Suriya dövləti öz ərazisinin bütövlüyünü qorumağa sadiqdir və İsrailin müdaxiləsi nəticəsində ölkəni parçalamaq cəhdlərini rədd edir.
7Times.az “Al-Ikhbariya” telekanalına istinadən xəbər verir ki, bu barədə Dəməşqdəki diplomatik mənbə ABŞ-nin vasitəçiliyi ilə bu həftə Parisdə İsrail tərəfi ilə aparılan danışıqları şərh edərkən bildirib.
“Suriyanın Xarici İşlər Nazirliyi və Baş Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin İsrail nümayəndələri ilə dialoqu səmimi və uğurlu olub. Nümayəndə heyətimiz İsrailin qeyri-qanuni hərbi mövcudluğunu və Suriya cəmiyyətinin müəyyən təbəqələrindən ölkəni parçalamaq üçün istifadə cəhdlərini qəti şəkildə rədd edib”, – bəyanatda deyilir.
Mənbənin məlumatına görə, Suriya nümayəndə heyəti iyulun 13-19-da ərəb qəbilə silahlıları ilə druz özünümüdafiə qüvvələri arasında silahlı toqquşmaların baş verdiyi Əs-Suveyda əyalətinin ölkənin ayrılmaz hissəsi olduğunu və statusunun heç bir bəhanə ilə dəyişdirilə bilməyəcəyini vurğulayıb.
Danışıqlarda 1974-cü ildə imzalanmış, İsrail ilə Suriya qüvvələrinin Holan təpələrində ayrılmasını nəzərdə tutan razılaşmanın bərpası məsələsi də müzakirə olunub. Suriya tərəfi İsrail qoşunlarının bu yaxınlarda irəlilədikləri mövqelərdən dərhal çıxarılması tələbini irəli sürüb.
Follow @7timesaz