Şou-biznes nümayəndələri Novruz bayramında başlarına gələn maraqlı hadisələri Moderator.az ilə bölüşüblər.
“Anam hər bayram bizim üçün təzə parça alıb, paltar tikərdi. Evdə xonça bəzədilirdi, müxtəlif şirniyatlar hazırlanırdı. İndiki kimi sifariş etmirdilər, hər kəs özü hazırlayırdı. Qardaşlarım tonqal qalayırdı, yadımdadır balaca idim, qucaqlarında tutub məni də üstündən hoppandırırdılar. Bir dəfə də həyətdə tonqal qalamışdıq. Böyük qardaşım tonqal hazırladı, yanacağı yerə töküb, tonqala qədər alışdırdı. Kibriti yanacağa vuran kimi qardaşım özü də alışıb yandı. Bayramı qanqaraçılıqla keçirdik, başımız ona qarışdı” deyə tanınmış aktrisa Məsumə Babayeva bildirib.
“Bu gün həm Novruz bayramı, həm də bacım İradənin doğum günüdür. Bizim ailəmiz üçün ikiqat bayramdır. Milli bayramımımız olan Novruzu çox sevirəm, Novruz həm də baharın müjdəçisidir. Bu il nəsə bahar gəlmək istəmir (gülür). Qar, yağış özü də ruzi-bərəkət deməkdir. Bayramları uşaqlıq, gənclik illərimizdə daha gözəl qeyd edirdik. Bir dəfə gedib qapı pusmuşdum. Dedilər ki, səni birdən gəlib aparacaqlar. Elə ondan sonra ailə həyatı qurdum” deyə xalq artisti Brilliant Dadaşova bildirib.
“Əvvəllər qapı pusmuşam, o zaman hələ orta məktəbdə oxuyurdum. Dedilər ki, get, darıxma, hər şey yaxşı olacaq. Bayram o vaxt daha maraqlı idi, tonqal qalanırdı, çıraqban edirdilər. İndi tonqalı çəkilişdən çəkilişə görürük. Uşaq idik, evdə həmişə bizə deyirdilər ki, yaxşı sözlər danışın, birdən gəlib qapı pusarlar. Xəstələrə, böyüklərə gedib dəyirdilər. Bunlar gözəl adətlərdir, amma istərdim ki, böyüklərə tək bayramlarda yox, bütün il boyu diqqət ayrılsın. Bu il atamsız ilk bayramı qeyd edirəm, bayramın dadı-duzu da onunla getdi. Allah bütün dünyasını dəyişən valideynlərə rəhmət etsin” deyə əməkdar artist Mətanət İsgəndərli deyib.
“Bu il Novruzu ailə üzvlərimlə birlikdə qeyd edirəm. Sevindirici hallardan biri də budur ki, oğlum xaricdən gəlib. Uzun müddətdir görmədiyim qohumlarıma baş çəkəcəm. Uşaqlığım Tovuzun Qaraxanlı kəndində keçib, ora ilə xatirələrim çoxdur. Hər çərşənbə günü həm də Novruz bayramında tonqal qalayırdıq. Qulaq falına çıxırdıq, eşitdiyimiz sözlərə görə sevinib yaxud da kədərlənirdik. Bakıda “papaq atdı” deyilir, amma rayonda əlimizdə torba idi, baca-baca gəzdirirdik. Xüsusi mahnımız da var idi, qapı-qapı gəzib oxuyurduq, ev sahibləri də bizə hazırladığı şirniyyatlardan verirdi. 10-15 uşaq bir-birimizə qoşulub, 4 kəndi gəzirdik. Axşam saat 7-də evdən çıxıb, gecə saat 11-də evə qayıdırdıq. Yalan olmasın, bəlkə də 4-5 kilo konfetlə qayıdırdıq evə. Kənddə ümumiyyətlə Novruz bayramı maraqlı qeyd olunurdu” deyə müğənni Afət Fərmanqızı bildirib.
“Novruz bayramını uşaq vaxtı çox arzulayırdım. Qoz-fındığı çox sevirdim. Əvvəllər elə idi ki, qoz-fındığı bayramdan-bayrama yeyirdik. Bayramqabağı uşaqlarla birgə oyunlar oynayırdıq, səhər tezdən evdən çıxırdıq, qonşuda yemək yeyib gəlirdik. Od çərşənbəsində lopa atırdıq. Bir dəfə lopanı fırladanda gedib qonşunun ot tayasına düşdü. Uşaqlarla birgə gedib söndürdük” deyə əməkdar artist Zakir Əliyev bildirib.
“O vaxt bayramlar bir başqa keçirdi. Bu gün o istilik, bayramlar yoxdur. 20 gün, 1 ay qabaq yumurta yığırdıq. İndi nə istəyirsənsə gedib marketdən alırsan, amma o vaxt düz bir il gözləməli idin ki, Novruz bayramı gəlsin, biz istədiklərimizi yeyək. Yemək hazırlanan kimi 10-15 qapıya aparıb verirdik. Bütün xalqımızı bayram münasibəti ilə təbrik edirəm, xəstələrə şəfa arzulayıram. İnşallah qardaşımız, tanınmış meyxana ustası Ağakərim də də sağalar, ayağa qalxar” deyə meyxanaçı Ağamirzə Məmmədov bildirib.
Follow @7timesaz