Aktual

Smartfon telefona görə ordudan kənarlaşdırmaq ədalətlidirmi? – “Kimlərsə rəhbərliyi inandırmışdı ki…”

Smartfon telefona görə ordudan kənarlaşdırmaq ədalətlidirmi? – “Kimlərsə rəhbərliyi inandırmışdı ki…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ordudan kənarlaşdırılan hərbçilərin sayı artıb. Səbəb isə hərbçilərin smartfon tipli telefonlardan istifadə etməsi, müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açmasıdır. Lakin bu durum vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Belə ki, bəziləri cəzanın adekvat olduğunu düşünsə də, digər qism verilən cəzanın kifayət qədər sərt olduğunu hesab edir.

Mövzu barədə fikirlərini Sfera.az-la bölüşən “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədovun söyləyib ki, smratfon tipli telefon istifadə edən hərbçilərin ordudan xaric edilməsi düzgün deyil:

 

“Təbii ki, Müdafiə Nazirliyi orduda smartfon telefonların istifadəsinin qadağan olduğunu deyirsə, hərbçilər əmrə dərhal tabe olmalı və telefonları yığışdırmalıdır. Bu, bütün hərbi qulluqçuların borcudur. Smartfon tipli telefonların istifadəsinə dair qadağa çoxdan var. Lakin əvvəllər yüngül cəza növü seçirdilər, indi isə əmrə tabe olmayan hərbçiləri ordudan tərxis edirlər. Smartfon telefon istifadə edən hərbi qulluqçuların ordudan kənarlaşdırılmasını ağır cəza hesab edirəm. Bu cəza onların bütün arzularının, xəyallarının, bəlkə də vətən üçün şəhadətə çatmasının üstünə xətt çəkməkdir. Azərbaycan Ordusunu seçən hər kəs xalqımızın qeyrətli, vətənpərvər zümrəsinin nümayənləridir ki, onlar digər peşələri deyil, məhz ən çətin peşəni seçiblər. Bu baxımdan düşünürəm ki, hərbçilərin sıradan bir qayda pozuntusuna görə ordudan xaric edilməsi ağır cəzadır”.

 

Birlik sədrinin qənaətincə, alternativ olaraq digər cəza növlərini tətbiq etmək olar, çünki orduda müxtəlif cəzalar var:

 

“Məsələn, “Tərtər işi”ndə xain hesab edilən hərbçiləri ağır işgəncələrə məruz qoyan insanlar o zaman elə bilirdilər ki, bir satqını, xaini cəzalandırırlar. Ona görə də məhz çox ağır işgəncələr verilirdi. O zaman kimlərsə ordunun rəhbərliyini inandırmışdı ki, ordumuzun içində ermənilərə xidmət edən xainlər var və onları aşkarlamaq lazımdır. Bu gün həmin hadisənin çox ciddi fəsadları və problemləri göz önündədir. Ordunu seçən insanların sayında müəyyən azalmaları buna misal çəkə bilərik. Ona görə də ordudakı cəzalarla bağlı iki dəfə düşünmək lazımdır. Təbii ki, smartfon telefonun istifadə edilməsi hərbçilərə müəyyən sıxıntı yarada bilər, amma adekvat cəza vermək lazımdır. Məsələn, bir neçə il öncə koronavirusa yoluxan övladı üçün dərman alan və gecə ilə qayıdan 18 illik təcrübəli zabitin ordudan kənarlaşmasına şahid oldum. Peşəkar bir kadra qarşı belə cəza heç ədalətli deyildi. Sonralar isə məlum oldu ki, o, Nəcməddin Sadıkovun hədəfinə çevrilmiş zabitlərdən idi və belə bir bəhanə ilə onu ordudan kənarlaşdırdılar. Bu baxımdan da həm hərbçilərin, həm də onları həvəslə cəzalandıran şəxslərin diqqətli olması lazımdır. Hətta yoxalamaq lazımdır ki, hərbçiləri nə üçün xüsusi bir şövq və həvəslə cəzalandırırlar? Şəxsən bu, mənim üçün qaranlıq məqamdır”.