Vladimir Putin sui-qəsdlərin qarşısını almaq üçün eyni dizaynı olan kabinetlərdən istifadə edir və saxta kortejlərlə guya harasa səfər etdiyi ilə bağlı saxta görüntü yaradır.
“AzPolitika.info” xəbər verir ki, bunu uzun müddət Vladimir Putinin şəxsi mühafizəçisi olmuş, hazırda mühacir həyatı yaşayan Qleb Karakulov deyib.
Ukrayna müharibəsinə görə ölkədən qaçan Karakulov, Putinin Rusiyanın bir çox yerində eyni dizaynlı ofislər yaratdığını bildirib: “O, Sankt-Peterburq, Soçi və Novo-Oqaryovoda yerləşən dəbdəbəli malikanələrindəki ofislərini eyni formada dizayn edib. Ofislərdəki masalardan tutmuş, divar asmalarına qədər hamısı eynidir. Rəsmi hesabatlarda Putinin başqa bir yerdə olduğu deyilsə də, əslində o, eyni məkanda olur. Məsələn, Putin Soçidə olarkən təhlükəsizlik işçiləri yalandan elə göstərirlər ki, guya o, təyyarə ilə gəlir və kortejlə harasa səfər edir. Bu, ilk növbədə xarici kəşfiyyatı çaşdırmaq, həmçinin Putinə qarşı ola biləcək mümkün sui-qəsdlərin qarşısını almaq üçündür”.
Karakulov bildirib ki, Rusiya Prezidenti Qərb tərəfindən izlənilməmək üçün mobil telefondan istifadə etmir. O, xüsusi zirehli qatarda səyahətə üstünlük verir, çünki təyyarənin izlənilə biləcəyindən qorxur.
Karakulov Putinin xəstə olmasıyla bağlı fərziyyələr haqqda bunları deyib: “Mən Rusiya Prezidenti ilə 180 dəfədən çox səfər etmişəm. Putin öz yaşıdlarıyla müqayisədə daha yaxşı vəziyyətdədir. O, indiyə qədər xəstəliyi ilə bağlı yalnız bir neçə səfərini ləğv edib”.
“Baş nazirdən fərqli olaraq, Putin xarici səfərlər zamanı internetə təhlükəsiz çıxış tələb etmir. Mən onu heç vaxt mobil telefonu ilə görməmişəm. O, bütün məlumatları yalnız ona yaxın olan insanlardan alır. Yəni bir növ informasiya vakuumunda yaşayır. Rusiya lideri o qədər narahatdır ki, gizli danışıqlarının sızmasının qarşısını almaq üçün xarici səfərlər zamanı özü ilə xüsusi qutu aparır”,-deyə Karakulov bildirib.
“AzPolitika.info”