gic-gic qalmaqalçılar var, özlərini göstərmək üçün yazırlar. Mənim təbiətimdə olan adama belə məsələlər çox pis təsir edir. Nə olsun ki musiqiçiyəm. Hər sahədə hər cür insanlar var. O qız da müğənnidir”.
Niyaməddin Musayevlə bağlı xeyli lətifələr və zarafatlar insanlar arasında yayılıb. Bunlardan ən maraqlısı insanların onu 100 dollarlıq ABŞ əsginasının üzərindəki Benjamin Franklinlə müqayisəsi olub. Bu barədə Niyaməddin müəllimə sual verəndə, deyir:
“İndi məni yüz dolların üstündəki kişiyə bənzədirlər. Bundan incimirəm. Hamısı xalqın sevgisidir. Onlar sevgilərini müxtəlif yanaşmalarla göstərirlər”.