Fransada bir çox cinayət və təcavüzdə şübhəli bilinən sirli seriya qatili Lyö Qrelenin kimliyi illər sonra DNT testi ilə üzə çıxıb.
7times.az xəbər verir ki, Lyö Qrele ləqəbi ilə tanınan qatilin ölümündən qısa müddət sonra DNT analizi nəticəsində keçmiş polis Fransua Verov olduğu təsdiqlənib.
1986-1994-cü illər arasında Parisdə bir çox cinayət hadisəsi baş verdi. 1986-cı ildə 11 yaşlı Sesil Bloxun qətli isə böyük səs-küy yaratdı. Blox mayın 5-də məktəbə gedərkən yaşadığı binanın liftində hücuma məruz qaldı. Qatil 11 yaşlı qızı cinsi təcüvüzə məruz qoyduqdan sonra öldürdü. Cansız bədənini xalçaya bükərək lift boşluğuna atdı.
İstintaq zamanı bir neçə şahid bildirib ki, Sesil məktəbə getməzdən əvvəl 25-30 yaşlarında bir şəxs təxminən bir saat ərzində binada gizlənib. Sesilin ögey qardaşı Luk liftdə gördüyü şəxsi belə təsvir etmişdi: uzun boylu, üzü sızanaqı və çiçək xəstəliyinin izləri olan adam.
Le Qrele bir sıra cinayətlərdə şübhəli sayılsa da, onu tutmaq son dərəcə çətin idi. İş uzun illər uzandı. Amma bu ilin sentyabrında istintaq başqa bir istiqamətə yönəldi: 14-16 yaşlarında bir qız da daxil olmaqla bir neçə zərərçəkmiş şəxs təcavüz edən şəxsin polis olduğunu söylədi. Bundan sonra Parisdə xidmətdə olan 750 polisin DNT analizindən keçməsinə qərar verildi.
Keçmiş polis, 59 yaşlı Fransua Verova da məktub göndərildi. Sentyabrın 24-də məktubu alan Fransua testdən keçməyə getmədi. Üç gün sonra arvadı onun itkin düşdüyünü bildirdi. O, ötən həftə Monpelye yaxınlığındakı bir mənzildə ölü olaraq tapıldı. Cəsədinin yanında Lyö Qrelenin cinayətlərini etiraf edən qeyd vardı. Bədənindən DNT nümunələri götürüldükdən sonra onun dörd qətl və altı təcavüzdə şübhəli bilinən Lyö Qrele olduğu üzə çıxdı.
Zərərçəkmişlərin vəkili Didye Saban isə Lyö Qrelenin törətdiyi bütün cinayətlərin heç vaxt üstünün açılmayacağını deyərək, qatilin daha çox cinayətə imza atdığını iddia edib.
Müstəntiqlər hesab edirlər ki, Verov qurbanlarını cəlb etmək üçün polis vəzifəsindən istifadə edərkən xidmətdə olduğu vaxt öyrəndiyi metodlardan istifadə edərək uzun illər gizlənə bilib. Teleqraf.com
Follow @7timesaz