Müsahibə

“Sən kimsən ki, başqasının qızını alırsan, o, mal deyil” – Məşhurlar arasında dava

“Sən kimsən ki, başqasının qızını alırsan, o, mal deyil” – Məşhurlar arasında davabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əməkdar artist Elnarə Abdullayevanın evlilik haqda səsləndirdiyi fikirlər bir neçə gündür müzakirələrə səbəb olub.

Xanəndənin “Məntiqlə, ağılla, imanla və vicdanla ailə qurarlar. Hisslərlə ailə qurmazlar. Bu gün hissi ilə ailə quran 90 faiz insan boşanır. Hər yoldan keçəni almazlar. Hər istənən qapıya getməzlər” – deməsi fikirlərin şaxələnməsi ilə nəticələndi.

Bəs görəsən, bu fikir psixoloji baxımdan nə dərəcədə doğrudur?

Həqiqətən sevgisiz qurulan ailələrdə boşanma halı daha az olur? Sevgi üzərində qurulan ailənin dağılma ehtimalı daha çoxdur?

7Times.az  xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bunun tamamilə yanlış yanaşma olduğunu bildirib:

“Mən Elnarə xanımın fikirləri ilə razı deyiləm, məntiq evliliyi deyə bir şey yoxdur, buna inanmıram. Məntiq evliliyi heç bir ailəyə xoşbəxtlik gətirmir. İllər öncə ailəmiz kimi məsləhət görərdisə, kimi özünə uyğun ailə bilərdisə, qızını onunla evləndirərdi. “Filankəsin qızını aldım” cümləsi ilə də heç vaxt razılaşmamışam, sən kiminsə qızı ilə ailə qura, evlənə bilərsən, kiminsə qızı mal deyil ki, alasan. Məntiq evliliyini daha çox 60-70 yaşında bəylə ailə quranlar edir. Onlar yalnız onun pulu ilə ailə qurur. İstər fizioloji, istər bioloji, dünyagörüşü baxımından onlar bir-birinə uymurlar. Diana Əhədpur adlı bir xanım var, o da özü bu haqda danışır, çox cəsarətli xanımdır, açıq etiraf edir ki, mən filankəslə onun puluna görə ailə qurmuşam”.

Psixoloq qeyd edib ki, sevmədiyi şəxslə ailə quranlar çətinliklərə sinə gərməyi bacarmırlar:

“Bu gün məntiq evliliklərinin çoxunun sonrasında xəyanət dayanır. Çünki məntiq evliliyi iki bir-birinə uyğun gəlməyən insanın nikaha girməsidir. Bəzən biz ehtirasla sevgini qarışdırırıq. Ehtiras bir neçə ay sonra sönən hissdir, sevgi isə əbədidir. Bu gün sevgi əsasında ailəni qurmaq lazımdır ki, günün yaşam tempi ilə ayaqlaşa biləsən. Ona görə sevgi əsasında qurulan ailələr daha uzun olur, nəinki məntiq və ehtiras üzərində qurulanlar. Bu gün sevgi üzərində ailə quran insanlar çox azdır, amma quranlar da xoşbəxtdir.

Bəzən bizim yanımıza pasiyent seansa gəlir və söhbət əsnasında deyir ki, anamın dediyi qızla evləndim. Niyə sualını verdikdə də bildirir ki, çünki anam onu məsləhət gördü. Bu gün boşanan cütlüklərin çoxu analarının dediyi qız və ya oğlanla evlənənlərdir. İnsan özü sevəndə problemlər olduqda belə səbr edir, sevgisinə görə ailəsini o vəziyyətdən çıxarmaq istəyir. Amma sevmədiyi insana səbrli davranmaq məcburiyyətində hiss etmirlər. Sevmədiyin insan haqda “əşşi, incəldiyi yerdən qopsun” deyə düşünürsən”.

G.Orucova valideynlərin gənclərə müdaxiləsinin ailənin dağılması ilə nəticələndiyini vurğulayıb:

“Əgər boşanmaların sayına görə “sevgi üzərində qurulan ailələr dağılır” deyirlərsə, bu yanlışdır, boşanmaların sayı nəinki Azərbaycanda, bütün dünyada artıb. Bəzən deyirlər ki, xəyanətlərə görə boşanırlar, mən isə bununla razı deyiləm. İnsanlar evliliyə hazır olmadan ailə qururlar. İstər kişi, istər qadın evliliyə hazır olmalıdır, əgər maddi, psixoloji, fiziki hazır deyilsə, ailə təməlində boşluq yaradacaq. Ona görə sevgi üzərində ailə qurulmalıdır, bu ailələrdə böyüyən uşaqlar da cəmiyyət üçün yararlı şəxslər olurlar. Bir ailədə ki, sevgi yoxdur, orada mərhəmət də olmayacaq. Mərhəmətsiz insan cəmiyyət üçün nə dərəcədə faydalı ola bilər?

Valideynlərin övladlarına kimisə məsləhət görməsi də doğru deyil. Çünki bu, onun bir ömür yaşayacağı şəxsdir, bu işə müdaxilə etməyin! Məhz sizin müdaxilələriniz üzündən boşanmaların sayı bu gün bu qədər artıb”.