Aktual

Sənubər İsgəndərli: “Zəlzələdən zərərçəkənlərə gecəliklər, yay ayaqqabıları, dikdabanlar göndərildiyi deyilir, bunun bizə aidiyyəti yoxdur”

Sənubər İsgəndərli: “Zəlzələdən zərərçəkənlərə gecəliklər, yay ayaqqabıları, dikdabanlar göndərildiyi deyilir, bunun bizə aidiyyəti yoxdur”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Türkiyə üçün başladılan yardım kampaniyasına qoşulub, Babək prospekti 27 ünvanına pal-paltar, gödəkçə göndərdim. Hələ maliyyə yardımı köçürməmişəm, amma bu gün köçürmək fikrim var…”

 

Bu sözləri Pravda.az-a müsahibəsində Əməkdar artist, tanınmış aktrisa Sənubər İsgəndərli deyib.

 

S.İsgəndərli Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci əl paltarların yardım kampaniyasına götürülməməsi qərarının narazılıq yaratmasına da münasibət bildirib: “Bu barədə sosial şəbəkələrdə xeyli paylaşımlar var… Mənə xoş gəlmir. Videolarda gecəliklər, yay ayaqqabıları, dikdabanlar göndərildiyi göstərilir. Axı bunun bizə aidiyyəti yoxdur. İnanıram ki, düşüncəli insanlar belə bir şey etməzlər. İnanmıram ki, Bakıdan göndərilən yardımlar arasında elə əşyalar olsun. Bizim yardım TIR-larımız hələ dünən yola çıxıb. Yardımların zəlzələ baş verən ərazilərə çatması ən azı üç-dörd gün vaxt aparacaq. Qışdır, bilirik ki, soyuqdur, hamının nəyə gücü çatırsa, göndərir. Lap ikinci əl geyim göndərənləri də qınamıram. Çünki insanlarımız nə ediblərsə, ürəklə ediblər. Dünən Babək prospektindəki izdihamı gördüm, o, hamının içindən gələn bir şey idi… Əslində Türkiyə bizimlə müqayisədə 70 milyonluq, çox böyük bir ölkədir. Türkiyə tekstil ölkəsidir. Bilirəm ki, Türkiyənin dörd bir yanından zərərçəkənlərə yardım üçün pal-paltar gəlir, gələcək də. Təkcə Türkiyədən yox, yaxın yerlərdən də gəlir. Məncə, zəlzələdə zərər çəkən insanların daha çox dərmanlara, texnikaya, istilik sisteminə, fənərə, uşaq bezlərinə, insan gücünə ehtiyacları var, nəinki pal-paltara. Evimdə iki fənər var idi, ikisini də göndərdim. Çünki indiki halda bu əşyalar daha vacibdir. Mən şəxsən bu məsələnin üstündə çox dayanmazdım, “ikinci əl” söhbətini şişirtməzdim. Qardaş ölkədir, bu saat çox həssasdırlar, incitməyək, bu məsələni şişirtməyək…”