Maraqlı

“Şeytanı da şərlədilər!…-Pahatonnan!..”

“Şeytanı da şərlədilər!…-Pahatonnan!..”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Başqalarını şərləmək deyəndə adamın yadına sovetlər imperiyasının 37-ci ili, Şeytanı şərləmək deyəndə Qiyamət günü düşür…”

Qiyamət günü Şeytan Cəhənnəmə düşmüş günahkara adamlara: “Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi…” (Qurani-Kərim, İbrahim, 22)
“İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!..”( “Ən-Nisa” surəsi, 76)
-Fikir savaşı…-
Bu il fevralın 13-də, el arasında deyilmişkən, nəhs gündə məmləkətin əyalətlərindən birində çox dəhşətli, tükürpədici bir olay vaqe olub. 34 yaşlı bir gənc  xırda bir məişət zəminli xətasını bəhanə edərək 27 yaşlı hamilə xanımını 33 bıçaq zərbəsi ilə qətlə yetirib. Bu azmış kimi,  “qəhrəman” ər anasına vurulan ikinci bıçaq zərbəsindən sonra yuxudan ayılan və atasına mane olmağa çalışan 8 yaşlı qızına qəzəblənərək onu da 22 bıçaq zərbəsi ilə öldürüb…
Məhkəmədə hakim qarşısında çıxış edən qatil arvadı ilə qızını necə öldürdüyünü anlamadığını bildirib:
“Hadisənin necə baş verdiyini xatırlamıram. Arvadımla qızımı mən öldürmədim, onları şeytan, qara qüvvələr öldürdü. İnsanın öz hamilə həyat yoldaşını və balaca qızını necə öldürə biləcəyini anlamıram…”
Vallah, insan bu qədər vəhşət və cahilliyə söz tapa bilmir. İnsan nə qədər aqressivləşər, azğınlaşar ki, öz həyat yoldaşını, qızını belə amansız qəddarlıqla qətlə yetirsin. Məhkəmədə qatilin qətl anında sərxoş və ya narkotik qəbul etmiş halda olması, yaxud ruhi, psixonevroloji xəstəlik daşıması da qeyd olunmayıb… Amma müsəlman ölkəsi hesab edilən Azərbaycanın sakini olan bu məxluq törətdiyi əməlinə görə Şeytanı suçlayır, Şeytanı şərləyir…
Son dövrlərdə dəb düşüb: Biri bilə-bilə, ağlı kəsə-kəsə xəta, günah edəndən sonra özünə haqq qazandırmaq üçün deyir: “Şeytana lənət!.. O, məni yoldan çıxardı…” Beləsindən soruşmaq lazımdır ki, axı Şeytanı, nəfsimizi biz insanları sınamaq üçün yaradan Allah eyni zamanda bizlərə şüur, ağıl, iradə və vicdan da verib…
Allah-Təala Qurani-Kərimin Fatir surəsinin 6-cı ayəsində buyurur.
“Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır…” 
Yəni ey bəndə, sən özünə, yəni nəfsinə uyursansa, Şeytan buna neyləsin…
Allahın Şeytan haqqında bildirdiyi bir başqa məlumat isə onun hiyləsinin zəif olduğu və insanlar üzərində heç bir təşviqedici təsirinin, hökmünün olmaması haqdadır. Buna bir neçə Quran ayəsini missal göstərmək olar:
“İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!..”   “Ən-Nisa” surəsi, 76-cı ayə)
“İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu. Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Möminlərin və kafirlərin əməllərini mühafizə edər, qiyamət günü hərəyə öz əməlinin cəzasını verər)( Səba surəsi, 20-21-ci ayələr)…
“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!) (ən-Nəhl surəsi, 99-100-cu ayələr)…
Sən nəfsini, tamahını, yaxud hansısa vəzifəni, pulu Allaha şərik qoşaraq günah, haram əmələ əl atırsansa, deməli, günah ilk növbədə öz imansızlığında, iradəsizliyindədir…
Adamları şərləmək deyəndə adamın yadına sovetlər imperiyasının 37-ci ili düşür: Rusiyanın özü də daxil olmaqla onun müstəmləkərində, o cümlədən Azərbaycanda hədsiz dərəcədə qəddar bolşevik-kommunist-“NKVD” rejimi hökm sürürdü. İnsanlar imperiya əleyhinə nəinki danışmağa, düşünməyə belə, qorxurdular. Xəfiyyələr, casuslar, çuğullar hər yerdə hamını izləməyə çalışırdı. Elə bir şərait yaranmışdı ki, hamı bir-birindən şübhələnirdi.  Nəinki qonşu qonşuya, yaxın qohumlar, dostlar, qardaşlar, ata-oğul belə, bir-birinə etibar edə bilmirdi… Rejim o həddə qəddar idi ki, artıq insanların, bütövlükdə cəmiyyətin, xalqların, millətlərin xarakteri, xisləti dəyişir, mütilik, yaltaqlıq, məddahlıq baş alıb gedirdi.  Şeytana uyan  kiçik-böyük vəzifədə olan bir para insan sayılan məxluqlar hakimiyyətin mənfur ideologiyasına uyğun olaraq başqalarının cüzi bir xətasından yapışaraq onları şərləyib repressiya maşınından keçirmək üçün əllərindən gələni edir, yuxarılara yarınmaq üçün dəridən-qabıqdan çıxırdılar. Bəzən bu şərləməni Moskvadan qoyulan repressiya planını doldurmaq üçün vəzifə sahibləri, məsələn,  “NKVD”nin mərkəzi və yerli rəhbərləri, rayon katibləri, partkomlar-filanlar edirdi. Amma təəssüf ki, bəzən də heç bir vəzifədə olmayan, amma rahat yaşamaq, o qıtlıq illərində yaxşı yeyib-içmək, vəzifəyə yiyələnmək naminə şərəfini itirmiş yaltaq məxluqlar, ya adi kolxozçular, yaxud “ziyalı” adlanan şairlər, yazıçılar, alimlər və s. belə şərləmələrə, üzədurmalara əl atırdı.  Fəqət, elə hallar da olurdu ki, insanlar özünün, ailəsinin həyatını itirmək qorxusu altında digərlərini şərləməyə məcbur olurdu. 30-cu illərin repressiyasının əsas hədəfləri, sovet hakimiyyətinə qarşı çıxanlar, konkret Azərbaycanda isə əksər hallarda doğrudan da Rəsulzadə hökumətini,Türkiyəni, türkçülüyü, İslamı gizlincə təbliğ edənlər və ya bəy, zadəgan nəslindən olanlar, yaxud, sadəcə, şeirində, qəzet yazısında, elmi əsərində-filanda  cüzi bir xətasına görə “pantürkist”, “xalq düşməni” damğası vurulanlar idi. Belə hallar 1941-1945-ci il müharibə illərində də 1950-ci illərin əvvəlinədək davam edirdi… Bu minvalla görürdün ki, kiçik bir vəzifədə işləyən birini guya 5 rubl rüşvət almağına, təsadüfən bəy nəsilindən qalma adi bir kolxoz sədrini bir girvənkə(təxm. 400 qram) buğda,ya arpa oğurlamağına görə damğalayıb zindana, yaxud Sibirə yollayırdılar…
Bir də görürdün, gecə yarıdan sonra kiminsə evinin qabağında bir “ZİS”, yaxud “QaazM-1” markalı maşın dayanır və mənzilə soxulan bir dəstə “NKVD”-çi evi alt-üst etməklə axtarış aparır, sonda da evdəki bir və ya bir neçə kişini, bəzən hətta qadını götürüb aparır və elə həmin gecə məşhur “troyka”nın qərarıyla ona (və ya onlara) güllələnmə, yaxud sürgün kəsirdilər… Təsəvvür edin ki, hələ 1920-ci illərdən “allahsızlar ittifaqları”  yaranmağa başlayır, dinə, xüsusən müsəlmanlığa bağlı olanlar təqib edilir, ən təmiz əqidəli din xadimləri repressiyaya məruz qalırdı. Bir sözlə, açıq-aşkar şeytan zəmanəsi hökm sürürdü..
Bugünkü əqidə, məslək, əxlaq pozğunluğunda məhz XX əsrin 30-40-50-ci illərinin o sərt, amansız şeytani diktaturası da böyük rol oynayıb… O imperiyanın repressiya maşını hər birimizin nəslinin, özünün genində silinməz iz buraxıb…
Şükürlər olsun ki, 1991-ci ildən bəri qazandığımız müstəqillik illərində dinin, vicdan azadlığının, millətin, türkçülüyünün, demokratiyanın nə olduğunu öyrənməyə başladıq. Amma təəssüf ki, əqidəsi pozuq, şər-şəbədə, dinsiz-imansız məxluqlardan yenə də qurtula bilmədik… Və belələri sonda Şeytanı da şərlədilər… Pahatonnan…
Günahı öz üzərindən atıb kiminsə üstə yıxmaq, öz adını özgəsinə qoymaq bir növ adətə çevrilib…  Amma Yaradan hər şeyi görür və bilir… Və sonda hər kəs öz cəzasını çəkəcək… Keçi keçi ayağından asılacaq, qoyun da qoyun… İnşallah… Allahın quracağı məhkəmədə heç kəs nə başqasını, nə də Şeytanı şərləyə bilməyəcək… Hətta  sonda – Axirət günü Allah Şeytana da söz verəcək. Və o…
“İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə ygörə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!”(Qurani-Kərim, İbrahim, 22)…maderator