Ölkə

“Təhsil Nazirliyində adekvat qurum yaradılmalıdır” – Ekspertdən İLGİNC TƏKLİF

“Təhsil Nazirliyində adekvat qurum yaradılmalıdır” – Ekspertdən İLGİNC TƏKLİFbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təhsil millətin gələcəyidir”. Bu kəlamın nə qədər böyük əhəmiyyət daşıdığını anlamaq üçün dövlətin və dövlətçiliyin formalaşmasında elm-təhsil adamlarının, ziyalıların roluna baxmaq kifayətdir. Dövlət və cəmiyyət məhz işıqlı insanların, aydınların, maarifçilərin sayəsində inkişaf edir. Təəssüflər olsun ki, təhsil sahəsində mövcud olan bir sıra ciddi problemlər cəmiyyətin inkişafını da ləngidən əsas amilə çevrilib.

KONKRET.az mövzunun aktuallığını nəzərə alaraq təhsildə mövcud olan problemləri, onların həll yollarını tanınmış məktəb psixoloqu Famil Səfərov və təhsil eksperti İlham Əhmədovla müzakirə edib:

Təhsilin idarəetmə və sosial psixoloji problemləri barədə nə deyə bilərsiniz?

  • Təhsil sistemi digər sahələrdən fərqli olarq, cəmiyyətin bütün təbəqələrini, milyonları əhatə edir. Odur ki, burada hər hansı bir dəyişiklik, reforma hər zaman müqavimətlə, fərqli mövqelərlə üzləşir, qarşıdurmalara və qızğın mübahisələrə səbəb olur. Bizdə isə iş elə gətirdi ki, müstəqillik əldə etdikdən sonra bu sistemdə heç bir yenidənqurma apara bilmədik və dövrün tələbi olan zəruri islahatları artıq formalaşmış ağır, ətalətli və mühafizəkar bürokratik idarəetmə aparatına etibar etdik. Daha bir problem isə 21- ci əsrin sürətli texnoloji inkişafı ilə ayaqlaşa bilməyən, əsas hissəsi təhsilə əvvəlki yanaşma ruhunda tərbiyə olunan, yeni təhsil texnologiyalarını mənimsəyə bilməyən təhsilverənlərdir.

 Təhsilimizdə məzmun və forma problemləri haqda fikirləriniz…

  • İndi bizim təhsildə tətbiq olunan məzmun keçən əsrin ortalarında cəmiyyətin tələblərinə, elm və təhsilin o dövrkü inkişaf səviyyəsinə uyğun fomalaşdırılmış bir məzmundur. Sənayeləşmə dövründə bütün elm sahələri sürətlə inkişaf etdi. Xüsusən tətbiqi elmlər üzrə yaradılmış sahə institutları elmə böyük tövhələr verdi və bununla da fundamental elmlər bir-birindən uzaqlaşmağa başladı. Yəni elm artıq bir peşəyə çevrildi. Beləliklə, elm getdikcə bütövlüyünü itirdi və bu, təhsilin məzmununu da dəyişdirdi. Yəni, təhsilalan yalnız oyrənməli olduğu sahə üzrə biliklərə yiyələnməyə başladı və onların elmi dünyagörüşü də bu istiqamətdə formalaşdırıldı. Deməli, ilk növbədə təhsilin məzmununun elm və texnologiyanın müasir inkişaf səviyyəsinə uyğun, dünya elmi ilə ayaqlaşa biləcək keyfiyyətə gətirilməsi hazırda müasir təhsilin qarşısında duran ən aktual problemdir. Formaya gəldikdə isə, yuxarda dediyimiz səbəblərdən artıq diferensiallaşmış müasir təhsil getdikcə elektronlaşır, dərslərin isə informasiya texnologiyaları üzərindən xüsusi proqramlar vasitəsilə tədrisi zərurəti ortaya çıxır. Odur ki, hazırda təhsil infrastrukturunun müasir tələblərə uyğun yenidən qurulması və təhsildə aparıcı qüvvə olan təhsilverənlərin bütün bu dəyişikliklərə hazırlanması da təhsilin problemlərindən biridir.

Təhsilin pedaqoji-psixoloji problemlərini necə xarakterizə edərdiniz?

1. Uşaqlara qarşı yanlış münasibət.

– Bugünün şagirdləri son 10-15 ilin yeni və sürətli texnologiyaları ilə qarşılıqlı təmasda yetişən uşaqlardır. Təhsilverənlər isə tamam ayrı dövr, başqa təhsil mühiti və fərqli insan nəsli üçün hazırlanmış pedaqoji kadrlardır. Bax, son illərdə Azərbaycan məktəblərində baş verən bütün ziddiyyətlərin və uğursuzluqların kökündə mövcud təhsil sisteminin bu vacib faktoru inkar etməsi durur. Bu şagirdlərin fiziki, əqli və psixi göstəriciləri ilk baxışdan eyni görünsə də, onlarda sürət, dinamika və emosional durum tamam fərqlidir. Onların böyük əksəriyyətinə hazırda diqqət əksikliyi və hiperaktivlik sindromu diaqnozu qoyulur. Halbuki bu, onların təhsil müəssisəsinə gəldiyi ilk gündən düzgün seçilməyən tədris proqramının, hədsiz ağır təlim yükünün və yanlış pedaqoji-psixoloji yanaşmanın törətdiyi fəsadların nəticəsidir.

2. Uşaqlarda  zəka səviyyəsinə və intellekt tipinə görə fərqləndirmənin olmaması …

  • Fikrimcə, indi ölkə təhsilinin yuxarı pillələrində DİM-in ixtisas qruplarına görə seçmə və ya təmayülləşmə işinə əslində elə 1-ci sinifdən başlanılmalıdır. Çünki uşaqlar xarici görünüşcə necə fərqlidirlərsə, onların zəka səviyyələri və intellekt tipləri də mütləq fərqli olur. Odur ki, təhsilin ilkin pilləsində müvafiq psixodiaqnostik metodlarla şagirdlərin bu göstəriciləri müəyyən edilməli, böyük məktəblərdə siniflərin bölünməsi, qalan hallarda isə yarımqruplara bölünmə zamanı bunlar nəzərə alınmalıdır. Hazırkı dərsliklərdə olan böyük məzmun problemləri ilə yanaşı, onlar 2-ci, 3-cü dərəcəli informasiylarla da hədsiz yüklənib. Bütün bunlar bir yana, bu təlim yükü ilə  mövcud dərsliklər yuxarı intellekt səviyyəsi üçün tərtib olunduğundan, orta və aşağı zəka səviyyəli uşaqlar əksər hallarda onu yetirə bilmirlər.  Bizim məktəblərdəki mövcud şagird sıxlığını da nəzərə alsaq, belə yanaşma ilə şagirdlərin böyük bir qismi təhsilin elə erkən çağlarından xroniki geriqalmalarla təlim prosesindən qopurlar. Düzgün qurulmayan tədris metodikası və dediyimiz səbəblərdən sinifdə maraq və meylləri təmin olunmayan şagirdlər artıq orta siniflərdə hiperaktiv və diqqət pozğunluqlu, ya da çətin uşağa çevrilir.

Pedaqoji-psixoloji problemlərə heç də az əhəmiyyət daşımayan daha 3 amili də əlavə etmək olar.

  1. Fənlər arasında əlaqənin olmaması bütün təhsilin ən dərin problemlərindən biridir. 
  2. Təhsilin mövcud həyat reallığından və kontekstindən ayrılıb qopması.
  3. Yaradıcılığın minimuma enməsi.

Repetitorluq təhsilin inkişafına hansı ciddi maneələr yaradır?

– Repetitorluq əslində təhsili çökdürən səbəblərdən biridir, amma hazırda sadə vətəndaşdan başqa hamını qane edir:

– yarıtmaz təhsil siyasəti aparan və müəllimə layiqli  əməkhaqqı verə bilməyən hökuməti də;

– bərbad idarəçiliyi ilə qeyri-peşəkarlar yığıncağına çevrilmiş Təhsil Nazirliyini də;

– təhsili inhisarına alıb, sistemi hazırlıq kursları və repetitorluq şəbəkəsi vasitəsilə böyük bazara çevirmiş Dövlət İmtahan Mərkəzini də;

– təhsilin hazırkı durumunda öz funksiyasını qismən itirmiş və formal bir mərhələyə çevrilmiş orta məktəbləri də…

Ölkədə artıq peşəkar repetitorlar ordusu, bunker test müəllimləri yetişib. Bu bir yandan yaxşıdır ki, bu insanlar təhsilin bütün eyiblərini örtür, bu acınacaqlı durum dövlət rəhbəri səviyyəsinə gedib çıxmır. Bir yandan da, etiraf edək ki,  onlar xoş gündən bunu etmirlər, maddi rifahı yaxşı olan müəllim asudə vaxtını, sağlamlığını sərf edib niyə repetitorluq etsin ki?

 

KONKRET.az